Quba rayonunda 30-a yaxın uyğunlaşdırılmış və təmirə ehtiyacı olan məktəb binası var. Həmin məktəblərin də tədricən yenilənməsi nəzərdə tutulur.
Bizim.Media-nın Quba rayon İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, həmin məktəblərin yeni binalarla əvəz olunması istiqamətində işlər aparılır.
Qurumun açıqlamasına görə, ötən dərs ilində Heydər Əliyev Fondunun və Elm və Təhsil Nazirliyinin xəttilə 4 yeni məktəb inşa edilib. Dələduz kənd məktəbində modul tipli məktəb quraşdırılması, Digah kənd məktəbinə təzə binanın inşası Elm və Təhsil Nazirliyinin xəttilə həyata keçirilib. Bağbanlı və Pirvahid məktəblərinin yeni binaları isə H.Əliyev Fondunun vəsaiti hesabına ərsəyə gəlib.
Məlumata görə, 2024-2025-ci tədris ilində iki yeni məktəb şagird və müəllimlərin istifadəsinə verilib. Çingiz Mursalov adına 264 yerlik Vəlvələ kənd məktəbinin açılışı bir neçə gün əvvəl baş tutub.
Bu gün isə Ucqar Çiçi kəndindəki 126 yerlik modul tipli məktəbin açılışı olub. Daha bir bərbad binada yerləşən Hacıhüseuynli kənd məktəbinin tikintisi isə davam edir. Ağac dirəkləri hesabına yıxılmayan Küçeyi kənd məktəbi də yaxın vaxtlarda modul tipli məktəblə əvəzlənəcək.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu