Xəbər verdiyimiz kimi, Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri, “Qara Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov vəfat edib.
Bizim.Media “axar.az”a istinadla keçmiş nazirin dosyesini təqdim edir:
Tofiq Hüseynov 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub.
Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Tovuz rayonunda başlayıb, müxtəlif istehsalat və təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb.
1989-cu ildən Azərbaycan Xalq Hərəkatına qoşulub, Tovuzda AXC təşkilatının yaradıcılarından və fəallarından biri olub.
1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tofiq Hüseynov, 1993-cü il martın 4-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə gətirilib.
Həmin ilin iyununda isə Qərb bölgəsi üzrə Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.
1994-cü ilin mart ayında qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilən Tofiq Hüseynov 1995-ci ilin yanvarında azadlığa buraxılıb. Sonrakı illərdə Müsavat Partiyasında fəaliyyət göstərib, partiyanın Məclis və Divan üzvü, başqan müşaviri olub. Daha sonra partiyadan ayrılıb.
Bizim.Media