Abşeron rayonunun Qobu qəsəbəsində sakinlər su problemi ilə üz-üzə qalıblar.
Bizim.Media xəbər verir ki, Süleyman Sani Axundov küçəsinin sakinləri bildirirlər ki, artıq üç aydır mənzillərinə içməli su verilmir. Yay aylarında yaranan bu vəziyyət onların məişət həyatını daha da çətinləşdirib.
Sakinlərin sözlərinə görə, küçədə yol və infrastrukturla bağlı bir sıra problemlər olsa da, hazırda əsas narahatlıq su təminatının olmamasıdır. Onlar iddia edirlər ki, yay mövsümü başlayandan su tamamilə kəsilib və bu müddət ərzində ehtiyaclarını su maşınları vasitəsilə ödəməyə məcbur qalıblar.
Sakinlərin bildirdiyinə görə, bir su maşını 70 manata başa gəlir və hər həftə sifariş verməli olurlar. Bu isə ailə büdcəsinə əlavə yük yaradır. Onların sözlərinə görə, küçədə mövcud su xətti də vaxtilə şəxsi vəsaitləri hesabına çəkilib. Bir müddət su verilsə də, son üç ayda təchizat tamamilə dayanıb.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı icra hakimiyyətinə və bələdiyyəyə dəfələrlə müraciət etsələr də, problem hələ də həll olunmayıb.
Bizim.Media