Səs yazısı və video görüntülər uzun müddət ən etibarlı sübut vasitələrindən biri hesab olunub. Lakin süni intellekt və deepfake texnologiyalarının inkişafı ilə bu materialların saxtalaşdırılması xeyli asanlaşıb. Nəticədə, insanın demədiyi sözləri demiş, etmədiyi hərəkətləri etmiş kimi göstərmək mümkün olur.
Belə şəraitdə məhkəmələrə təqdim edilən audio və video materialların həqiqiliyi artıq xüsusi ekspertiza vasitəsilə yoxlanılır və onların sübut kimi qəbul olunması daha ciddi qiymətləndirmə tələb edir.
Mövzu ilə bağlı hüquqşünas Rafiq Alışov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu tip materiallar hazırda da, xüsusilə borc münasibətləri və bəzi cinayət işlərində sübut kimi təqdim olunsa da, onların etibarlılığı ayrıca araşdırılır.
“Səs və video materiallar həm ibtidai istintaqda, həm də məhkəmədə sübut kimi qəbul oluna bilər. Bunun üçün həmin materialın əldə olunma mənbəyi göstərilməlidir. Yəni görüntü və ya səs yazısının hansı telefondan, hansı nömrədən, kimə məxsus sosial media hesabından əldə edildiyi, göndərildiyi və ya təqdim olunduğu müəyyən edilməli və təsdiqlənməlidir”.
O bildirir ki, süni intellekt vasitəsilə hazırlanmış səs və ya video materialın kim tərəfindən yayıldığı və hansı səhifədə yerləşdirildiyi müəyyən edilərsə, həmin məlumatlar araşdırılaraq qiymətləndirilə bilər.
“Məhkəmə səs və görüntülərin həqiqiliyini müəyyən etmək üçün linqvistik və digər ekspertizalar təyin edilir. Bu ekspertizalar vasitəsilə səsin konkret şəxsə məxsus olub-olmaması araşdırılır”.
R.Alışov vurğulayır ki, məhkəməyə saxta səs və ya video hazırlayan və təqdim edən şəxslər üçün qanunvericilikdə cinayət məsuliyyəti nəzərdə tutulur”.
Xədicə Paşayeva, Bizim.Media