Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) naməlum şəxslərin qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoşəkilləri süni intellekt proqramlarından istifadə edərək üzərinə nalayiq ifadələr yazdıqları, həmin görüntüləri müxtəlif sosial media platformalarında yaydıqları və bu görüntülərin silinməsi müqabilində zərərçəkənlərdən pul tələb etdikləri barədə məlumatlar daxil olub.
DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınlara məxsus fotoları süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz məzmunlu informasiyalar əlavə ediblər.
Daha sonra saxta hesablar vasitəsilə bu görüntüləri sosial şəbəkələrdə yayımlayıb silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.
Bizim.Media