Jurnalist Xədicə İsmayılın sosial şəbəkədə açıqladığı sənədin doğurduğu qalmaqal davam edir. Baş Prokurorluq tərəfindən məlum sənədlə bağlı 284.2 (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başladılıb ki, bu da vəziyyətin kifayət qədər ciddi olduğundan xəbər verir.
Bununla bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas, sabiq polis rəisi Mahmud Hacıyev məlum olayı daldan atılan daş kimi xarakterizə etdi:
“2011-ci ildə həmin sənəd ictimaiyyətə təqdim edilib və o vaxt MTN tərəfindən kim “verbovka” edilibsə və ya edilirdisə həmin şəxsin adı da açıqlanıb. 2-3 illik bir zamandan sonra X.İsmayıl həmin sənədi yenidən öz facebook səhifəsində yerləşdirib. Bu dəfə o, bu sənədi daha sığortalanmış formada yerləşdirib. Həmin şəxsin ad-familyasını ordan çıxararaq təqdim edib. Belə bir bəyanat vermək, cinayət işi qaldırmaq və ya təhqiqat aparmaq lazım idisə, bunu 2011-ci ildə niyə etmirdilər ki? Bunu o zaman ona görə etmirdilər ki, X.İsmayılın o vaxtkı mövqeyi sərt müxalifətçilik mövqeyi deyildi. Onun bugünkü mövqeyi isə sərt müxalifətçi mövqeyidir və apardığı araşdırmalar iqtidaryönlü məmurlara sərf etmir. Bu gün baş verənlərin səbəbi bununla bağlıdır. Buna görə də mən Baş Prokurorluğun bu addımını daldan atılan daş hesab edirəm”.
Seymur Əliyev