Mediada zaman-zaman estetik əməliyyat keçirdikdən sonra komaya düşən, həyatını itirən, şikəst olan insanlar haqqında xəbərlərə və ya əməliyyatın nəticəsindən narazı qalanların paylaşımlarına rast gəlirik. Bu cür hadisələr cəmiyyətdə peşəkar estetik və plastik cərrahların hansı təhsilə və ixtisasa sahib olması ilə bağlı suallar yaradır. Hətta bəzi hallarda estetik əməliyyat edən şəxslərin hər hansı tibbi ixtisası üzrə diplomunun olmadığı iddia olunur.
Məlumdur ki, ölkəmizdə estetik cərrahiyyə ayrıca bakalavr ixtisası deyil. Həkimlər bu istiqamətdə rezidentura səviyyəsində “Plastik, rekonstruktiv və estetik cərrahiyyə” ixtisası üzrə hazırlıq keçə bilərlər. Yəni bu sahə daha dar ixtisaslaşma kimi öyrənilir.
Bəs, estetik əmıliyyatlara bu qədər tələb olduğu halda niyə Azərbaycanda estetik və plastik cərrahiyyə ayrıca ixtisas kimi tədris olunmur?
Bizim.Media-ya danışan təhsil eksperti Məzahir Məmmədlinin fikrincə, əmək bazarında hər hansı bir istiqamət üzrə boşluq varsa və ya tələbat artırsa, peşəkar kadrların hazırlanması üçün müvafiq tədbirlər görülməlidir:
“Hazırda bu sahədə fəaliyyət göstərən sertifikatlı şəxslərin bir qismi Sankt-Peterburq, Moskva, Türkiyə və digər Avropa ölkələrində müəyyən müddət təlim keçərək sertifikat almış şəxslərdir.
Onların arasında ali tibbi təhsili olan həkimlər də var, amma tibbi təcrübəsi olmayan və birbaşa estetik prosedurlar, o cümlədən müxtəlif estetik əməliyyatlar həyata keçirən şəxslərə də rast gəlinir. Əlbəttə ki, bu da müəyyən hallarda mənfi nəticələrə gətirib çıxarır və biz artıq həm sosial şəbəkələrdə, həm də mediada belə hallarla qarşılaşırıq.
Yaxşı olardı ki, bu məsələ ilə bağlı dövlət səviyyəsində xüsusi proqram hazırlansın. Burada həm Səhiyyə Nazirliyi, həm də tibb təhsili verən kolleclər və universitetlər prosesə cəlb olunmalıdır. Yerli səviyyədə həmin sahə üzrə kifayət qədər mütəxəssis yoxdursa, bu boşluğu xarici mütəxəssislərin cəlb olunması ilə aradan qaldırmaq, yaxud yerli mütəxəssislərin xaricdə təcrübə keçməsini təmin etmək olar. Bu, ölkədə peşəkar kadrların formalaşmasına kömək edər”.
M.Məmmədli qeyd edir ki, bütün hallarda bu istiqamətdə ciddi ehtiyac var Nazirlər Kabineti də növbəti illər üçün bu məsələ ilə bağlı müəyyən tədbirlər görməlidir.
Tibb üzrə ekspert Rasif Bağırov isə bildirib ki, plastik və rekonstruktiv əməliyyatların əksinə estetik prosedurlar tibbi baxımdan məcburi deyil, bu, cəmiyyətin öz tələbidir:
“Estetik əməliyyatların heç biri tamamilə sadə əməliyyat deyil. Bunlar ciddi cərrahi müdaxilələrdir və müəyyən riskləri var. İnternetdə xüsusilə burun əməliyyatlarından sonra ölüm və qanaxma halları ilə bağlı məlumatlar yayılır. Elə fəsadlar baş verir ki, bəzən həkimlər belə onları izah etməkdə çətinlik çəkirlər. Halbuki bu sahəni bilən mütəxəssis həmin prosesin hansı səbəbdən yarandığını anlayır”.
Bu istiqamətdə bütün statistik məlumatlar vaxtında açıqlanmalıdır.
Ekspertin sözlərinə görə, insanlar statistik məlumatlarla tanış olmayanda “Burun əməliyyatında nə var ki?!” – deyə düşünürlər. Lakin belə əməliyyatlar zamanı hansı fəsadların yarana biləcəyindən xəbərsiz olurlar:
“Bu istiqamətdə dövlət, xüsusilə də Səhiyyə Nazirliyi tərəfindən ciddi nəzarət aparılmalıdır. Çünki hazırda ölkəmizdə məhz estetik əməliyyatlarla bağlı kifayət qədər sistemli baza yoxdur. Bu səbəbdən həkimlər estetik cərrahiyyəni öyrənmək üçün xarici ölkələrə üz tuturlar. Təbii ki, xaricdə ixtisaslaşıb geri qayıdan həkimlərə də nəzarət olunmalıdır. Onların həqiqətən bu əməliyyatları uğurla həyata keçirə bilib-bilmədiyi qiymətləndirilməlidir. Bunun üçün müvafiq nəzarət mexanizmi olmalıdır.
Bundan başqa, həmin həkimlər mütəmadi olaraq təkmilləşdirmə kurslarından keçməlidirlər. Təkcə konkret əməliyyat, məsələn, burun əməliyyatı üzrə kurs keçmək kifayət deyil. Əməliyyatdan sonra baş verə biləcək qanaxmalar, qanın laxtalanması ilə bağlı problemlər və digər mümkün fəsadlar barədə də həkimin geniş biliyi olmalıdır.
Məsələn, damar daxili disseminasiya olunmuş laxtalanma prosesi bəzi xəstələrdə əməliyyatdan sonra qəfil baş verə bilər. Belə hallarda ölüm riski çox yüksəkdir. Ona görə də həkim əməliyyatdan sonrakı mümkün fəsadları da vaxtında tanımağı və idarə etməyi bacarmalıdır”.
Xəstənin əməliyyatdan sonra klinikada nə qədər qalmalı olduğu düzgün müəyyən edilməlidir
R.Bağırov vurğulayır ki, şəxs tam stabil vəziyyətə gətirilmədən və səhhətinə əmin olunmadan evə buraxılmamalıdır. O hesab edir ki, bu səbəbdən estetik cərrahiyyə ilə məşğul olan həkimlər qanın xüsusiyyətləri, əməliyyatdan sonra yarana biləcək fəsadlar və digər mümkün risklərlə bağlı biliklərini daim təkmilləşdirməlidirlər. Bu sahədə yalnız estetik nəticəni deyil, xəstənin təhlükəsizliyini də təmin etmək əsas şərtdir.
Xədicə Paşayeva, Bizim.Media