Azərbaycan İslam dünyasında söz sahibinə çevrilir: Bakının strateji missiyası

Azərbaycan İslam dünyasında söz sahibinə çevrilir: Bakının strateji missiyası
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın İslam dünyasında artan nüfuzu, beynəlxalq təşkilatlar çərçivəsində fəal mövqeyi və dini-mədəni irsin qorunmasına verdiyi töhfələr ölkəmizin həyata keçirdiyi xarici siyasətin mühüm istiqamətlərindəndir.

Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədlə oktyabrın 26-da keçirdiyi görüş də bu siyasətin növbəti təzahürü kimi diqqət çəkir. Görüş zamanı səsləndirilən fikirlər Azərbaycanın İslam dünyasında aparıcı mövqeyini, müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələri və regionda sülhün bərqərar olması istiqamətində nümayiş etdirdiyi siyasi iradəni bir daha ön plana çıxarıb.

Azərbaycanın İslam dünyasındakı mövqeyi və strateji əhəmiyyəti

Prezident İlham Əliyevin görüşdə Azərbaycanın İƏT-in fəal üzvü olduğunu vurğulaması və ölkəmizin bu istiqamətdəki fəaliyyətinin gələcəkdə də davam etdiriləcəyini bildirməsi rəsmi Bakının İslam dünyası ilə münasibətlərə verdiyi əhəmiyyətin göstəricisidir.

Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri məhz İslam Əməkdaşlıq Təşkilatıdır. Bu il ölkəmizin İƏT-ə üzvlüyünün 35-ci ildönümünün qeyd edilməsi də münasibətlərin uzunmüddətli və ardıcıl xarakterini göstərir.

Ötən 35 il ərzində Azərbaycan İslam dünyasının birliyini və həmrəyliyini dəstəkləyən, müsəlman ölkələri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə çalışan dövlət kimi çıxış edib. Ölkəmizin təşkilat çərçivəsində müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, yeni əməkdaşlıq platformalarının yaradılmasına təşəbbüs göstərməsi və ortaq problemlərin həllinə töhfə verməsi Azərbaycanın İƏT daxilində artan rolunu şərtləndirən əsas amillərdəndir.

Bu siyasətin mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan İslam həmrəyliyini yalnız siyasi bəyanatlar səviyyəsində nəzərdən keçirmir. Ölkəmiz dini-mədəni irsin qorunması, humanitar əməkdaşlığın inkişafı, İslamofobiya ilə mübarizə və sivilizasiyalararası dialoqun təşviqi kimi istiqamətlərdə konkret təşəbbüslərlə çıxış edir.

Ulu Öndərin irsi və İƏT ilə münasibətlərin təməli

İƏT-in Baş katibi İsmayıl Ould Şeyx Əhmədin görüş zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsinə xüsusi ehtiramını ifadə etməsi və onun Azərbaycanla Təşkilat arasında əlaqələrin genişləndirilməsindəki xidmətlərini xatırlatması xüsusi əhəmiyyət daşıyır.

Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunda Azərbaycanın İslam dünyası ilə əlaqələrinin inkişafı mühüm yer tuturdu.

Bu baxımdan, İƏT rəhbərinin Ulu Öndərin xidmətlərini xüsusi qeyd etməsi Azərbaycanın təşkilatla münasibətlərinin müstəqillimizin ilk illərindən formalaşan siyasi iradənin və ardıcıl diplomatik fəaliyyətin nəticəsi olduğunun göstəricisidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasətin müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilməsi Azərbaycanın İslam dünyasındakı nüfuzunun daha da artmasına imkan yaradıb.

Suverenliyin bərpası və regionda sülhə beynəlxalq dəstək

Görüşün diqqətçəkən məqamlarından biri İsmayıl Ould Şeyx Əhmədin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini qeyd etməsi, qarşıdan gələn Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırması olub.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin müasir tarixində mühüm mərhələ olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Təxminən 30 il davam edən Ermənistan işğalı dövründə İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe nümayiş etdirib, işğalı pisləyən çoxsaylı qətnamə və bəyanatlar qəbul edib. Təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair xüsusi Təmas Qrupunun yaradılması da bu məsələyə verilən əhəmiyyətin göstəricisi idi. Münaqişənin həllindən sonra həmin qrup ləğv edilib.

İƏT-in postmüharibə dövründə də Azərbaycanın mövqeyini dəstəkləməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini alqışlayan sənədlər qəbul etməsi əməkdaşlığın davamlılığını nümayiş etdirir.

Təşkilatın Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyətləri 2021-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında Azərbaycanda faktaraşdırıcı missiyalar həyata keçiriblər. Ağdam və Füzuli rayonlarında, eləcə də Gəncə şəhərində aparılan araşdırmalar zamanı dini-mədəni abidələrin və azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş əhali ilə bağlı məlumatlar toplanıb.

İƏT Baş katibinin Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində Prezident İlham Əliyevin səylərini dəstəklədiyini bildirməsi də bu kontekstdə mühüm siyasi mesajdır.

İslam həmrəyliyi yalnız bəyanat deyil, əməli fəaliyyətdir

Azərbaycanın İslam dünyasındakı rolunu müəyyənləşdirən əsas istiqamətlərdən biri dini-mədəni irsin qorunmasıdır. Ölkəmiz bu sahədə həm milli səviyyədə, həm də beynəlxalq miqyasda ardıcıl fəaliyyət göstərir.

İşğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən dağıdılmış və zərər görmüş məscidlərin, dini abidələrin və digər mədəni irs nümunələrinin bərpası Azərbaycanın bu məsələyə verdiyi əhəmiyyətin mühüm göstəricisidir. Həmin ərazilərdə aparılan quruculuq işləri yalnız infrastrukturun yenidən yaradılmasını deyil, həm də xalqın tarixi yaddaşının və mədəni irsinin qorunmasını nəzərdə tutur.

Heydər Əliyev Fondunun xətti ilə xarici ölkələrdə tarixi və dini abidələrin bərpasına, qorunmasına və gələcək nəsillərə çatdırılmasına yönələn layihələr də Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq miqyasını genişləndirir.

Azərbaycanın yanaşması göstərir ki, İslam dəyərlərinə sadiqlik yalnız dini kimliyin vurğulanması ilə məhdudlaşmır. Bu, eyni zamanda, tarixi irsə hörmət, mədəniyyətlər arasında qarşılıqlı anlaşma və ümumbəşəri dəyərlərin qorunması deməkdir.

Bu baxımdan, Azərbaycan müasir və dünyəvi dövlət modeli ilə İslamın mənəvi dəyərlərinə bağlılığın bir-birinə zidd olmadığını nümayiş etdirir. Ölkəmizin təcrübəsi dini dəyərlərin siyasi qarşıdurma vasitəsinə çevrilmədən, cəmiyyətin mənəvi inkişafına və beynəlxalq əməkdaşlığa xidmət edə biləcəyini göstərir.

Bakıdan başlayan təşəbbüslər və beynəlxalq əməkdaşlıq platformaları

Azərbaycanın İƏT çərçivəsində həyata keçirdiyi təşəbbüslər ölkəmizin təşkilatın fəaliyyətində fəal iştirak etdiyini təsdiqləyir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İƏT tərəfindən də dəstəklənən forum müxtəlif mədəniyyətlər və dinlər arasında anlaşmanın möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və qlobal problemlərin dialoq yolu ilə həllinə xidmət edir.

Azərbaycanın beynəlxalq təşəbbüsləri Birləşmiş Millətlər Təşkilatı çərçivəsində də özünü göstərib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, 28 oktyabr 2013-cü ildə Azərbaycanın təşəbbüsü ilə BMT tarixində ilk dəfə olaraq BMT ilə İƏT arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli iclas keçirilib. Bu addım müsəlman ölkələri ilə beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə olub.

2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi və həmin ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də ölkəmizin bu istiqamətdəki siyasətinin mühüm mərhələlərindəndir.

Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə 2004-cü ildə İslam Əməkdaşlığı Gənclər Forumu və onun Avrasiya Regional Mərkəzi yaradılıb. 2023-cü ildə isə Bakıda İƏT Əmək Mərkəzinin təsis edilməsi təşkilat daxilində əməkdaşlığın institusional əsaslarının genişləndirilməsinə xidmət edib.

İslamofobiya ilə mübarizə də Azərbaycanın beynəlxalq gündəliyə daşıdığı mühüm məsələlərdəndir. Prezident İlham Əliyevin himayəsi altında 2023-cü ildən etibarən ölkəmizdə bu mövzuya həsr olunan beynəlxalq konfransların keçirilməsi İslam dünyasına qarşı ayrı-seçkilik və dini dözümsüzlüklə mübarizəyə verilən əhəmiyyətin göstəricisidir.

Şuşanın İƏT tərəfindən 2026-cı il üzrə turizm paytaxtı seçilməsi isə Azərbaycanın mədəni irsinin və işğaldan azad edilmiş ərazilərinin beynəlxalq miqyasda tanıdılması baxımından əlavə imkanlar yaradıb. 2026-cı ilin iyununda Bakıda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının keçirilməsi də ölkəmizin təşkilat daxilindəki mövqeyini möhkəmləndirən hadisələrdəndir.

2027-ci il: Azərbaycanın İƏT-də liderliyi üçün yeni mərhələ

Prezident İlham Əliyev görüş zamanı gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və tədbirə hazırlıq işlərinin fəal şəkildə aparıldığını bildirib. Bu, Azərbaycanın qarşıdakı dövrdə təşkilat çərçivəsində daha geniş məsuliyyət daşıyacağını göstərir.

2027-ci il iyunun 1-2-də Azərbaycanda İƏT İnformasiya Nazirləri Konfransının 13-cü sessiyasının keçirilməsi nəzərdə tutulur. İyunun 23-24-də isə ölkəmiz İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi edəcək və İƏT-də sədrliyi öz üzərinə götürəcək.

Bu tədbirlər Azərbaycanın İslam dünyasının aktual problemlərinin müzakirəsi, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi və ortaq təşəbbüslərin həyata keçirilməsi üçün mühüm platformaya çevrilə bilər.

Görüş zamanı media sahəsində əməkdaşlığın və dezinformasiyaya qarşı birgə mübarizənin müzakirə edilməsi də bu baxımdan diqqətəlayiqdir. Müasir dövrdə informasiya məkanında yayılan saxta məlumatlar və dini-mədəni zəmində qarşıdurma yaratmağa yönələn kampaniyalar dövlətlər və cəmiyyətlər arasında etimadı zəiflədə bilir. Bu səbəbdən İƏT üzvlərinin koordinasiyalı fəaliyyətinin gücləndirilməsi, etibarlı informasiya mübadiləsinin təşviqi və ortaq layihələrin reallaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın sədrliyi dövründə bu istiqamətlərdə konkret təşəbbüslərin həyata keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artıra bilər.

Bütün bunlar göstərir ki, Azərbaycan İslam dünyasında yalnız fəal iştirakçı deyil, həm də ortaq maraqların müdafiəsinə, həmrəyliyin möhkəmləndirilməsinə və sivilizasiyalararası dialoqun inkişafına töhfə verən mühüm tərəfdaş kimi çıxış edir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Prezident: “Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür”

Prezident: “Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür”

Sertifikasiya imtahanında bal bölgüsü dəyişir? - İddia

Sertifikasiya imtahanında bal bölgüsü dəyişir? - İddia

İlham Əliyev: “Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb” - VİDEO

İlham Əliyev: “Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb” - VİDEO

Bakıda “CyberHackCon 2026" konfransı keçirilib – FOTO

Bakıda “CyberHackCon 2026" konfransı keçirilib – FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Ukraynanın Oleşki şəhərində humanitar missiya üçün ATƏŞKƏS qüvvəyə mindi - FOTO

Ukraynanın Oleşki şəhərində humanitar missiya üçün ATƏŞKƏS qüvvəyə mindi - FOTO

Prezident: “Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil” - VİDEO

Prezident: “Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil” - VİDEO

“Hər 6 kiberhücumdan birində süni intellektdən istifadə olunur” - İlkin Cavadov

“Hər 6 kiberhücumdan birində süni intellektdən istifadə olunur” - İlkin Cavadov

Azərbaycan Prezidenti: “İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır”

Azərbaycan Prezidenti: “İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır”

Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO

Antalyanın Kəpəz rayonunda görünməmiş fəlakət: 5 ölü, 1 yaralı var – FOTO/VİDEO

Prezident: “Azərbaycanın təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər” - VİDEO

Prezident: “Azərbaycanın təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər” - VİDEO

Tozsoran effekti: nə üçün Meta, Google və TikTok Azərbaycandakı büdcələrin böyük hissəsini aparır və bu nə ilə təhlükəlidir

Tozsoran effekti: nə üçün Meta, Google və TikTok Azərbaycandakı büdcələrin böyük hissəsini aparır və bu nə ilə təhlükəlidir

Bakıda dəhşətli qəza: Skuter sürən öldü – ANBAAN VİDEO

Bakıda dəhşətli qəza: Skuter sürən öldü – ANBAAN VİDEO

Trampdan Atlantik okeanının adı ilə bağlı YENİ TƏKLİF: “Amerika okeanı olsun”

Trampdan Atlantik okeanının adı ilə bağlı YENİ TƏKLİF: “Amerika okeanı olsun”

FTB-nin keçmiş direktoruna qarşı İTTİHAM: Gizli məlumatları ötürüb

FTB-nin keçmiş direktoruna qarşı İTTİHAM: Gizli məlumatları ötürüb

İlham Əliyev: “Biz hər zaman ayıq-sayıq olmalıyıq” - VİDEO

İlham Əliyev: “Biz hər zaman ayıq-sayıq olmalıyıq” - VİDEO

Bakıda yeni park salınır – FOTO

Bakıda yeni park salınır – FOTO

İlham Əliyev: “Bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər” - VİDEO

İlham Əliyev: “Bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər” - VİDEO

Microsoft 60 min əməkdaşını İŞDƏN ÇIXARIR

Microsoft 60 min əməkdaşını İŞDƏN ÇIXARIR

Azərbaycan İslam dünyasında söz sahibinə çevrilir: Bakının strateji missiyası

Azərbaycan İslam dünyasında söz sahibinə çevrilir: Bakının strateji missiyası

Prezident: “Bütün dinlərin nümayəndələri Konstitusiyamız əsasında bir ailədəki kimi yaşayır” - VİDEO

Prezident: “Bütün dinlərin nümayəndələri Konstitusiyamız əsasında bir ailədəki kimi yaşayır” - VİDEO

Rusiya dizel yanacağını idxal edən şirkətlərə ABŞ-dan XƏBƏRDARLIQ

Rusiya dizel yanacağını idxal edən şirkətlərə ABŞ-dan XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO