Ali təhsil müəssisələrinə qəbul mərhələsinin yaxınlaşması ilə yataqxana məsələsi yenidən aktuallaşır. Xüsusilə bölgələrdən Bakıya təhsil almağa gələn minlərlə tələbə üçün yaşayış yeri ən vacib problemlərdən biridir. Paytaxtdakı dövlət universitetlərinin yataqxanaları həm yerləşmə, həm də kommunal xərclər baxımından tələbələr üçün daha sərfəli alternativ hesab olunur.
Bəs tələbə yataqxanaları üçün hansı meyarlar əsas götürülür?
Mövzu ilə bağlı universitetlərə ünvanladığımız sorğudan məlum olub ki, qəbul zamanı üstünlük şəhid və qazi ailələrinin üzvlərinə, müharibə iştirakçılarına, valideyn himayəsindən məhrum olmuş şəxslərə və digər sosial həssas kateqoriyalara verilir.
Belə ki, ölkənin ilk və ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, universitetin Tələbə Evi 220 nəfərlikdir:
“Burada çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları kimi hər bir şərait var. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş və sosial həssas qrupa aid olanların övladları qəbul edilir. Həmçinin əcnəbi tələbələrə də yer ayrılıb”.
Bakı Mühəndislik Universitetinin Mətbuat xidmətindən isə məlumat verilib ki, universitet kampusunda oğlan və qız tələbələr üçün iki böyük yataqxana fəaliyyət göstərir:
“Yataqxanaya qeydiyyat zamanı şəhid ailəsi üzvü, Qarabağ müharibəsinin iştirakçısı olan şəxslərə üstünlük verilir. Müraciət edənlərin hamısının yerləşdirilməsi üçün müvafiq işlər görülür. Tələbat yüksəkdir və hazırda yataqxanalar bu tələbatı ödəyir. Xarici tələbələrin təminatına da xüsusi həssaslıqla yanaşılır. Hazırda yataqxanalarda 72 əcnəbi tələbə qalır və onlardan 55-i oğlan, 17-si isə qızdır”.
Bakı Ali Neft Məktəbində Tələbə evinə yerli tələbələrin qəbulu zamanı əsasən rayon qeydiyyatında olan və Bakı şəhərində daimi yaşayış yeri olmayan tələbələrin nəzərə alındığı qeyd olunub:
“Yataqxanada yerləşdirilmə ilə bağlı daxil olan müraciətlər hərtərəfli araşdırılır və tələbələrin yerləşdirilməsi təmin edilir. Bu zaman əsas üstünlük kirayədə qalmaq imkanı məhdud olan rayon qeydiyyatlı tələbələrə verilir.
Tədris ilinin əvvəlində, eləcə də tədris ili ərzində yataqxanaya tələbat davamlı olaraq müşahidə olunur. Mövcud yataqxana həm yerli, həm də xarici tələbələrin yerləşdirilməsi üçün nəzərdə tutulub və tələbələrin sosial rifahının təmin olunmasına xidmət edir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən verilən məlumata görə, universitetin 5 tələbə yataqxanası mövcuddur:
“Bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb. ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Burada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Aylıq ödəniş bir tələbə üçün 85 manat təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir. Yataqxanaya, əsasən, sosial həssas qrupdan olanlar və əcnəbi xanım tələbələr qəbul olunur”.
Azərbaycan Dillər Universitetindən isə bildirilib ki, yataqxanaya qəbulun əsas şərti şəxsin həmin universitetin tələbəsi olmasıdır.
Qeyd olunub ki, yataqxana yalnız qız tələbələr üçün nəzərdə tutulub:
“İndiyə kimi bütün müraciətlərə müsbət cavab verilib. Şəhid və qazi ailələrinin övladlarına, həmçinin ailə himayəsindən məhrum tələbələrə üstünlük verilir. Yataqxana yerlərinə tələbat ildən-ilə azalır. Xarici tələbələr üçün də yerlərimiz var və onların yerləşdirilməsi qaydası Azərbaycan vətəndaşları ilə eynidir”.
Azərbaycan Tibb Universitetində (ATU) isə 4 yataqxana binası fəaliyyət göstərir. Məlumatda bildirilir ki, onlardan 1 və 6 saylı yataqxanalarda ATU-da təhsil alan oğlan tələbələr, 2 saylı yataqxanada qız tələbələr, 5 saylı yataqxanada isə xarici tələbələr yerləşdirilib:
“Azərbaycan Tibb Universiteti şəhid ailələri və qazilərin istər sosial müdafiəsi, istərsə də onların təhsil və səhiyyə ehtiyaclarına hər zaman xüsusi həssaslıqla yanaşır. Universitetdə bu kateqoriyadan olan şəxslər üçün tətbiq olunan əsas güzəşt və dəstək tədbirlərinə yataqxana təminatı və güzəştləri də daxildir. Belə ki, ATU-nun tələbə yataqxanalarında şəhid ailələrindən olan tələbələr ilk növbədə və tam ödənişsiz əsasda yerləşdirilir. Qazilərin övladlarına və I qrup əlil valideyni olan tələbələrə də xüsusi güzəştlər tətbiq olunur.
Ümumiyyətlə isə bu gün ATU-ya yataqxana təminatı ilə bağlı edilən heç bir müraciət cavabsız qalmır və kifayət qədər yer olduğu üçün hər kəs, o cümlədən də xarici tələbələr müvafiq ödənişlər əsasında bu imkanlardan yararlana bilir”.
Azərbaycan Texniki Universitetindən qeyd olunub ki, universitetin yataqxanasında hazırda qaçqın və məcburi köçkün ailələri yerləşdiyindən ora tələbələrin istifadəsinə verilməyib:
"Son illər binalarda 124 ailə yaşayırdı, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda binalarda yaşayır. Yataqxana kompleksi təmamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib.
Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar təmamilə yararsız hala düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək".
Qərbi Kaspi Universitetindən müraciətimizə cavab olaraq yataqxanada hazırda yenidənqurma işləri aparıldığı, işlər yekunlaşdıqdan sonra ictimaiyyətə və mediaya müvafiq məlumat təqdim olunacağı deyildi.
Xədicə Paşayeva, Bizim.Media