"Son beş ildə müəllimlərin 90 faizi sertifikatlaşdırma prosesindən uğurla keçib, 91 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib".
Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesinə 2022-ci ildə başlanılıb. İlk mərhələdə ibtidai sinif müəllimləri Bakı, Sumqayıt, Quba, Xaçmaz və Gəncədə sertifikatlaşdırmaya cəlb olunub. Sonrakı mərhələlərdə isə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, xarici dillər, biologiya və digər fənlər üzrə müəllimlər imtahanda iştirak ediblər.
Emin Əmrullayev qeyd edib ki, 2022–2026-cı illərdə ümumilikdə 104 min 435 müəllim azı bir dəfə sertifikatlaşdırma prosesində iştirak edib. Onun sözlərinə görə, 60 yaşdan yuxarı müəllimlərin prosesdə iştirakı könüllü olub. Nazir əlavə edib ki, son beş ildə təhsil sistemində fəaliyyət göstərən hər beş müəllimdən biri yeni müəllimdir.
Nazirin sözlərinə görə, sertifikatlaşdırma nəticəsində 104 min 435 müəllimdən 60 min 818 nəfərin əməkhaqqısı 10 faiz, 30 min 590 nəfərin əməkhaqqısı isə 35 faiz artırılıb. Ümumilikdə 91 min 408 müəllimin əməkhaqqına əlavələr edilib.
Emin Əmrullayev bildirib ki, birinci mərhələdə keçid balını toplaya bilməyən müəllimlərin payı 4 faiz, ikinci cəhddən sonra isə 9 faiz təşkil edib.
O qeyd edib ki, müəllimlərin 29 faizi 51 və daha yüksək, 58 faizi isə 30-50 bal toplayıb. Nazirin sözlərinə görə, ümumilikdə hər 10 müəllimdən 9-u sertifikatlaşdırma prosesini uğurla başa vurub.
Qeyd edək ki, tədbir bu gün ADA Universiterində baş tutub. Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev tərəfindən müəllimlərin sertifikatlaşdırılması prosesinin 5 illik nəticələri, birinci dövriyyənin yekunu barədə təqdimat edilib.
Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media