Elmi işi ilə deyil, SSRİ-dən qeyri-adi qaçışı ilə dünya şöhrəti qazanmış alim Stanislav Kurilov... O, kruiz gəmisindən tullanaraq üç gün ac-susuz, yuxusuz Sakit Okeanı üzüb Filippinin cənubunda yerləşən Siarqao adasına çatmışdı. Bu gün qeyri-adi qəhrəmanın 90 yaşı tamam olur.
13 dekabr 1974-cü ildə okeanoqraf Stanislav Kurilov nəinki Sovet, ümumilikdə dünya tarixinin ən ekstremal qaçışlarından birini həyata keçirdi. O, kruiz gəmisindən okeana tullandı, Sakit Okeanda 100 kilometr üzərək Filippin adasına çatmağı bacardı və siyasi sığınacaq istədi.
Onu bu qaçışa nə vadar etmişdi?
Axı o, nə dövlət qulluqçusu, nə də kəşfiyyat agenti idi, heç siyasətlə də işi olmazdı. Kurilov sadəcə alim idi – okeonologiya sahəsini əzbər bilən və öz işini sevən alim. Onu SSRİ-dən incidən yenə də elmə olan sevgisi idi. Beynəlxalq tədbirlərdə iştirak etməyə qoymurdular. Dünya okeanlarını kasad, yerli araşdırmalarla öyrənmiş alim okeanlara açılmaq istəyirdi. Arzusuna da çatdı: hər halda alim kimi olmasa da üzgüçü kimi okean sularının dadını üç gün-üç gecə dodaqlarında hiss etdi.
Kurilovun bacısı Hindistan vətəndaşı ilə evləndikdən sonra oraya köçmüş, ordan da Kanadada yerləşmişdi. Leninqrad Hidrometeorologiya İnstitutunu Okeanologiya ixtisası üzrə bitirən Kurilov SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun yerli filialında çalışır və eyni zamanda Vladivostokdakı Dəniz Biologiyası İnstitutunda dalğıclıq üzrə müəllim işləyirdi. Dəfələrlə xarici ölkələrə dəvət olunmuşdu. Amma səyahət qadağası karyerasını məhv edirdi.
SSRİ-dən qanuni olaraq çıxa bilməyən Kurilov qaçış planı hazırladı.
Bu, əslində dəlilik idi: Sovet gəmisindən açıq okeana, xüsusən də gecənin qaranlığında tullandıqdan sonra, qeyri-müəyyənliyə üzmək – intihar idi. Planını həyata keçirmək üçün Kurilov kruiz gəmisinə bilet aldı və turistləri heç bir limandan keçmədən Vladivostokdan ekvatora qədər və geri aparmalı olan Sovet İttifaqı laynerinə mindi. Marşrutda "xarici dünya" ilə əlaqənin olmaması səbəbindən gəmiyə minmək üçün çıxış vizası tələb olunmurdu. Səyahət bahalı idi və varlı Sovet vətəndaşları əyləncə fürsətindən istifadə etməyə can atırdılar.
"Məndə yalnız xəritə və durbin var idi. Suya atılmazdan qabaq dostlarımı düşündüm. Bir neçə gündən sonra Filippin sahillərində itkin düşdüyüm xəbərini alacaqlarını təsəvvür etmək çətin idi." – deyə o, illər sonra yazdığı "Okeanda tək: Ağlasızmaz qaçışın hekayəsi" bestsellərində deyir...
Gəminin təxmini marşrutunu təhlil etdikdən sonra Kurilov quruya ən yaxın nöqtəni dəqiqləşdirdi. 38 yaşlı okeanoqrafın öz bacarıqlarına şübhəsi yox idi. Uşaqlıqdan bəri əla üzgüçü idi və yeniyetmə oğlan ikən İrtış çayını üzüb keçmişdi. Əlbəttə ki, çayın şəhər hüdudları daxilindəki eni Yer kürəsinin ən böyük okeanı ilə müqayisədə heç nə idi.
O gecə Tanrı ən dəli elm fədaisini məxsusi qorudu
Beləliklə, dekabr gecəsində Kurilov ulduzsuz səmanın fürsəti ələ keçirərək 12 metrdən çox hündürlükdən suya tullandı. Az qalmışdı ki, gəminin pərlərinə ilişib əzilsin, son anda xilas oldu. Bu hadisəyə qədər ən yaxşı üzgüçülər 25 kilometrlik məsafədə medallar uğrunda yarışırdılar. Onlar isti hidrokostyumlar geyinirdilər və rahatlıqları üçün su meduzalardan diqqətlə təmizlənirdi.
Amma Kurilovun üzgüçü kimi nadir dözümlülük və bacarıqdan başqa heç nəyi yox idi. Onun hesablamalarına görə, o, cəmi 18 kilometr üzməli idi. Lakin yanılmışdı, nəinki 25, 38, 48... düz 100 km üzməli oldu. Amma bacardı. Bu işdə tanrı da ona kömək oldu. Çünki adının sakitliyinə aldanmayın. Sakit Okean ən çılğın okeanlardandır. Bu üç gün ərzində nə fırtına qopdu, nə meduzalar ətinə yapışdı, nə də akulalar ona dəydi, bu sadəcə möcüzə idi. O gecə Tanrı yaratdığı ən dəli, ən cəsarətli elm fədaisini məxsusi qoruyurdu!
Sahilə çatanda Filippin hüquq-mühafizə orqanları tərəfindən qanunsuz yolla keçdiyinə görə saxlanıldı.
Üstündə şəxsiyyətini təsdiq edən sənədini belə götürməmişdi. Buna görə də 6 ay həbsxanada taleyi ilə bağlı Filippin hökumətinin verəcəyi qərarını gözlədi. Nəhayət Kanadaya, bacısının yanına getməyə icazə verildi. İlk illərdə öz sahəsinə görə iş tapa bilmədiyi üçün bacısına yük olmamaq üçün pizzaçıda işləyərək dolanışığını təmin etdi.
Daha sonra savadı, bacarıq və qabiliyyətləri bu qəribə kişinin adi pizzaçı olmadığını göstərdi. Havay adaları sahillərində dəniz tədqiqatları üzrə ixtisaslaşmış bir şirkət tərəfindən aşkar edildi. 10 il burda yaşayıb çalışdıqdan sonra İsrailin Hayfa Okeanoqrafiya İnstitutunda iş və gələcək həyat yoldaşını tapdı.
Taleyin qəribə dönüşü olur, bəzən anlamaqda çətinlik çəkirik.
Amma xalqın dediyi kimi su səhəngi suda sınar: dünyanın ən böyük okeanını fasiləsiz üzüb keçən adam, İsraildə kiçik bir göldə üzərkən boğularaq öldü. Hadisə 1998-ci ildə baş verdi. Onun artıq 60 yaşı vardı, əvvəlki gücdə deyildi. Üstəlik gölün dibindəki balıq torlarına ilişərək çıxa bilməmiş, boğulmuşdu.
Yeri gəlmişkən Sovet İttifaqında Stanislav Kurilovun itkin düşmədiyi, qaçdığı bəlli olanda, dövlətə xəyanətə görə qiyabi olaraq on il həbs cəzasına məhkum edilmişdi. İttifaq dağılandan sonra isə Rusiyanın fəxrinə çevrildi...
Şəfiqə Şəfa, Bizim.Media