Siyasi dialoqdan strateji tərəfdaşlığa– Azərbaycanla Niderlandı nə BİRLƏŞDİRİR?

Siyasi dialoqdan strateji tərəfdaşlığa– Azərbaycanla Niderlandı nə BİRLƏŞDİRİR?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.

Dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının sabiq Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTO/VİDEO


Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən Tom Berendsen əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğulayıb və qeyd edib ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanla Niderland Krallığını nə birləşdirir?

Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin dəyəri təkcə diplomatik təmasların intensivliyi ilə deyil, həm də qarşılıqlı maraqların nə dərəcədə uzlaşdırılması, iqtisadi imkanların reallaşdırılması və regional proseslərə yanaşmaların uyğunluğu ilə ölçülür. Azərbaycan ilə Niderland Krallığı arasındakı münasibətlər də bu baxımdan diqqətəlayiqdir. Avropanın mühüm iqtisadi mərkəzlərindən biri olan Niderlandla Cənubi Qafqazın strateji mövqeyə malik dövləti Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi həm ikitərəfli əlaqələr, həm də daha geniş Avropa–Asiya iqtisadi münasibətləri üçün əhəmiyyət daşıyır.

Niderlandla əlaqələrin inkişafı da məhz iqtisadi maraqların, ticarət imkanlarının, enerji təhlükəsizliyinin və müasir texnologiyalar sahəsində təcrübə mübadiləsinin uzlaşdırılması baxımından mühüm perspektivlər vəd edir.


Nəzərə alaq ki, Niderland Avropa İttifaqının qurucu və aparıcı üzvlərindən biridir. Azərbaycan hazırda Aİ-nin 10-dan artıq üzvü, Avropanınsa 15-dən artıq ölkəsi ilə səmərəli əməkdaşlıq aparır. Bu mənada Niderland da Azərbaycanı gələcəyin əsas strateji tərəfdaşlarından biri kimi görür.

Üstəlik, Niderland Azərbaycana Cənubi Qafqazda sülhün təminatçısı kimi baxır. Təsadüfi deyil ki, Niderlandlı nazir sözügedən məsələni budəfəki səfərində bir daha dilə gətirib. O, Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğulayıb və qeyd edib ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.

Təbii ki, Niderland hökuməti Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsində göstərməsini hər zaman yüksək qiymətləndirib. Və XİN rəhbəri tərəfindən bu məqam minnətdarlıqla qeyd olunub.

Diplomatik münasibətlərdən strateji imkanlara

Azərbaycan ilə Niderland arasında diplomatik münasibətlər 1992-ci il aprelin 1-də qurulub. Ötən dövr ərzində iki ölkə arasında siyasi dialoq və müxtəlif sahələrdə əməkdaşlıq üçün institusional əsas formalaşıb. Bununla belə, münasibətlərin gələcək inkişafı mövcud diplomatik əlaqələrin iqtisadi və texnoloji əməkdaşlıqla daha da zənginləşdirilməsindən asılıdır.

Azərbaycan və Niderland arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün geniş potensial mövcuddur. İki ölkə arasında 11 saziş imzalanıb, daha 4 saziş üzrə işlər isə davam etdirilir.

Azərbaycan Avropa ilə Asiya arasında yerləşən coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və regional bağlantı imkanları ilə seçilir. Niderland isə inkişaf etmiş limanları, logistika şəbəkəsi, aqrar texnologiyaları, su ehtiyatlarının idarə olunması və innovasiya sahəsində təcrübəsi ilə Avropanın aparıcı ölkələrindəndir. Bu xüsusiyyətlər iki dövlət arasında əməkdaşlığın yalnız ənənəvi ticarətlə məhdudlaşmaması üçün geniş zəmin yaradır.
 

Sirr deyil ki, müasir dövrdə dövlətlərarası münasibətlərin davamlılığı qarşılıqlı fayda prinsipinə söykənir. Azərbaycan üçün Niderlandın qabaqcıl texnologiyaları və idarəetmə təcrübəsi, Niderland üçün isə Azərbaycanın regional bazarlara çıxış imkanları, nəqliyyat bağlantıları və enerji sektorundakı mövqeyi əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edə bilər.


Qeyd edək ki, 2025-ci il, oktyabrın 2-də Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü baş tutmuşdu. Həmin görüşdə Azərbaycanla Niderland arasında əlaqələrin prioritetləri müəyyən edilmişdi. Krallığının xarici işlər naziri Tom Berendsenin budəfəki Bakı səfəri isə görülən və planlaşdırılan işlərə birgə baxış məqsədi daşıyır.

İqtisadi əməkdaşlıqda potensialın reallaşdırılması zərurəti

Azərbaycan–Niderland münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əlaqələrdir. İki ölkə arasında ticarətin, investisiyaların və biznes dairələri arasında təmasların genişləndirilməsi üçün imkanlar mövcuddur. Lakin bu imkanların real iqtisadi nəticələrə çevrilməsi üçün qarşılıqlı maraqlara uyğun konkret layihələrə, biznes forumlarına və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinə ehtiyac var.

2025-ci ilin nəticələrinə əsasən, ölkələr arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib, lakin bu rəqəm hər iki ölkənin malik olduğu iqtisadi potensialı tam şəkildə əks etdirmir. İnvestisiya sahəsinə gəldikdə, Azərbaycan tərəfindən Niderland iqtisadiyyatına 1.3 milyard dollar, Niderland tərəfindən isə Azərbaycan iqtisadiyyatına 0.6 milyard dollar investisiya yatırıb ki, bu da olduqca balanslı bir yanaşmanı nümayiş etdirir. Hazırda Azərbaycanda 150-dən çox aktiv fəaliyyət göstərən Niderland şirkəti mövcuddur. Səfər çərçivəsində keçiriləcək görüşlər və müzakirələr bu iqtisadi əlaqələrin daha da genişləndirilməsi və mövcud potensialın tam reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
 

Niderlandın beynəlxalq ticarət və logistika sahəsindəki təcrübəsi Azərbaycan şirkətləri üçün Avropa bazarlarına çıxış, məhsulların rəqabət qabiliyyətinin artırılması və təchizat zəncirlərinin təkmilləşdirilməsi baxımından faydalı ola bilər. Azərbaycan isə əlverişli nəqliyyat mövqeyi və Şərq–Qərb marşrutlarında artan əhəmiyyəti ilə Niderland biznesi üçün Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində əlavə imkanlar yarada bilər.


Burada əsas məsələ yalnız ticarət dövriyyəsinin artırılması deyil. Daha vacib hədəf yüksək əlavə dəyər yaradan istehsalın təşviqi, birgə müəssisələrin yaradılması, texnologiya transferi və qeyri-neft sektoruna investisiyaların cəlb edilməsidir. Belə yanaşma iqtisadi münasibətləri daha dayanıqlı edə və hər iki tərəfin uzunmüddətli maraqlarına xidmət göstərə bilər.

Enerji təhlükəsizliyi və yaşıl keçid

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan biridir. Xüsusilə Avropanın enerji mənbələrini və təchizat marşrutlarını şaxələndirmək səyləri fonunda Azərbaycanın rolu diqqət çəkir. Niderlandla enerji sahəsində əməkdaşlıq da bu geniş kontekstdə nəzərdən keçirilə bilər.

Bununla belə, müasir enerji münasibətləri artıq yalnız neft və təbii qaz tədarükü ilə məhdudlaşmır. Bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi və karbon emissiyalarının azaldılması kimi məsələlər getdikcə daha çox əhəmiyyət qazanır.
 

Niderlandın dəniz külək enerjisi, innovativ enerji həlləri və dayanıqlı iqtisadiyyat sahəsindəki təcrübəsi Azərbaycanın yaşıl enerji strategiyası üçün maraqlı əməkdaşlıq istiqamətləri yaradır. Xəzər dənizinin külək enerjisi potensialı, bərpaolunan enerji layihələri və gələcəkdə yaşıl elektrik enerjisinin ixracı imkanları bu əməkdaşlığın perspektivlərini genişləndirə bilər.


Azərbaycan üçün əsas məqsəd enerji resurslarının ixracından əldə edilən imkanları iqtisadiyyatın şaxələndirilməsinə yönəltməkdir. Niderlandla təcrübə mübadiləsi bu istiqamətdə texnoloji modernləşməyə və yeni investisiya imkanlarının yaranmasına töhfə verə bilər.

Orta dəhliz - Avropa ilə Asiyanı birləşdirən körpü

Azərbaycan–Niderland əməkdaşlığının digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, təchizat zəncirlərinin təhlükəsizliyinin ön plana çıxdığı bir dövrdə Azərbaycanın coğrafi mövqeyi ölkənin iqtisadi və siyasi əhəmiyyətini artırır.

Orta dəhliz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Azərbaycan və Türkiyə üzərindən Avropa ilə birləşdirən mühüm nəqliyyat istiqamətidir. Bu marşrutun inkişafı Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Avropa ölkələri üçün alternativ təchizat yolları yaradır.

Niderlandın Rotterdam limanı ətrafında formalaşmış logistika təcrübəsi, multimodal daşımalar və yük axınlarının idarə olunması sahəsində imkanları Azərbaycan üçün xüsusi maraq doğurur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Orta dəhliz üzrə infrastruktur layihələri iki ölkənin əməkdaşlığını genişləndirə biləcək əsas platformalardır.
 

Azərbaycanın Haaqa şəhərindəki səfirliyinin ikitərəfli münasibətlərə dair məlumatında Niderlandın mühəndislik şirkəti Royal HaskoningDHV-nin Bakı limanının inkişafı ilə bağlı xidmətlər göstərdiyi də qeyd olunur. Bu fakt əməkdaşlığın yalnız siyasi bəyanatlardan ibarət olmadığını, konkret iqtisadi layihələr üzərində də qurulduğunu göstərir.


Gələcəkdə limanların rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşımaların sürətləndirilməsi və logistika mərkəzlərinin inkişafı sahəsində birgə layihələr həyata keçirilə bilər.

Aqrar sektor və su ehtiyatlarının idarə olunması

Azərbaycan–Niderland münasibətlərində kənd təsərrüfatı xüsusi perspektivə malik sahələrdən biridir. Niderlandın məhdud torpaq ehtiyatlarına baxmayaraq, yüksək məhsuldarlıq əldə etməsi, müasir istixana texnologiyaları və aqrar istehsalın səmərəli təşkili bu ölkənin təcrübəsini Azərbaycan üçün əhəmiyyətli edir.

Azərbaycanın kənd təsərrüfatı potensialının artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft ixracının genişləndirilməsi baxımından Niderlandla əməkdaşlıq faydalı nəticələr verə bilər. Müasir toxumçuluq, damcı suvarma, torpağın məhsuldarlığının qorunması, məhsulların çeşidlənməsi və qablaşdırılması, eləcə də aqrar məhsulların Avropa standartlarına uyğunlaşdırılması prioritet istiqamətlər ola bilər.
 

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və müasir təsərrüfat modellərinin qurulması da bu əməkdaşlıq üçün əlavə imkanlar açır. Qabaqcıl texnologiyaların tətbiqi həmin ərazilərdə istehsalın səmərəliliyini yüksəldə, məşğulluğu artıra və regionların iqtisadi reinteqrasiyasını sürətləndirə bilər.


Su ehtiyatlarının idarə olunması məsələsi də xüsusi əhəmiyyət daşıyır. İqlim dəyişiklikləri, su qıtlığı riskləri və kənd təsərrüfatında suya artan tələbat Azərbaycan üçün müasir həllərin tətbiqini zəruri edir. Niderlandın su idarəçiliyi, daşqınlardan müdafiə və su infrastrukturunun planlaşdırılması sahəsindəki təcrübəsi bu istiqamətdə əməkdaşlığı daha da dərinləşdirə bilər.

Siyasi dialoq və qarşılıqlı anlaşma

İqtisadi münasibətlərin dayanıqlı inkişafı siyasi dialoqun davamlılığı ilə sıx bağlıdır. Azərbaycan və Niderland arasında müntəzəm siyasi məsləhətləşmələr, yüksək səviyyəli görüşlər və beynəlxalq təşkilatlar çərçivəsində təmaslar qarşılıqlı mövqelərin öyrənilməsi baxımından əhəmiyyətlidir.

2026-cı il iyunun 24-də Haaqada iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əməkdaşlıq, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
 

2026-cı il oktyabrın 26-da isə Niderlandın xarici işlər naziri Tom Berendsenin Azərbaycana səfəri çərçivəsində münasibətlərin inkişafı yenidən gündəmə gəlib. Prezident İlham Əliyev Niderland şirkətlərinin Azərbaycandakı fəaliyyətini müsbət qiymətləndirib və nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına diqqət çəkib. Niderland tərəfi də əlaqələrin inkişafında maraqlı olduğunu ifadə edib.


Bu təmasların əhəmiyyəti ondadır ki, siyasi dialoq konkret iqtisadi və institusional nəticələrlə tamamlanır. Qarşılıqlı səfərlər, birgə işçi qrupları, biznes nümayəndələrinin iştirakı ilə keçirilən görüşlər və razılaşdırılmış fəaliyyət planları isə əməkdaşlığın praktik məzmununu gücləndirə bilər.

Eyni zamanda, dövlətlər arasında münasibətlərin möhkəmlənməsi qarşılıqlı hörmətə, suverenliyə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan dialoqdan keçir. Müxtəlif məsələlərə dair mövqelər üst-üstə düşmədikdə belə, açıq ünsiyyət və diplomatik kanalların işlək saxlanılması əməkdaşlığın davamlılığı üçün vacibdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Dövlət məktəblərində hər şagird üçün ayrılan illik vəsait müəyyənləşdi - MƏBLƏĞLƏR

Dövlət məktəblərində hər şagird üçün ayrılan illik vəsait müəyyənləşdi - MƏBLƏĞLƏR

Yanacağın bahalaşması etirazlara səbəb oldu: Mağazaların rəfləri boşaldı - VİDEO

Yanacağın bahalaşması etirazlara səbəb oldu: Mağazaların rəfləri boşaldı - VİDEO

Bu şəxslərin aylıq vəzifə maaşları müəyyənləşdi - CƏDVƏL

Bu şəxslərin aylıq vəzifə maaşları müəyyənləşdi - CƏDVƏL

Dünya çempionatı: Nihat Məmmədli FİNALDA

Dünya çempionatı: Nihat Məmmədli FİNALDA

Altı il öncə bu gün – 26 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 26 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Turşu üçün kələmi necə seçmək lazımdır? - 4 əsas əlamət

Turşu üçün kələmi necə seçmək lazımdır? - 4 əsas əlamət

Sabiq icra başçısı Rusiyada vəfat etdi – FOTO

Sabiq icra başçısı Rusiyada vəfat etdi – FOTO

Ermənistanda məhbus məhkəmə binasından qaçdı

Ermənistanda məhbus məhkəmə binasından qaçdı

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə ÇIXARILIR

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə ÇIXARILIR

101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir

101 yaşlı kişinin uzunömürlülük sirri: Bu ikisi olmadan həyat çətinləşir

Saatlıda qaz olmayacaq

Saatlıda qaz olmayacaq

Bu il "kupça" verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI

Bu il "kupça" verilən daşınmaz əmlakların SAYI AÇIQLANDI

Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?

Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?

Siyasi dialoqdan strateji tərəfdaşlığa– Azərbaycanla Niderlandı nə BİRLƏŞDİRİR?

Siyasi dialoqdan strateji tərəfdaşlığa– Azərbaycanla Niderlandı nə BİRLƏŞDİRİR?

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti

Baş Prokurorluqdan “WhatsApp”la bağlı XƏBƏRDARLIQ – “Hesablarınız ələ keçirilə bilər” - FOTO

Baş Prokurorluqdan “WhatsApp”la bağlı XƏBƏRDARLIQ – “Hesablarınız ələ keçirilə bilər” - FOTO

Ağdərədə POMZ minası TAPILDI

Ağdərədə POMZ minası TAPILDI

Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

Firuzə İbadovanın yanında mahnı oxuduqları üçün tənqid edildilər

Bu ölkədə 21 günlük karantin elan edildi

Bu ölkədə 21 günlük karantin elan edildi

Prezidentin köməkçisi: “Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”

Prezidentin köməkçisi: “Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik”

Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər

Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

Saralın istefası ilə unudulmayan üçillik QARAYAXMA KAMPANİYASI – ARAŞDIRMA

DİQQƏT! Bakıda daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi

DİQQƏT! Bakıda daha 5 marşrutun hərəkət sxemi dəyişdirildi

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – VİDEO

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – VİDEO

End of content

No more pages to load

RADİO