Qışda doğulmağım, bəs edər mənə,
Məni öldürəndə yaz öldür, Allah!
Bilim hansı gündü gedəcəyim gün,
Ölüm tariximi yaz öldür, Allah!
Acı gülüşlərin ürəyimdə xal,
Dodağım qıfıllı, baxışlarım lal.
Alırsan canımı birdəfəlik al,
Bu qədər ağrıyla az öldür, Allah!
Ölümü şeirlərində çox vəsf etsə də, əcəldən heç qorxusu yox idi. Ölümlə qol-boyun idi, bəlkə elə buna görə də, ölümü Allahdan gələn hədiyyə kimi qəbul etdi. Yanvarın 9-da özünü könüllü surətdə əcələ təslim edən xalq şairi Zəlimxan Yaqubun bu gün doğum günüdür. Sağ olsaydı, dostlarını başına yığıb, 66 yaşını haylı-küylü, sazlı-sözlü bir məclisdə qeyd edərdi. Dostları, sevənləri şəninə xoş sözlər söyləyib, tərif leysanına tutardılar. Amma şəninə şeirlər həsr etdiyi ölüm buna aman vermədi.
Moderator.az xəbər verir ki, yoxluğu doğum günündə ailəsini də yandırıb-yaxdı. İlk dəfə olaraq əzizləri onu onsuz yad etdilər.
Göz yaşlarına hakim ola bilməyən xanımı Zəlimxan Yaqubun yoxluğuna inanmadığını deyib:
“O gedəli ev boşalıb, yaşamağın dadı-duzu qaçıb. Bu gün də onun doğum günüdür. Səhər qalxan kimi evdə onu axtardım, səsini eşitmək, hənirini duymaq istədim. Amma səsimə səs vermədi. Ona daha yaxın olmaq üçün qəbir üstə getdim, onu səslədim. Dedim, bu gün doğum günündür, dostların, sevənlərin evimizə gəlib, səni görmək istəyir. (ağlayır) Hər il dostları doğum günündə gəlib onu aparardılar, məclis təşkil edərdilər. Biz də gecəyarısına qədər onu gözləyərdik, gələndə məclis evimizdə davam edərdi. Onun üçün çox darıxmışıq. Özümü onun yoxluğuna inandıra bilmirəm”x9d.
Sahibə xanım onu da bildirib ki, Zəlimxan Yaqubun ölümündən 12 gün keçsə də, dostları, sevənləri hələ də onları tək qoymur, gəlib-gedirlər. Bu gün isə, şairin həm doğum günüdür, həm də cümə axşamı mərasimi.
Gürcüstanda, şairin dünyaya göz açdığı Bolnisidə də süfrə açılacaq. Sevənləri həm cüməaxşamını, həm də doğum gününü qeyd edəcək:
“Zəlimxanı sevənlər çox idi. Doğulduğu Gürcustanın Bolinisi rayonunda da onun ölümündən sarsılanlar çox olub. Hər kəs ailəmizə başsağlığı verir. Qərara gəldik ki, ilk cümə axşamı mərasimini Gürcüstanda təşkil edək. Oğlum Bəhlul dünəndən ordadır”x9d.
Həyat yoldaşı şairin nakam qalan arzularından da danışdı:
“O qədər arzuları vardı ki, saymaqla qurtarmaz. O arzuları özü ilə məzara daşıdı. Yazıb-yaratmaq, yaşamaq istəyirdi. Həyatı çox sevirdi”x9d.(publika.az)