Abituriyentlər ixtisas seçimi zamanı oxumaq istədiyi universiteti və ixtisası kodlaşdırırlar və yerləşdirmə də həmin ardıcıllığa uyğun aparılır. Lakin bəzi hallarda qəbul olduqdan sonra abituriyentlər həmin ixtisasda təhsil almaqdan imtina edirlər. Bu da başqa namizəd üçün yer itkisinə səbəb ola bilər. Məsələn, bir abituriyent oxumaq niyyətində olmdığı müəyyən ixtisası kodlaşdırır, qəbul olduqdan sonra Həmin müddətdə isə sözügedən ixtisası həqiqətən istəyən başqa bir abituriyent plan yerlərinin məhdudluğu səbəbindən həmin ixtisasa qəbul ola bilmir və seçim siyahısındakı növbəti ixtisasa yerləşdirilir. Sonradan boşalan yer isə artıq onun üçün heç bir məna daşımaya bilər.
Ali təhsil müəssisələrinə mövcud yerləşdirmə mexanizmini Bizim.Media-ya izah edən təhsil eksperti Ramin Nurəliyev bildirir ki, imtina edilən ixtisaslar sonradan boş qalan plan yerlərinə əlavə olunmur.
Bu baxımdan hər hansı abituriyentin istədiyi və qəbul şansının olduğu ixtisasda boş yer qalması nə dərəcədə ədalətli hesab oluna bilər?
R.Nurəliyevin sözlərinə görə, ixtisas seçimində 15 ixtisas yazan şəxs onları daha yüksək baldan zəifə doğru sıralayır. Arzuladığı yerə qəbul olmayanda isə qeydiyyatdan keçməməsi normal haldır və burada haqsızlıq yaxud da qeyri-obyektivlik yoxdur:
“Xüsusilə dördüncü qrupda buna daha çox rast gəlmək olur. Tibb və yaxud stomatologiyanı seçirlər, qəbul ola bilmədikləri təqdirdə başqa bir ixtisasa düşürlər və növbəti il təkrar hazırlaşıb tibbə müraciət etməyi düşünürlər. Ona görə də həmin qəbul olduqları yerdən imtina edirlər. Məsələn, bu, psixologiya, biotexnologiya və s. ixtisaslar ola bilir.
Dövlət İmtahan Mərkəzinin mexanizminin də problemi var. Türkiyə modelində sistem belədir ki, namizədlər qəbul olandan sonra ilkin qeydiyyat aparılır. Qeydiyyatdan keçməyənlərin yerləri artıq növbəti mərhələdə digər namizədlərə verilir ki, həmin yerlər boş qalmasın.
Bizdə də bu formada olmalıdır. DİM qeydiyyat mərhələsi bitdikdən sonra qeydiyyatdan keçməyənlərin yerlərini də boş qalmış yerlər kimi digər abituriyentlərə təqdim etməlidir. Lakin çox təəssüflər olsun ki, illərlə bunu deməyimizə rəğmən, hələ ki, bu proses həyata keçirilmir”.
Hətta prestijli ixtisaslarda da boş yerlər qalır
Ekspert qeyd edir ki, bəzən şəxs universitetdən özü imtina etmir. Portaldan ya düzgün qeydiyyatdan keçmir ya da son qeydiyyat tarixini qaçırır. Beləcə əmri universitetə getmir.
Xatırladaq ki, Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.
Xədicə Paşayeva, Bizim.Media