Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və yol kənarındakı bəzi obyektlərin sökülməsi nəzərdə tutulur.
Bizim.Media İTV-yə istinadən xəbər verir ki, küçədəki bəzi evlər ötən il sentyabrın 17-dən etibarən işarələnib.
Sakinlərin sözlərinə görə, onlara əvvəlcə kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib. Daha sonra isə ərazidəki və yaxınlıqdakı binalarda evlərin kvadratmetri hansı qiymətədirsə, kompensasiyanın da həmin qiymət əsasında hesablanacağı bildirilib.
Sakinlər söküntünün nə vaxt başlayacağı ilə bağlı dəqiq məlumat verilmədiyini deyiblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində tunel tipli yolötürücüsü, dairəvi hərəkətin təşkil olunduğu yolayrıcı, eləcə də Qaradağ istiqamətində yan yol yaradılacaq.
"Layihənin əsas məqsədi müxtəlif istiqamətlər üzrə nəqliyyat axınlarını ayırmaq və pik saatlarda yaranan sıxlığı azaltmaqdır. Məhəmməd Xiyabani küçəsində söküntü işlərinə yaxın bir-iki ay ərzində başlanılması planlaşdırılır. Layihənin 2030-cu ilə qədər tam yekunlaşdırılması nəzərdə tutulur", - deyə məlumatda bildirilib.
Bizim.Media