Mikrofon uzadılır. İllərlə topladığımız bilik, aldığımız təhsil, qazandığımız təcrübə bizi danışmaq həyəcanından xilas edə bilmir. Dilimiz topuq vurur, lüğət ehtiyatımız bir anda silinir, çətinliklə bir neçə anlaşılmaz cümləni titrəyən dodaqlarımızın “həbs”indən azad edə bilirik. Ya da “tələsirəm” bəhanəsi ilə özümüzü sığortalayıb mikrafondan yayınırıq.
Dəfələrlə rastlaşdığımız mənzərədir. Ən təəssüfləndirici tərəfi də ondadır ki, Azərbaycan əhalisinin 90 faizi savadlıdır, yüksək bilik və ya istedadı, qabiliyyəti ilə çox xalqdan irəlidədir. Amma danışmaqda “axsayırıq”, fikrimizi aydın və sərbəst şəkildə ifadə edə bilmirik.
Həsəd dolu müşahidələrimiz isə göstərir ki, Türkiyə ilə bənzər mədəniyyət, ortaq tarix və demək olar ki eyni dil daşıyıcısı olduğumuz halda danışmaqda bizdən xeyli peşəkardırlar. Müxtəlif sosial təbəqələrdən olan insanlar – sürücü, satıcı, tələbə, fəhlə fərq etməz hamısı öz fikrini rahat ifadə edir, mövqeyini bildirir, misal çəkir, etiraz edir.
Nədir səbəb? Niyə söz Azərbaycan insanının dilinin ucunda ilişib qalır?
Problem hər şeydən əvvəl ondadır ki, çox şey bilirik, amma bildiklərimizi sistemləşdirib çatdırmağı bacarmırıq. Mütəxəssislərə görə, nitq qabiliyyətinin müəyyən anadangəlmə əsasları olsa da, insanın fikrini sərbəst və aydın ifadə etməsi sonradan formalaşan bacarıqdır. Həmçinin, insanın psixoloji vəziyyətidir.
Nitq praktikası üzrə mütəxəssis, təlimçi Aydan Cəfərova Bizim.Media-ya bildirdi ki, ümumiyyətlə, yaxşı danışmaq üçün təkcə söz ehtiyatı kifayət etmir. Burada böyüdüyüz mühit mühüm rol oynayır.
“Əgər uşaq davamlı olaraq “sus”, “böyüklər danışır”, “sən hələ nə bilirsən?” kimi reaksiyalarla qarşılaşırsa, zamanla danışığından əmin olmamağa başlayacaq. Uşaqdan çox vaxt düzgün cavab tələb olunur, amma onun nə düşündüyü daha az soruşulur. “Bu nədir?” sualına cavab vermək öyrədilir, “Sən niyə belə düşünürsən?” sualı isə heç bir valideyni və müəllimi maraqlandırmır. Nəticədə düzgün cavab tapmaq bacarığı inkişaf edir, amma müstəqil fikir formalaşdırmaq və onu əsaslandırmaq bacarığı yerində sayır”.
“Azərbaycanlılar düşünə bilir, danışa bilmir”
Mütəxəssis deyir ki, bunun bir səbəbi də Azərbaycan təhsil mühitində uzun müddət əzbərçiliyin və hazır cavabların əhəmiyyətli yer tutmasıdır. Əzbərlənmiş məlumatı düzgün şəkildə təkrarlamaqla öz fikrini qurmaq eyni proses deyil.
Daha bir səbəb isə səhv etmək qorxusudur:
“İnsan danışanda deyəcəyi fikirdən çox özünün imicini, başqalarının onu, duruşunu necə dəyərləndirəcəyini düşünürsə, nitq təbii axarını itirir. Bu xüsusilə savadlı insanlarda yaranan ziddiyyətli haldır. İnsan nə qədər çox bilirsə, fikirləri bir o qədər dolaşır. “Bu barədə nə düşünürsünüz?” sualına, sanki dissertasiya müdafiə edirmiş kimi sanballı, bəzəkli ifadələr axtarır. Nəticədə isə gündəlik söz ehtiyatı istifadəsiz qalır.
Həmçinin bizdə emosional danışan adamı da ələ salıb “özünü göstərən” kimi qələmə veririk. Türkiyədə isə yüksək səslə, emosional, jestlərlə danışanlar sosial həyatda daha rahat qəbul olunur”.
Şəfiqə Şəfa, Bizim.Media