“Cari ilin ötən dövrü ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı “Ostankino” ət emalı müəssisəsindən idxal olunan ət məhsullarında, o cümlədə sosislərdə hər hansı uyğunsuzluq müəyyən edilməyib”.
Bunu Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova bildirib.
Məlumata görə, ət və ət məhsullarının idxalına yalnız həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilmiş müəssisələr olduğu təqdirdə icazə verilir.
“Bu məhsulların idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları təqdim etsin.
Məhsullar idxal olunduqdan sonra onlar üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri həyata keçirilir. Fiziki nəzarət zamanı məhsullar laboratoriya tədqiqatlarına (sınaqlarına), habelə sadə fiziki-kimyəvi analizlərə cəlb olunmaqla təhlükəsizlik göstəriciləri, o cümlədən salmonella, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər baxımından yoxlanılır”.
Qeyd olunub ki, Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ölkəyə idxal olunan və dövriyyədə olan məhsulları daim nəzarətdə saxlayır.
Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın Tver vilayətində "Papa mojet" sosislərində salmonella aşkar edilib. Sözügedən sosis məhsullarının ölkəmizdə də satışı həyata keçirilir.
Xədicə Paşayeva, Bizim.Media