Eks - spiker Rəsul Quliyev Moderator.az - a növbəti maraqlı təhlili yazı göndərib:
"BMT - də 194 ölkə qeydiyyatdan keçsə də bütün parametrləri ilə müstəqil hesab olunanların sayı 168 - dir. Dünyanın tanınmış alimləri, hüquqşünasları, ekonomistlərindən ölkələrdə hansı rejimin mövcudluğunu müəyyənləşdirən və heç bir ölkənin, o cümlədən super dövlət ABŞ - ın təsiri altında olmayan beynəlxalq qurum yaradılıb, bu qurum "demokratiya indeksi" adlı maksimum 10, minimum 1 ball olan sənəd tərtib ediblər. Bu insanlar absolyut neytral şəxslərdir. Onların tərtib etdiyi sənədə görə demokratiya indeksi azad seçki, seçkinin saxtalaşdırıması, vətəndaş cəmiyyətinin səviyyəsi, korrupsiya və rüşvət, informasiya vasitələrinin azadlıq səviyyəsi və bu rəqəmlərin toplanılması ilə müəyyənləşdirilir.
168 ölkədən 25 (Şimalı Amerika və Qərbi Avropa ölkələrinin 95 faizi) ölkə demokratiya indeksinə görə açıq cəmiyyət səviyyəsindədir. 50 inkişaf edən demokratiya, 40 hibrid demokratiya və 53 ölkə isə avtoritar ölkələrə aid edilib.
İnkişaf edən demokratiyaya Çex, İtaliya və sairələr daxildirsə, hibrid demokratiyaya məsələn Türkiyə, Gürcüstan, Ermənistan və başqaları aiddir. Bizim hakimiyyətdə olan siyasətçilərin təbiri ilə desək, demokratiyanın səviyyəsini müəyyənləşdirən və müxtəlif ölkələrdən olan bu intellektlər Azərbaycandan başqa 57 ölkənin də paxıllığını çəkdiyindən onlara da avtoritar rejim statusunu veriblər. Dünyada bu adamların ən çox paxıllıq çəkdiyi ölkə Şimalı Koreya imiş, baxmayaraq biz bütün dünyanın ancaq bizə paxıllıq etdiyini artıq qəbul etmişik.
Bu insanların Azərbaycanın hansı səviyyədə olduğunu bilməsi üçün ölkəyə gəlib nələrisə yoxlamaq, camaatla danışması lazım deyil. Mətbuatdan edilən çıxışlara və yazılara diqqət yetirilsə kifayət edər. İstənilən çıxışda prezident kimlərisə hədələyir, onları cəzalandırmağı tələb edir. Və həmin dəqiqə nəticə çıxarılır, kimlərsə işdən çıxarılır, kimlərsə həbs edilir, kimlərinsə pulların əllərindən alırlar. Mütləq demokratiya və inkişaf edən demokratiyadan olan 75 ölkəni kənara qoyuram, heç sayı 40 olan hibrid ölkələrdə belə prezident, baş nazir, nazir belə çıxış edə bilməz. Təsəvvür edin, hətta Türkiyənin prezidenti Ərdoğan çıxış edib deyir, Türk hava yollarında biletlərin qiyməti niyə yuxarıdır, kompaniyanın başçısı nəticə çıxarmasa və sair, və sair. Həmin o kompaniyanın başçısı Ərdoğanı məhkəməyə verdirib ya Ərdoğanı dediklərini sübut etdirməyə, ya da üzr istəməyə məcbur edər. Demokratik ölkələrdə isə belə çıxışlar ancaq hökümət başçısının istefası ilə qurtara bilər. Və ya tikinti, yol inşa etmə və başqa biznesləri hədələmək avtoritizmini birbaşa sübut edir. Əksini sübut etmək mümkün deyildir. Təyyarə biletinin qiyməti tək yanacağın qiymətindən asılı deyildir, (Yanacağın onlara su qiymətinə satıldığına əmin deyiləm) azı 10 faktorla əlaqədardır. 10 - larla yeni reyslər açılb, məsələn, biri Nyu - Yorka təyyarələr neçə faiz dolu gedir gəlir (əgər salon azı 70 faiz dolmursa biletin qiyməti avtomatik qalxacaq) neçə təyyarə alınıb, neçəsi lizinqə götürülüb, ayda banklara nə qədər pul qaytarmalısan, bütün bunlar biletin qiymətini müəyyənləşdirən faktorlardan biridir. Hökümətin özünün subsid etdiyi obyektin korrupsiya və rüşvətlə məşğul olduğundan şübhələnirsə (çünki süni yolla təyyarə biletlərinin qiymətlərinin qaldırılması ancaq korrupsiyaya qulluq edə bilər) əvvəl Maliyyə Nazirliyi vasitəsilə maliyyə yoxlaması aparmalıdır, ondan sonra inzibatı tədbirlər görmək və bunu camaata elan etmək olar.
Avtoritar rejimlərindən yaxşısı Mərakeşdən tutmuş ən pisi Şimalı Koreyaya qədər bütün hökmdarlar eyni manerada danışırlar. Avtoritar rejimin içində olan RF-nın prezidentinin çıxışları hədə - qorxu ilə doludur. Və dünyanın ən acınacaqlı yaşayış səviyyəsinə malik olan ölkələrdə, bu, 53 ölkədir, eyni mənzərədir.
Belə bir nəticəyə gəlmək üçün Azərbaycana paxıllıq etmək lazım deyildir, sadəcə olaraq aylıq əmək haqqı, illik adambaşına istehsal olunan məhsulun həcmi, elmin və təhsilin səviyyəsi, qondarma cinayətlərlə tutulanların sayına baxmaq kifayət edir."