Kitab insanın dünyagörüşünü, düşüncə tərzini və maraq dairəsini formalaşdıran əsas vasitələrdən biridir.
Cəmiyyətin müxtəlif sahələrində qərarların qəbulunda iştirak edən deputatların hansı kitabları oxuduğu da maraq doğuran məsələlərdəndir.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “azxeber.com” Milli Məclisin deputatları arasında sorğu keçirib.
Millət vəkilləri ən çox sevdikləri və sonuncu dəfə oxuduqları kitabların adlarını açıqlayıblar:

Zahid Oruc: "Sonuncu oxuduğum kitab Məhəmməd Əsəd bəyin "Qafqazın on iki sirri” kitabıdır. Sevdiyim kitablar isə çoxdur. Xüsusilə Çapay Sultanovun müəllifi olduğu kitabların hamısını sevirəm”.

Razi Nurullayev: "Sonuncu oxuduğum kitab Abraham Linkolnun 1832-1865-ci illərdəki çıxışları və məktublarından ibarət kitab olub. İngilis dilində oxumuşam. Hazırda isə Meri Şellinin "Frankenşteyn” kitabını ikinci dəfə oxuyuram. Onu da ingilis dilində oxuyuram. Kitab oxumaq üçün hər zaman vaxt var, təki həvəs olsun”.

Fazil Mustafa: "Bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki ən çox sevdiyim kitab yoxdur, ümumiyyətlə, sevdiyim kitabların sayı minlərlədir. Hansınısa oxumuşam, hansınısa oxuya bilməmişəm. Ona görə də bir az çətinlik çəkirəm. Hər yaşın, hər dövrün öz kitabı olur. Məsələn, gənclik dövründə "Ovod”u sevirdim. Amma indi həmin kitabı oxumuram, maraq dairəmdə deyil. Tamamilə fərqli kitablar oxuyuram. Ona görə konkret bir kitabın adını söyləməkdə çətinlik çəkirəm. Demək olar ki, minlərlə kitab var və mən onları bir-birindən fərqləndirməyi doğru saymazdım”.

Elman Nəsirov: "Çox kitab oxumuşam, amma ən çox sevdiyim və sonrakı bütün siyasi fəaliyyətimdə mənə yol göstərən, faydalı olan kitab Henri Kissincerin məşhur "Diplomatiya” kitabıdır. Bu kitabı Bakı Dövlət Universitetində tələbə olarkən oxumuşdum. Təxminən 5-6 ay əvvəl isə yenidən oxudum. Bu dəfə onu tələbə gözü ilə deyil, artıq qazandığım təcrübə ilə oxudum. Kitabda ən çox xoşuma gələn fikirlərdən biri Çinlə Vyetnam arasında baş vermiş müharibə ilə bağlıdır. Müharibə başlayandan sonra Kissincerdən bunun səbəbləri və motivləri barədə soruşurlar. O isə "ola bilməz” deyir. Ona bildirirlər ki, bütün mətbuat müharibədən yazır, xəbərlər yayılıb və artıq bu, hamının bildiyi həqiqətdir. Kissincer isə yenə "ola bilməz” deyir. Ona deyirlər: "Siz bizi çaşdırırsınız. Real müharibə gedir, televiziya bundan danışır, görüntülər yayımlanır”. O isə bildirir ki, bu, ona görə ola bilməz ki, həmin hadisənin baş verməsi onların gündəliyində olmayıb. Mən tələbəlik dövründə bu kimi ifadələrə xüsusi diqqət yetirməmişdim. İndi isə həmin cümlələri oxuduqca onların tamamilə fərqli məna və məzmun kəsb etdiyini görürəm. Bu kitabı yenidən oxumaq insana dünyanı daha yaxşı dərk etməyə imkan verir”.

Naqif Həmzəyev: "Ən çox sevdiyim kitablar arasında Dr. Co Dispenzanın "Kendiniz Olma Alışkanlığını Kırmak: Zihninizi Yenileyip Yeni Bir Zihin Yaratmanın Yolları”, Stiven Kovinin "Yüksək effektli insanların 7 vərdişi” və Cheryl Simone ilə Sadhguru Jaggi Vasudevin müəllifi olduğu "Midnights with the Mystic: A Little Guide to Freedom and Bliss” kitabları var. Bu kitablar əsasən insanın özünü inkişaf etdirməsi, düşüncə tərzinin dəyişdirilməsi, daxili azadlıq, şüur və mənəvi rahatlıq kimi mövzulara həsr olunub”.

Fəzail İbrahimli: "Oxuduğum bütün kitabları sevirəm. Ən çox siyasi mövzulu, detektiv xarakterli və düşündürücü kitablarla maraqlanıram. Məsələn, amerikalı politoloq Noam Çomskinin əsərlərini çox bəyənirəm. Stalin, Hitler və digərləri, Robert Takerin "Hakimiyyətə yol: Stalin və Hitler” kimi bu xarakterli kitabları xüsusilə sevirəm. Bundan başqa, Çingiz Abdullayevin kitablarının, demək olar ki, hamısını oxumuşam. Bu xarakterli, insana düşünmək imkanı verən kitablara lap əvvəldən meyilli olmuşam. Hazırda isə Xalid Hüseyninin "Çərpələng uçuran” kitabını oxuyuram. Maraqlı kitabdır. Boş vaxtım olanda bədii ədəbiyyatla da maraqlanıram”.

Nəsib Məhəməliyev: "Sevdiyim kitablar çoxdur. Ötən həftə oxuduğum son kitab şəxsiyyətinə hörmət etmədiyim keçmiş dövlət başçısının yazdığı memuardır. Reklam olmasın deyə adını çəkmirəm”.

Hikmət Babaoğlu: Ən son oxuduğum Yuval Noah Hararinin "Sapiens: Bəşəriyyətin qısa tarixi” adlı kitabıdır. Ən çox sevdiyim kitablar isə tarixi və milli kimliyi öyrədən kitablardır. Bu istiqamətdə ən son mütaliə etdiyim kitab Yusuf Halaçoğlunun "Anadolu Aşiretleri, Boyları ve Etnik Yapısı” kitabıdır.

Ceyhun Məmmədov: "Qeyd edim ki, adətən çalışıram fərdi inkişafla bağlı kitablar oxuyum. Son vaxtlar əsas üstünlüyü bu tip kitablara verirəm və hesab edirəm ki, fərdi inkişaf kitabları çox önəmlidir. İndi isə mənim oxuduğum kitab Piter Drakerin "Effektiv icra” kitabıdır. Liderlik, liderlik haqqında Harvard Universitetinin hazırladığı bir kitabdır. Bu kitabda ümumiyyətlə idarəetmə, idarəetmənin sirləri barədə geniş məlumat verilir. Və düşünürəm ki, hər bir insan fərdi inkişafla bağlı kitab oxumalıdır".
Bizim.Media