Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin iyul ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.
AQP-dən bildirilib ki, iyul ayında daşınmaz əmlak bazarında vahid qiymət dinamikası müşahidə olunmayıb.
Məsələn, kommersiya obyektlərinin satış bazarında kəskin azalma qeydə alınıb. AQP Kommersiya İndeksi aylıq 7,5 faiz azalaraq 97,0 bənd təşkil edib. Median qiymət 2 828,6 manat/m², orta qiymət 3 048,7 manat/m², orta çəkili qiymət isə 2 220,8 manat/m² olub. İndikativ diskont 9,8 faizə yüksəlib.
Eyni zamanda kommersiya obyektlərinin icarə indeksi isə 7,4 faiz azalaraq 97,1 bəndə enib. Bu seqmentdə median icarə haqqı 14,81 manat/m², median icarəyəvermə müddəti 11,3 gün, indikativ diskont isə 10,5 faiz olub.
Doğrudanmı kommersiya obyektləri ucuzlaşır?
Mövzuyla bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, iyul ayında kommersiya obuektlərinin ucuzlaşması haqqında yayılan məlumat həqiqəti əks etdirmir:
“Hər hansı bir seqmentdə, bazarın hər hansı bir hissəsində bir obyekt satılmırsa və onun qiymətində 5-10 faiz ucuzlaşma baş verirsə, bunu ümumi bazara şamil eləmək doğru deyil. İstənilən halda qiymət artımının da, qiymət azalmasının da iqtisadi əsasları olmalıdır. Bu mənada yeni tikililərdə tikinti xərcləri aşağı düşmürsə, torpaq sahəsinin qiyməti günbəgün artırsa, istehsalat və kommersiya istiqamətlərində yeni layihələr icra olunursa, hər hansı bir iqtisadi tənəzzül ortada yoxdursa və manatın xarici valyutalar qarşısında məzənnə itkisi yoxdursa, o zaman hansısa ucuzlaşmaqdan danışmaq doğru deyil.
Üstəlik işğaldan azad olmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Buna milyardlarla vəsait xərclənir. Bazara bu hesaba böyük pullar daxil olursa, daşınmaz əmlakın ucuzlaşma ehtimalı yoxdur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq bildiririk ki, yay aylarında daşınmaz əmlak bazarında xüsusi aktivlik müşahidə olunmasa da hər hansı seqment üzrə ucuzlaşma qeydə alınmayıb. Hər hansı bir kommersiya obyektini bazar qiymətindən baha təklif olunursa və sonda real qiymətə satılırsa bu hələ ucuzlaşma demək deyil. Bu ən yaxşı halda kommersiya obyektlərinin qiymətində müəyyən korreksiyaların aparılması və bazarın gəlirlik göstəricisini uyğunlaşması deməkdir”.
Müsahibimiz əlavə edib ki, kommersiya obyektlərinin real qiymətini gəlirlilik əmsalı müəyyən edir:
“Yəni obyekt nə qədər çox qazanc gətirirsə, həmin obyekt bir o qədər bahalı hesab olunur. Bu gün iş adamları daha ucuz və sərfəli kommersiya obyektləri axtarırlar. Bu da o demək deyil ki, kommersiya obyektləri ucuzlaşır. Əksinə kommersiya obyektləri hər zaman olduğu kimi bugün də ofis və mənzil kirayəsi ilə müqayisədə daha sürətlə bahalaşır”.
Surxay Atakişiyev, Bizim.Media