Bir müddətdir ki, tanınmış hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin səhhətində problemlər var.
Xatırladaq ki, vəkil 2024-cü ildə həm infarkt, daha sonra isə insult keçirib.
Uzun müddətdir ictimai fəaliyyəti ilə məşğul olmayan tanınmış vəkilin səhhəti ilə bağlı cəmiyyətdə maraq yaranıb.
Hazırda onun səhhətinin necə olduğu, vəziyyətinin hansı istiqamətdə dəyişdiyi və müalicəsinin davam edib-etmədiyi ilə bağlı məlumat almaq üçün oğlu, vəkil Ruslan Mustafazadə ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, tanınmış vəkilin səhhəti orta-stabildir, müalicəsi davam edir:
"Müalicəsi əsasən təzyiqi ilə bağlıdır. Çünki təzyiqi daim normada qalmalıdır, əgər artarsa, insult təhlükəsi yenidən yarana bilər. Buna görə də əsas olaraq təzyiqini normada saxlamaq üçün müalicə alır. İnsult keçirdiyi üçün beynində müəyyən zədələnmələr var, bu zədələrin artmanası üçün beyinlə bağlı dərmanlar da qəbul edir".
Ruslan Mustafazadə qeyd edib ki, atasının fiziki olaraq hərəkətində problem yoxdur.
"Sadəcə danışanda, tələsəndə bir az qüsur hiss oluna bilər. Özü də çətinliklə də olsa, telefonla danışa bilir. Bundan sonra da özünü daim qorumalı, müalicəsini davam etdirməlidir".
Nəzrin Mirzəyeva, Bizim.Media