Ədliyyə orqanlarının tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələr veriləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyası çərçivəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlar penitensiar və tibb xidmətlərində vəzifələrə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun müvafiq xüsusi rütbələr veriləcək.
Ehtiyatda olan zabitlər penitensiar və tibb xidmətlərində vəzifələrə təyin olunduqda ilk xüsusi rütbə onlara hərbi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə bir pillə yüksək verilə biləcək.
Tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, penitensiar müəssisələrin tibb-sanitar hissələrində, habelə penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçəcəklər.
Tibb xidmətinin hərbi qulluqçularının xidmət keçmə qaydaları "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunları, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi" və digər normativ hüquqi aktlarla tənzimlənəcək.
Günay Şahmar, Bizim.Media