Təhsil Naziri jurnalistlərə
açıqlamasında bildirib ki, təhsil sistemində ciddi qanun pozuntuları baş
verərsə, Təhsil Nazirliyi Azərbaycan qanunvericiliyi çərçivəsində buna cavab
verəcək: “Qanun hamı üçün eynidir və hər kəs qanun çərçivəsində cəzalandırılacaq”.
Nazir qeyd edib ki, ötən həftə Təhsil
Nazirliyinin əmri ilə Bakıdakı 23 saylı məktəbin direktoru bəzi qayda
pozuntularına yol verdiyi üçün vəzifəsindən azad edilib. Təhsil naziri müəllimlərin dərs yükünün artırılması məsələsinə də
aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda müəllimlərin dərs yükünün
artırılması ilə bağlı Təhsil Nazirliyinə müraciətlər edilir: “Biz də bu
məsələyə baxır və müsbət yanaşırıq. Ancaq bu, hüquqdur, öhdəlik deyil”.
M. Cabbarovun sözlərinə görə,
müəllimlərin daha çox dərs saatında çalışması məcburi deyil: “Biz ümumilikdə
təhsil sistemində həvəsləndirmə sisteminin mükəmməlləşdirilməsinə çalışırıq.
Sadəcə olaraq, bizim görüşümüz məktəb direktorları ilə olduğuna görə fəlsəfə
çox aydındır. Hesab edirəm ki, bu gün bizim tətbiqi etdiyimiz həvəsləndirmə
sistemi tam optimal deyil. Biz bu istiqamətdə addımlar atmalıyıq və nəzərdən
keçirilir”.