Gənclər qeyri-rəsmi yaşamağı niyə üstün tuturlar?

2024-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 13 228 uşaq doğulub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub. Qeyd edilib ki, bu uşaqların 5 158-i şəhərdə, 8 070-i isə kəndlərdə dünyaya gəlib. Məlumata əsasən, bu rəqəm diri doğulan uşaqların ümumi sayının 12,9 faizini təşkil edib. Kənd yerlərində belə hallar daha çoxdur.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Ən yüksək göstərici 2022-ci ildə qeydə alınıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudovun sözlərinə görə, nikahdan kənar dünyaya gələn uşaqların sayında əvvəlki illər ilə müqayisədə 2024-cü ildə cüzi azalma müşahidə olunsa da, rəqəm yüksək olaraq qalmaqdadır. 2022-ci ildə bu rəqəm 18 min idi, 2023-cü ildə isə 15 minə kimi enib (15.622). Onun sözlərinə görə, komitənin fəaliyyəti nəticəsində erkən nikahların sayında xeyli azalma müşahidə olunub və tam olaraq qarşısının alınması üçün işlər davamlı olaraq aparılır: "Məsələn, 2024-cü ildə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycanda nikah yaşının bir il azaldılmasına yol verilən hal aradan qaldırılıb. Əgər əvvəllər vətəndaşlar (burada daha çox valideynləri qeyd etmək lazımdır) müvafiq icra hakimiyyəti orqanlarına müraciət edib nikah yaşını bir yaş azalmasına nail olurdularsa, 2024-ci ildə qanunvericilikdə aparılan dəyişikliklərdən sonra və 1 iyul 2025-ci ildən etibarən bunu etmək mümkün olmayacaq. Nikaha daxil olmaq istəyən hər bir şəxs üçün nikah yaşı minimum olaraq 18 yaş müəyyən edilib".

Öncə rəsmi, sonra dini kəbin

R.Mahmudovun fikrincə, nikahdankənar dünyaya gələn uşaqların mövcudluğu bir neçə səbəblə bağlıdır: "Bu, 2024-cü ilin ortalarına kimi cəmiyyətdə yayılmış erkən nikah problemi və son dövrdə yayılmaqda olan qeyri-rəsmi münasibətlərin, nikahların mövcudluğudur. Nikaha daxil olan şəxslər və ya onların yaxınları (valideynləri) öncə rəsmi yox, dini kəbinin bağlanmasına üstünlük verirlər. Rəsmi nikah olmadan dini kəbinin bağlanması qeyri-qanunidir. Bu kimi nikahları bağlayan din xadimləri inzibati və cinayət məsuliyyətinə cəlb oluna və gələcəkdə onların fəaliyyətlərinə qadağa qoyula bilər. Bu kimi şəxslərin fəaliyyətinin aşkar edilməsi üçün müvafiq dövlət orqanları tərəfindən mütəmadi olaraq işlər aparılır".

"Müasirlik və "azad seçim" kimi təqdim olunur"

Hüquqşünas bildirdi ki, digər səbəb son illərdə aparılan təbliğatdır: "Seriallar, sosial şəbəkələr və bəzi tanınmış simaların davranışları cəmiyyətdə nikahsız birlikdə yaşamağın getdikcə daha geniş şəkildə normal qəbuluna səbəb olur. Əvvəllər qınanan bu davranış bu gün müasirlik və "azad seçim" kimi təqdim olunur. Bu da ailə institutunun formalaşmasına mənfi təsir göstərir. Bu tendensiya və ya ailə modeli daha çox Avropa ölkələrində müşahidə olunur. Xüsusiyyəti ondan ibarətdir ki, ailə bir valideyndən ibarətdir və bu da ailədə dünyaya gələn uşağın həm psixoloji, həm də mədəni olaraq formalaşmasında müəyyən boşluqların yaranmasına gətirib çıxarır. Bu uşağın tənha qalma riskləri daha çoxdur. Hər bir uşağın tərbiyəsində hər iki valideynin iştirakı mütləqdir. Bu, uşağın şəxs kimi formalaşmasına, eyni zamanda onun psixoloji cəhətdən möhkəmlənməsinə kömək edir".

"Həm qadının, həm də uşağın hüquqları pozulur"

R.Mahmudovun sözlərinə görə, bu nikahlar qeyri-rəsmi olduğundan nikahda olan şəxslərin, əsasən də qadınların və dünyaya gələn uşaqların hüquqlarının pozulması riskləri daha çoxdur: "Belə nikahların pozulması üçün müvafiq qurumlara və ya məhkəməyə müraciət etmək lazım deyil, nikahların pozulması qısa bir müddətdə aparılır. Ən əsası odur ki, digər ailə üzvlərinin fikri və istəyi nəzərə alınmır. Bu isə birgə nikah dövründə əldə olunmuş daşınan və daşınmaz əmlakın bölünməsi və ya vərəsəliyin müəyyən edilməsində problemlərin yaşanmasına, o cümlədə 18 yaşına çatmayan övladlarına məhkəmə yolu ilə təyin olunan alimentin alınmasında problemə çevrilə bilər. Əgər uşağın sənədlərində onun əsl atasının adı və kimliyi qeyd olunmayıbsa, bunu sübut etmə prosesi uzun və çətin olur. Vətəndaşlar rəsmi nikaha daxil olmaqla özünü və dünyaya gələcək uşağın hüquqlarını, maraqlarını qoruyurlar".

Baş məsləhətçi bildirir ki, dövlət komitəsi ailə institutunun möhkəmləndirilməsində maraqlıdır. Çünki ailə institutu cəmiyyətin özəyi, bünövrəsidir.

"Gənclər qeyri-rəsmi yaşamağı daha üstün tuturlar"

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, "Ümidli gələcək" İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumovanın fikrincə, burada tək iki insandan söhbət getmir. Həmçinin dünyaya gələn uşaqlar və onların gələcəyi də var. Nikahdankənar doğuşların baş verməsi ailə dəyərlərinə də təsir edir: "Belə hallar ailə institutunu da zəiflədir. Statistika göstərir ki, normativlər artıq dəyişib. Əgər belə davam edərsə, uşaqların atasının soyadını daşıması, aliment vərəsəliyi kimi hüquqlarda çətinlik yaşanacaq. Rəsmi münasibətlərə inam azalacaq".

K.Aşumova düşünür ki, hazırkı dövrdə gənclər rəsmi nikah bağlamaqdansa, qeyri-rəsmi yaşamağı daha üstün tuturlar: "Gənclərin nikahdankənar münasibət yaşamağı seçməsi onların hüquq məsuliyyəti və sosial təzyiqdən yayınmaq istəməsi ilə bağlıdır. Məsuliyyət götürməkdən çəkinirlər. Kişi düşünür ki, sabah məndən mülk, yaxud aliment istənilməyəcək. Azadlıq istəyi və fərdi həyat tərzi də gənclərin rəsmi nikahdan yayınmasına səbəbdir. Boşanma statistikalarını da görürlər, eşidirlər, bu da ailə qurmaqlarına maneə yaradır. Qadınların iqtisadi asılılığı və hüquqsuzluğu da rol oynayır. Qadın bu və digər səbəblərdən bu addımı atmağa razılıq verir. Erkən nikah da belə hallarda baş verir. Bəzən illər keçsə də, rəsmi nikah bağlanmır".

"Həvəsləndirici tədbirlər təşkil edilməlidir"

Müsahibimizin sözlərinə görə, qanunvericilikdə həmin qadınların, uşaqların sosial təminatını, təhsil və gələcək həyatını əhatə edən sosial islahatlara ehtiyac var. Nikahdankənar uşaqların və qadınların hüquqlarının qorunması, kişilərin isə məsuliyyət daşıması üçün tədbirlərin görülməsi vacibdir: "Regionlarda, kəndlərdə xidmət, məsləhət mərkəzlərinin olması lazımdır ki, insanlar hüquqları pozulduqda haraya müraciət edəcəklərini bilsinlər. Təbliğat və maarifləndirmə də vacibdir. Nikahın hüquqi əhəmiyyəti barədə regionlarda geniş işlər aparılmalıdır. 2023-cü ildən məktəblərdə qızlar və oğlanlar üçün ayrı-ayrılıqda reproduktiv sağlamlıq mövzusunda dərslər keçirilir. Cinsi təhsil, hüquqi biliklər, ailə planlaşdırılması kimi mövzuların, xüsusilə regionlarda artırılması və genişləndirilməsinə ehtiyac var. Bunun tək uşaqlara deyil, həmçinin gənclərə, ailə qurmağa hazırlaşan insanlara aşılanması çox vacibdir. Nikahın stimullaşdırılması üçün həvəsləndirici tədbirlər təşkil edilməli, güzəştlər olmalıdır. Gənclərin istifadə etdiyi platformalarda, sosial şəbəkələrdə real hekayələrlə, sosial çarxlarla onlara mesaj ötürə bilərik. Rəsmi nikah olmadan dini nikah bağlanması ilə bağlı cəzalar olmalıdır. Atalığın sübutu ilə bağlı DNT testləri asanlaşmalıdır".

"Rəsmi nikahların sayı daha da azalacaq"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın da sözlərinə görə, qeyri-rəsmi nikahlardan dünyaya gələn uşaqlar sənədsiz olduqlarından bir çox problemlərlə üzləşirlər: "Sovet dönəmində təbliğat bu idi ki, birinci rəsmi nikah olmalıdır. Yalnız yaşı xeyli yuxarı olan, ahıl yaşlı insanlar birgə yaşayırdı. Hazırda isə dini nikahın daha vacib olduğu ilə bağlı təbliğat gedir. Əgər bu yanaşma normaya çevrilsə, rəsmi nikahların sayında xeyli azalma yaranacaq. Bu da ölkəmiz üçün xoşagəlməz nəticələrə səbəb ola bilər. Ola bilər ki, ikili münasibətlər olur. Evli insanların kənarda başqa uşağı da dünyaya gəlir. Belə hallarda atalığın müəyyən edilməsi ilə bağlı çətinliklər yaşanır. Əksər vaxt həmin uşaqlar vərəsəlik hüququndan məhrum olur. Qadınlar rüsum ödəyə bilmir. Övladlarına sənəd almaq üçün rəsmi atalığın müəyyən edilməsini gözləyirlər. Bəzi hallarda uşağın sənədi olmadığından uzun müddət təhsildən yayınır. Sağlamlıq problemləri zamanı normal müayinələrdən keçə bilmir".

"Valideynlər cəzalandırılmalıdır"

Sosioloq Mail Yaqubun fikrincə, bu kimi halların qarşısının alınması üçün maarifləndirmə, cəza tədbirləri paralel aparılmalıdır: "Bunların bir hissəsi dini kəbinlə dünyaya gələn uşaqlardır. Kənd yerlərində bəzi insanlar rəsmi nikah bağlamağa həvəs göstərmirlər və dini kəbinlə kifayətlənirlər. Bu da hüquqi maarifləndirmənin olmamasından irəli gəlir. Rəsmi nikahın olmaması dövlətin işinə də maneədir. Çünki hər hansı proqram hazırlanırsa, rəsmi doğulan uşaqları nəzərə alır. Qeyri-rəsmi qeydiyyat nəzərə alınmır. Bu, sonradan insanlara sosial problemlər yaradır. Kəndlərdə daha çoxdur, çünki oradakı insanların hüquqi savadı şəhərə nisbətən daha azdır. İnsanlar öz hüquqlarını bilmirlər. Rəsmi nikahın zərurətini anlamırlar. Sadə dildə insanlara hüquqlarını başa salmaq lazımdır. Müəyyən cəza mexanizmləri də nəzərdə tutula bilər. Yəni, nikahdankənar dünyaya gələn uşaqlar varsa, bu halda valideynlər müxtəlif formada cərimə oluna, cəza tətbiq oluna bilər. Bunlar olmalıdır, çünki rəqəmlər artmaqdadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Suda boğulan şəxsə ilk yardım: Xilasedicidən həyat qurtaran məsləhətlər

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Bakı–Şamaxı yolunda “KamAZ” aşdı – VİDEO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

Oğluna aktyor olmaq üçün şərt qoyubmuş

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

İran nüvə obyektlərini bərpa edir – FOTOFAKT

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Abbas Abbasovdan müstəmləkəçiliyə qarşı mübarizədə medianın rolu ilə bağlı AÇIQLAMA - FOTO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

Türkiyədə yol belə çökdü – ANBAAN VİDEO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

Tətil üçün ən sərfəli 3 ölkə: Həm büdcənizi qoruyun, həm də istirahətdən zövq alın

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Kiyev ballistik raketlə VURULDU – Yaralılar var – VİDEO

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Ucuz torpaq sahələri satışa çıxarıldı: Sotu 162 manata...

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Tədbirdə halı pisləşən Şimali Kipr Prezidenti xəstəxanaya YERLƏŞDİRİLDİ

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

End of content

No more pages to load

RADİO