Quba rayonunun meşəlik əraziləri yabanı halda bitən müxtəlif meyvə, giləmeyvə və bitkilərə zəngindir. Bəzi vətəndaşlar bu məhsulları şəxsi ehtiyacları, digərləri isə satış üçün toplayırlar.
Son günlər sosial şəbəkələrdə meşələrdən giləmeyvə, o cümlədən böyürtkən toplayan şəxslərin cərimələnməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar isə vətəndaşlar arasında narahatlıq və müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, sözügedən ərazidə yaşayan sakinlərin sözlərinə görə, yabanı meyvə və giləmeyvə toplayanlara bununla bağlı cərimə tətbiq edilmir.
"Heç bir narahatlıq yoxdur, cərimə edilmirik. Dərməsən xarab olur, üstünə yağış tökülür", - deyə satıcı yayılan məlumatların əsassız olduğunu bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov da bildirib ki, vətəndaşların meşədən meyvə və ya giləmeyvə toplamasına görə cərimələnməsi barədə hər hansı qərar mövcud deyil:
"Deyilənlər həqiqəti əks etdirmir. Belə bir qadağa və ya qərar yoxdur. Bu məsələ ilə bağlı vətəndaşlar arasında olan narahatlıq əsassızdır və gərginlik yaradacaq məlumatların yayılması düzgün hesab edilmir".
Daha ətraflı Baku TV-nun videosüjetində:
Bizim.Media