Sakit okeanda “El Nino” hadisəsinin son 150 ilin ən güclüsü olacağı barədə xəbərdarlıqlar artır. Proqnozlara görə, okeandan atmosferə böyük miqdarda istiliyin ötürülməsi qlobal istiləşmə ilə üst-üstə düşərək 2027-ci ilin rekord isti illərdən biri olmasına səbəb ola bilər.
Bəs “El Nino” nədir və onun güclənməsi hava şəraitinə necə təsir göstərə bilər? 2027-ci ildə bizi anomal istilər, quraqlıq və digər ekstremal hava hadisələri gözləyirmi?
Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan iqlimşünas, ekoloq Məhərrəm Mehdiyev deyib ki, bu məsələdə alimlər də, praktiklər də, elmi tədqiqat aparan mütəxəssislər də ikitərəfli fikirlər səsləndirirlər:
“Yəni bəziləri hazırda alimlərin verdiyi proqnozları dəstəkləyir, bəziləri isə bu məsələyə bir qədər skeptik yanaşır. Mənim apardığım tədqiqatlar və əldə etdiyim biliklər onu göstərir ki, rekord istilərlə bağlı gözləntilər bir qədər şişirdilib. İstilər ola bilər, ancaq bunun rekord həddə çatacağı, fikrimcə, o qədər də gözlənilən deyil”.
“El Nino” hadisəsinə gəlincə, ekoloq bildirib ki, bu hadisə Sakit okeanda, Çili sahillərinə yaxın ərazidə baş verir:
“Orada isti hava kütləsi yaranır. Bunun necə formalaşması ilə bağlı isə hələ də tam dəqiq və sübut olunmuş məlumatlar yoxdur. Hesab olunur ki, Sakit okeanda yaranan isti hava kütləsi Amerika qitəsinə doğru hərəkət edir, Karib adaları və ekvatoru keçərək Avropaya, daha sonra isə bizim tərəflərə gəlib çatır.
“El Nino” ümumilikdə, Sakit okeanın Çili sahillərinə yaxın ərazilərində baş verən istiləşmə hadisəsidir. Güman edilir ki, hazırkı “El Nino” ilə bağlı məlumatlar ötən ilin sentyabr-oktyabr aylarında əldə edilmiş və açıqlanmışdı. Bu hadisənin ömrü təxminən 11-12 ay çəkir. Beləliklə, onun rekord həddə çatması ilə bağlı ciddi şübhələrimiz var. Çünki “El Nino” hadisəsindən sonra “La Nina” hadisəsi baş verir ki, bu da temperaturu yumşaldaraq soyuma istiqamətində dəyişiklik yaradır”.
İqlimşünas hesab edir ki, qarşıdakı dövrdə müşahidə olunacaq temperatur təxminən indiki istilər səviyyəsində olacaq:
“Sentyabrın 15-20-nə qədər temperaturun təxminən 25-30 dərəcə arasında qalacağı ehtimal olunur. Bakıda isə vəziyyət bir qədər fərqlidir, çünki burada bürkü yüksəkdir. Rütubət artdıqca dənizin istiliklə əlaqədar buxarlandırdığı nəm havadakı istiliyin təsirini saxlayır və bu proses oktyabra qədər davam edə bilir”.
Bizim.Media