Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau Hava Limanı yaxınlığında "Azerbaijan Airlines" (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
"Hazırda "Azerbaijan Airlines" aviaşirkətinin Embraer 190 4K-AZ65 hava gəmisinin aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü əlavəsinin müəyyən etdiyi standartlara və tövsiyə olunan təcrübəyə uyğun olaraq işini davam etdirir", - məlumatda qeyd edilib.
Nazirlikdən vurğulanıb ki, təhqiqat başa çatdıqdan sonra yekun hesabat Qazaxıstan Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq.
"Hesabatda aviasiya hadisəsinin müəyyən edilmiş səbəbləri, komissiyanın nəticələri və tövsiyələri əks olunacaq", - nazirlikdən bildirilib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azerbaijan Arilines" aviaşirkətinin Bakıdan Qroznıya uçan "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, üç uşaq da daxil olmaqla 29 nəfər sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Bizim.Media