Ravil Tağıyev Yeni Klinikanın İqtisadi məsələlər üzrə direktor müavini vəzifəsindən ayrılmasının səbəblərini açıqlayıb.
Bizim.Media-nın məlumatına görə, o, “iqtisadiyyat.az” a açıqlamasında deyib ki, Yeni Klinikadaki işindən öz xahişi ilə ayrılıb.
İşdən ayrılmasına qərar verməsinin iki başlıca səbəbinin olduğunu vurğulayan Ravil Tağıyev bildirib ki, böyük övladı bu ildən ABŞ-nin Florida ştatında ali təhsil almağa başlayır. Özü isə hələ ötən ilin may ayında “Green Card” proqramının qalibi olub.
Buna görə də o, bu ilin iyul ayında öz istəyi ilə vəzifəsindən ayrılması ilə əlaqədar ərizə yazıb:
“İyulun 31-də rəhbərlik mənim ərizəmə müsbət cavab verib. Baxmayaraq ki, klinikanın yeni rəhbərliyi də mənim qalmağımı istəyirdi. Təkcə Yeni Klinika deyil, uzun illər dərs dediyim İqtisad Universiteti və son günə gədər işlədiyim Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi də fəaliyyətimi həmişə yüksək qiymətləndirib və hər üç qurumun rəhbərliyindən də çox məmnunam”.
Xatırladaq ki, Ravil Tağıyev dövlət xətti ilə doktorantura ixtisası üzrə (Səhiyyə təşkilatlarının idarə edilməsi) Türkiyədə təhsilinə icazə verilən ilk azərbaycanlıdır.
O, Azərbaycan tarixində ilk dəfə bu ilin iyul ayının əvvəlində Bakıda keçirilmiş və 10 ölkənin təmsil olunduğu 1-ci Türkdilli, 1-ci Xəzəryanı və 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresinin təşkilat komitəsinin sədri olub.
1997-2001-ci illərdə Türkiyənin Konya şəhəri, Səlcuk Universitetində menecment üzrə bakalavr təhsili alan Ravil Tağıyev 2001-2005-ci illərdə Ankara Universitetində biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. 2005-ci ildən Ankara Qazi Universitetinin (Ankara Hacı Bayram Veli Universiteti) doktorantı olan Ravil Tağıyev əmək fəaliyyətinə 2008-ci ildə Ankarada, Universitet xəstəxanasında başlayıb. 2011-ci ildə o, Azərbaycana qayıdaraq 2024-cü ilin fevral ayına qədər Modern Hospitalda icraçı direktor olaraq fəaliyyət göstərib.
Ravil Tağıyev Yeni Klinikada çalışdığı dövrdə də paralel olaraq elmi-pedoqoji fəaliyyətlə məşğul olub və Azərbaycan Dövlət İqtisad Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ixtisası üzrə müəllim kimi fəaliyyət göstərib.
Azərbaycanda və xaricdə bir çox məqalələri yayımlanan Ravil Tağıyev eyni zamanda 4 dissertasiya işinin rəhbəridir.
Bizim.Media