Ali məktəbə qəbul olmaq hər bir gəncin həyatında yeni bir mərhələnin, böyük hədəflərə doğru aparan yolun başlanğıcıdır. Bu yola qədəm qoyan gənclərdən biri də şəhid mayor Sənan Zamanovun övladı Fidan Zamanovadır.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Quba Rayon Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu olan Fidan Zamanova 550 bal toplayaraq Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dövlət və ictimai münasibətlər ixtisasına qəbul olub.
Fidan Zamanovanın sözlərinə görə, ixtisas seçimi zamanı əsas məqsədi gələcəkdə özünü inkişaf etdirə biləcəyi və maraqlarına uyğun sahəni müəyyənləşdirmək olub.
“Əsas məqsədim seçdiyim sahəni dərindən öyrənmək, bu istiqamətdə bilik və bacarıqlarımı inkişaf etdirmək, gələcəkdə peşəkar və faydalı bir mütəxəssis kimi formalaşmaqdır. Düşünürəm ki, insan hansı sahəni seçməsindən asılı olmayaraq, həmin istiqamətdə daim öz üzərində çalışmalı, biliklərini artırmalı və qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlamalıdır”, — deyə Fidan Zamanova bildirib.
Fidan məktəb illərində də fəallığı ilə seçilən şagird kimi müxtəlif fəaliyyətlərdə, intellektual oyunlarda iştirak edib. Hazırda Fidanın ən böyük maraqlarından biri mütaliədir. O, asudə vaxtını kitab oxumağa ayıraraq müxtəlif sahələr üzrə biliklərini artırmağa çalışır. Qarşıdakı ali təhsil illərindən isə əsas gözləntisi həm nəzəri biliklər əldə etmək, həm də gələcək peşə fəaliyyəti üçün zəruri bacarıqlara yiyələnməkdir.
Fidan Zamanovaya təhsil yolunda uğurlar, seçdiyi sahədə yeni nailiyyətlər və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu