2-ci Yazı
İctimai-siyasi görüşləri. Hesab edirik ki, Nəvvab həyatının son dönəmlərində nisbətən ifrat şiəçilik, imamilik təəssübkeşiliyindən uzaqlaşmışdır. Məsələn, o, 1882-ci ildə qələmə aldığı “Musiqi elmi haqqında” kitabında əslində İslam dinində də musiqinin haram hesab olunmadığını sübut etməyə çalışmışdır. Eyni zamanda, Nəvvab musiqinin insanlar üçün vacibliyini, əhəmiyyətliyini göstərmək üçün Aristotel Pifaqor, Farabi, İbn Sina və başqa filosofların musiqiylə məşğul olmalarından nümunələr gətirmişdir.xa0
İfrat mühafizəkarlıqdan uzaqlaşıb yenilikçiliyə meyil etməsi baxımından Nəvvabın 19-cu əsrin sonlarında qələmə aldığı «Millətin birləşməsi haqqında» şeiri də çox diqqətəlayiqdir. O, həmin şeirində başqa millətlərin tərəqqiyə üz tutduğu bir zamanda Qafqaz türklərinin o cümlədən Azərbaycan türklərinin hələ də qəflət yuxusunda olmasına etirazını bildirib:xa0
Cümlə millətlər tapdılar rifət,xa0
Saldılar ələ şənilə şövkət,xa0
Cümləsi edər bizlərə töhmət,xa0
Ayılın, millət, xabi-qəflətdən,xa0
Qurtarın, qardaş, bu cəhalətdən.
Nəvvab Avropa ölkələri ilə müqayisədə, türk-müsəlman məmləkətlərinin böhran içində olduğunu görür və onu aradan qaldırmağa, İslam dini ətrafında sıx birləşməyə çağırır, millətin birliyini nifaq və cəhalətdən uzaq durmaqda görmüşdür:xa0
Ey müsəlmanlar, amandır aman,xa0
Gülzari-dini etməyin xəzan,xa0
Dərdimiz qalıb cümlə bidərman…xa0
Əl çəkindir dəm iftiraqdan,xa0
Yapışın yeksər ittihaddan,xa0
Qurtarın, qardaş, ehtiraqdan,xa0
Ayılın, millət, xabi-qəflətdən,xa0
Əl çəkin bir dəm bu cəhalətdən.xa0
Nəvvab yazır ki, bütün başqa millətlər tərəqqiyə üz tutub ittifaq etdikləri halda müsəlman xalqların hələ də bir-birlərinə yaxınlaşmaq niyyətləri yoxdur. Üstəlik, müsəlmanlar milli birlik yaratmaq əvəzinə, öz aralarında qovğa, münaqişə içindədirlər. Nəvvab yazırdı:xa0
Millətlər hamı ittifaq alıb,xa0
Aləm əhlinə vəlvələ salıb,xa0
Bizim əhlimiz mat olub, qalıb…xa0
Bu nə şurişdir, bu nə qovğadır,xa0
Bu nə büzğü kin kim, hüveydadır,xa0
Bu nə bəhsdir, qövli-bicadır…xa0
İttifaq edib eyləyin səvab,xa0
İftiraq etməyin manəndi-dəvab,xa0
Doğru yoldur kim, göstərir Nəvvab,xa0
Ayılın, millət, xabi-qəflətdən,xa0
Qurtarın, qardaş, bu cəhalətdən.xa0
Nəvvaba görə, müsəlman xalqları arasında adını gah mürşid, gah müqtədir qoyub, «dini-mübinə rəxnə salanlar» isə riyakar mollalar, ruhanilər, məzhəbpərəstlər və despotik məmuurlardırlarr. Onun fikrincə, xüsusilə də gündə bir təriqətə tapınanlarxa0 İslam birliyinə əngəl olurlar.xa0
Aralıqda itib hökmi-şəriət,
Xahişlərin eyləyiblər təriqət,
Bidət salıb, ad qoyurlar həqiqət,
Bu bidəti zərbəft edər, şal edər.
Din rövnəqi pozulubdur bulardan,
Müşəxxəsdir, mübindir kəma-kan,
O işlər ki bular tutar biguman,
Nə aqillər eylər, nə cühhal edər.xa0
Başqa sözlə, İslam aləmində qarşıdurma yaradanlar, ilk növbədə, Həzrət Əlini ilahiləşdirən əliallahilər, dində islahat aparmaq adı ilə onu korlayan babilər, şeyxilər və başqalarıdır. Nəvvab yazırdı ki, nə vaxta qədər bütün müsəlmanlar İslam dininə eyni gözlə baxa bilməyəcəklər, yəni bu dinin həqiqi mahiyyətindən çıxış etməyi bacarmayacaqlarsa, o zaman onların vəziyyəti bu dünyada daima çətin və müşkül olacaqdır:
Bunlar salır aləmlərə qovğanı,
Təşrih edib dağıdırlar dünyanı,
Pəst edirlər şəriəti-Quranı,
Bu ətfalı inanma Dəccal edər.
Bir-birinə büxl edər aşikar,
Müəlmanı bir-birinə qırdırar,
Halva yeyib bədöv atlaq tək qızışar,
Dizə çöküb qalü mənqal edər.
Nəvvab hesab edirdi ki, İslam dini adı altında nə qədər məzhəblər varsa, bu dindəki bütövlüyün, birliyin bir o qədər sarsılması deməkdir. Çünki tək Allaha sığınan müsəlmanı hər bir məzhəbpərəst öz tərəfinə çəkir. Bununla da müsəlman bilmir ki, hansının sözünə inansın. Bununda nəticəsində onlar hamısı bunu edərkən Allahın və Həzrət Məhəmmədin (s) adından danışırlar. Nəvvab yazır:
Gah mürşid ad qoyur özünə, gah müqtədir,
Dini-mübinə rəxnə salıb, eylər iftixar,
Təsbihü teylesan götürüb eylər inkisar,
Hər kəs əlinə düşsə onu fənlə soyar,
Gəldik cahana haqqı tapaq, molla qoymadı.
Gah sufi məzhəbinə verir sidqlə rəvac,xa0
Gah dəhri, gahi şeyxiliyə eylər ibtihac,xa0
Gahi üsuli, gahi Kərimxanə ehtiyac,xa0
İslam dininə salır hər biri evicac,xa0
Gəldik cahana haqqı tapaq, molla qoymadı.
Yaxud da:
Ömrümüz puç edib bətalətlə,
Gah üsuli və gah şeyxilər.
Görmədim mən bu işlərin səmərin,
Bu səfahətdə tanımadım bir əsər.xa0
Mollaların, məzhəbpərəstlərin danışdıqların hiylə, cəfəng, boş söz sayan Nəvvabın fikrincə, onların yalançı dini etiqadları milləti İslamdan uzaqlaşdırır, ümmət arasında təfriqə salırlar. Deməli, müsəlman üçün əsas kitab yalnız Quran olmalı və ona sarılmalıdır:xa0
Hər nə danışsalar hamısı lafdır yəqin,
Xudrəyü xudpəsəndü kəlməbazü pürzi kin,
Avarə qoydu milləti bu rənəsazi-din,xa0
Təfriqi-ümmət içrə salıb etdilər qəmin,
Gəldik cahana haqqı tapaq, molla qoymadı.xa0
Nəvvab müsəlman xalqların gerilikdən inkiçşafa doğru getməsinin çıxış yolunu İslamxa0 alimlərinin məsələyə qarışmasında, müsəlmanlara doğru yol göstərməsində görürdü:
Harda qalıbdı alimi-rəbbanilər, hanı?
Gün kimi rövşən eyləyə ta cümlə dünyanı,
Rövnəq verə şəriətə o elmlər kanı,xa0
Nur ilə zülməti, əzizim, axtarıb tanı,
Gəldik cahana haqqı tapaq, molla qoymadı.xa0
Bizə elə gəlir ki, Nəvvabın əvvəlki dövrlərlə müqayisədə, sonrakı dönəmlərdə İslam dininə və yeniləşməyə münasibətdə mütərəqqi mövqe tutmasında erməni-müsəlman münaqişəsi də mühüm rol oynamışdı. Özü də Nəvvab açıq şəkildə yazırdı ki, bu münaqişənin əsil səbəbkarı olan ruslar ermənilərlə birlikdə türklərə-müsəlmanlara qarşı vəhşilik törədiblər. O, yazır:
Məscidi yandırıb əramənü rus,
Hər iki qövm oldular mənus,
Rəhməti-həqdən olub məyus,
Var ümidim ki, iş ola məkus...xa0
Yaxud da:
Qalaşayovun buyuruğuyla ruslar, kazaklar,
Neçə əyan evlərinə od qoyub yandırdılar,
Ermənilə yügürüşüb həm məscidə od vurdular,
Şöləsin qalxızdılar, ta dərgahi-sübhanə bax.
Doğrudur, müsəlmanlar-türklər ruslarla ermənilərin layiqli cavablarını da veriblər. Hər halda Nəvvab yazır ki, rusların oyununa gələrək türklərə-müsəlmanlara saldıran ermənilər də, onların havadarları da sonunda məğlubiyyətə düçar olublar. O, yazır:
Ermənilərdən o qədri qətl olundu ol zaman,
Bir qəbrdə üç-dördün eylədilər nihan,
Qoydular üz qaçmağa ol dəmdə çün pirü cavan,
Aç bəsirət gözlərin, gər mərdsən meydanə bax.
Qalayaşov bu qissələrdən baxəbər oldu o dəm,
Əmr qıldı ləşkərinə, saldılar şeypura dəm,
Pəs keşişlər sülh üçün qalxızdı əczilə ələm,
Məscidə yüz qoydular, sən əhdə bax, peymanə bax.xa0
Çar Rusiyasının əliylə və birbaşa iştirakıyla gerçəkləşən erməni-müsəlman münaqişəsi bir daha göstərdi ki, bir çox cəhətlərə görə ermənilərdən və onların havadarlarından geri qalan müsəlmanlar-türklər yalnız sxolastik hala gətirilmiş İslam mədəniyyətinə güvənməklə irəliyə gedə, tərəqqi edə bilməzlər. Bunun üçün müsəlmanların dünyəvi elmləri öyrənməsi, texnika və başqa sənətlərə yiyələnməsi də vacibdir.
Nəvvabın dünyagörüşünə aid dini-fəlsəfi və ictimai-siyasi məsələləri ümumiləşdirərək, belə nəticəyə gəlirik ki, o, öncə qarşımıza sxolastik təfəkkürün nümayəndəsi kimi çıxır. Belə ki, Nəvvab məhərrəmlikdə baş yarıb qan tökməyi, eləcə də mərsiyəxançılığı ciddi şəkildə müdafiə etmişdir. Ancaq Nəvvab 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yazdığı əsərlərində istər dini və dünyəvi emlərdən hansının zəruriliyi, istərsə də İslam dini ilə bağlı digər məsələlərə münasibətdə mütərəqqi ruhlu islamçıların mövqeyinə daha çox yaxınlaşmışdır. Ola bilsin ki, sonralar bu məsələlərlə bağlı daha dərin biliklərə yiyələnməsi, başqa dinə tapınan millətlərin inkişaf etməsi, erməni-müsəlman münaqişəsi və başqa məsələlər onun dünyagörüşündə xeyli dərəcədə dəyişikliklərə səbəb olmuşdur. Xüsusilə də, müsəlmanların qonşuları olan xristian inanclı millətlərin - erməni, gürcü, rus və başqalarının Qərb mədəniyyətinin təsiri altında inkişafını görən, bunun müqabilində soydaşlarının, dindaşlarının isə geriliyinə dözə bilməyən Nəvvabda artıq yeni bir ruh görürük. Bütün hallarda Nəvvabın dünyagörüşündə, xüsusilə də ömrünün son dövrlərində Şərq fəlsəfəsinin mütərəqqi ənənələrinin dirçəldilməsi, İslam dininin əsil mahiyyətinin dərki və milli fəlsəfi baxışlara yaxınlaşma meyli güclü olmuşdur.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)