Yaşlı insanların “Ahıllar Evi”nə yerləşdirilməsi cəmiyyətimizdə birmənalı qarşılanmır. Belə hallarda çox vaxt həmin insanın övladları tərəfindən atıldığı düşünülür. Halbuki heç də hər zaman yaşlılar övladlarının onlardan imtina etməsi nəticəsində müəssisələrə yerləşdirilmir.
Burada bir çox səbəblər ola bilər. Məsələn, ailəsini itirən, övladı olmayan, heç vaxt ailə qurmayan, tək yaşayan və ya övladları xarici ölkələrə köçən ahılların da xüsusi baxıma və sosial xidmətə ehtiyacı ola bilər.
Bakıdakı ahıllar üçün sosial xidmət müəssisələrində bu kateqoriyadan olan insanların yaşayış, qidalanma, tibbi və sosial xidmətlərdən yararlanması təmin edilir.
Hazırda 214 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 110-u kişi, 104-ü qadındır.
Sosial Xidmətlər Agentliyindən İctimaiyyətlə əlaqələr və kommunikasiya deprtamentinin müdir müavini Sərvər Abdullayev Agentlik Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Bilgəh qəsəbəsində Agentliyin “Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi” fəaliyyət göstərir.
Burada stasionar formada sosial xidmətlər göstərilir, ahıllarla sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir. Sakinlər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər.
Eyni ehtiyaclar rayonlarda yaşayan ahıllar üçün də yarana bilər. Yaxınlarının yanında olmayan, gündəlik ehtiyaclarını qarşılamaqda çətinlik çəkən və ya sosial dəstəyə ehtiyacı olan yaşlı insanlar regionlarda hansı xidmətlərdən yararlana bilirlər?
Rayonlarda yaşlılar üçün ahıllar evləri və ya digər sosial xidmət müəssisələri fəaliyyət göstərirmi?
Sosial Xidmətlərdə Agentliyindən aldığımız məlumata görə, Agentlik tərəfindən mütəmadi olaraq respublika üzrə sosial xidmətə olan tələbat qiymətləndirilir və regionlarda olan tələbata əsasən müvafiq addımlar atılır.
“Hazırda Agentliyin sosial sifarişləri çərçivəsində respublikanın 6 şəhər və rayonunda ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir. Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Lənkəran, Qazax və Tovuz rayonlarında yerləşən bu mərkəzlərdə tənha ahıllara sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir.
Əmək qabiliyyətli ailə üzvləri ilə birgə yaşamayan 200-ə yaxın ahıl günərzi qayğı mərkəzlərinin xidmətləri ilə əhatə olunur.
Eyni zamanda respublikanın müxtəlif şəhər və rayonlarında Agentlik tərəfindən 3033 imtiyazlı şəxsə evdə (səyyar) sosial xidmət göstərilir. Onlardan 2814-ü ahıldır.
Bu xidmət çərçivəsində sosial xidmətçilər vətəndaşların evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində kömək göstərirlər”.
Bəs evi və ailəsi olmayan, yaxud qeyd etdiyimiz digər səbəblərdən tək və çarəsiz vəziyyətdə qalan rayon sakini ahıl insanlar harada yerləşdirilir?
“Belə insanların sayı çox az olduğu üçün Bakıdakı “Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi”nə yerləşdirilir”, - müavin bildirib.
Qeyd edək ki, Günərzi Qayğı Mərkəzi həssas qruplara aid şəxslərin gün ərzində qulluq, təhsil, psixoloji və sosial reabilitasiya xidmətləri ilə təmin olunduğu yarımstasionar müəssisədir.
Xədicə Paşayeva, Bizim.Media