Qardaşlıq adı altında DİQTƏ: Anti-Azərbaycan kampaniyası və nurçuluğun İDEOLOJİ TƏHDİDLƏRİ

Son dövrlərdə Türkiyənin informasiya məkanında Azərbaycana qarşı sistemli hücumlar, qarayaxma kampaniyası aparılır. İlk vaxtlarda bu hücumları hansısa dairələrin “özfəaliyyəti” kimi təqdim etmək olardı.

Lakin son günlərdə Türkiyə rəsmilərinin də kampaniyaya aktiv şəkildə qoşulması məsələnin əsl üzünü ortaya çıxardı.

Belə ki, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral, o cümlədən hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri hicab bəhanəsi ilə Azərbaycanın daxili işlərinə müdaxilə edən bəyanatlar səsləndirdilər.

Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral X platformasındakı paylaşımında qeyd edib ki, Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir:
 

“İnancına görə başını örtən bir şagirdi məktəb qapısında saxlamaq hansı vicdana, hansı ədalətə sığır? Hicab maneə deyil, inancın ifadəsidir! Təhsil hüququ heç bir ideoloji yanaşmanın qurbanına çevrilməməlidir! Azərbaycanın bu yanlış yanaşmadan ən qısa zamanda dönməsini gözləyirik. Gənclərin gələcəyinə maneələr yaratmaq deyil, onların qarşısındakı yolları açmaq lazımdır. Bu dövrdə belə bir yanaşmaya əsla yol verilməməlidir!”

 

Türkiyə Prezidentinin müşavirinin bu açıqlqması artıq qarayaxma kampaniyasının arxasında Türkiyə dövlətinin olduğunu açıq şəkildə ortaya qoydu.

Üstəlik, Ərdoğanın müşaviri və digər Türkiyə rəsmilərinin populist və məsuliyyətsiz açıqlamalarında Azərbaycanın konstitusion quruluşu və ölkəmizdə dini etiqad azadlığı da heçə sayılır. Bu isə heç bir halda qəbul edilə bilməz.

Türkiyəli “qardaş”larımız niyə belə edir?

Azərbaycana qarşı aparılan ideoloji təxribatda iki məsələ daha çox önə çıxarılır. Birincisi İsrail-Azərbaycan münasibətləri, ikincisi isə hicab məsələsi.

Bu iki məsələnin kökündə isə Türkiyənin saxta “İslam təəssübkeşliyi” dayanır. Heç kimə sirr deyil ki, Türkiyənin siyasi dairələri son 20 ildə özlərini İslam aləminin ən təəssübkeş və mübariz kəsimi kimi göstərmək istəyirlər. Bunun üçün də sağlam İslami dəyərlərin inkişafına dəstək vermək əvəzinə beynəlxalq aləmdə İslam düşməni axtarmağa başladılar.

Beləcə Türkiyə Osmanlının varisi kimi öz imperial təfəkkürünü ortaya qoydu. Bu gün Türkiyə üçün dostluq qardaşlıq da o nə deyirsə, onu etməkdir.

Halbuki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" sloqanının mahiyyəti ondan ibarətdir ki, biz bir millət olsaq da, hərəmizin öz dövləti var. Yəni, xalqlarımızı birləşdirən zəngin ortaq dəyərlər olduğu kimi, dövlətlərimizi fərqləndirən coğrafiya, daxili quruluş, etnomüxtəliflik, o cümlədən xarici aləmlə təmasları formalaşdıran müstəqil siyasəti var. Bu reallıqları nəzərə almadıqda isə qardaşlıq geri plana düşür, imperialist maraqlar önə çıxır.

İsrail məsələsində də bu yanaşma özünü göstərir.

İsrailin Mərkəzi Bankının 2025-ci ilin martında dərc etdiyi hesabata əsasən, Türkiyənin 2023-cü ildə İsrailə ixracı 5,3 milyard dollar təşkil edib. Bu, İsrailin ümumi idxalının 6,3 faizinə bərabər olub.

2025-ci ildə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsi isə 5 milyard 720 milyon dollar olub. Digər tərəfdən 2025-ci ildə Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi vur-tut 78 milyon dollar olub.

Təkcə bu 3 fakt göstərir ki, İsrail Türkiyə üçün nə qədər vacib partnyordur. Türkiyənin “qardaş” dediyi Azərbaycanla ticari dövriyyəsi 2025-ci ilin statistikasına əsasən Türkiyənin İsraillə olan idxal-ixrac əməliyyatlarından xeyli azdır. Ən maraqlısı da odur ki, Azərbaycanın İsraillə ticari əlaqəsi diqqət çəkməyəcək qədər kiçik həcmlidir.

Yəni, Türkiyə özü İsraillə alverə davam edib milyardlar qazanır, əvəzində Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edir.

Elə isə Azərbaycan necə “İsrailcanlı” oldu?!

Türkiyənin siyasi dairələrinin Azərbaycanı İsrailin əsas partnyoru kimi göstərməyə çalışmasının heç bir iqtisadi əsası yoxdur.

O ki qaldı siyasi münasibətlərə... Onu xüsusilə vurğulayaq ki, Azərbaycan heç bir dövləti özünə düşmən hesab etmir və heç bir ölkə ilə düşmənçilik aparmır. Hətta Ermənistanla sülh sazişinin imzalanması və iqtisadi əlaqələrin qurulması Azərbaycan üçün prioritetlərdən biridir.

Bu mənada Azərbaycan-İsrail münasibətlərində qabardılacaq, İslam dünyasına maraqlarına xələl gətirəcək heç bir məqam yoxdur.

Amma Türkiyə bu məsələdə səmimi deyil.

Fikrimizin sübutu üçün 2 faktı yada salmaq istəyirik.

2009-cu ildə Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan Davos forumundə İsrail Prezidenti Şimon Pereslə canlı debatda efiri tərk etdi və “Bizim üçün Davos bitmişdir” fikirlərini səsləndirdi.

Bu olaydan sonra düşünmək olardı ki, Türkiyə-İsrail münasibətləri dalana dirənəcək. Amma belə olmadı və iki ölkə arasında iqtisadi-siyasi və mədəni əlaqələr daha da inkişaf etdi.  

Digər bir fakt

2010-cu il mayın 31-də Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etdi. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürüldü. Bu hadisə ətrafında Türkiyə İsrailə qarşı böyük kampaniya apardı. Amma necə oldusa, 2016-cı ildə hadisəylə bağlı bütün məhkəmə işlərinə Türkiyə son verdi və İsrailə yenidən qucaq açıldı.

Xatırladaq ki, rəsmi Ankara həmin hadisəyə görə rəsmi Təl-Əvivdən xeyli pul qopardı. Bütün bunlardan sonra İsraillə güclü iqtisadi əlaqələr quran Türkiyənin siyasi dairələri Azərbaycanı Tel-Əvivlə qardaşlaşmaqda günahlandırması heç bir məntiqə sığmır.

Hicab məsələsi üzərindən manipulyasiya

Türkiyədə Azərbaycana qarşı başlanılan hicab kampaniyası barədə çox danışmaq lazım deyil. Çünki zatən Türkiyənin sosial media seqmenti və mətbu orqanları bu mövzunu gündəmdə saxlayır.

Bu məsələdə də türkiyəli “qardaş”larımız İslamın nüfuzdan salınmasında Azərbaycanı günahkar kimi göstərməyə çalışır. Bununla da bütün İslam aləminə göstərmək istəyir ki, Türkiyə dünyada İslam dəyərlərini müdafiə edən tək ölkədir.

Yəni Türkiyə özünü “İslamın flaqmanı” kimi göstərmək istəyir. Və bu yolda qardaşını da ayaq altına almaqdan çəkinmir. Bu da imperialist təfəkkürün əlamətidir.

Halbuki qardaşının qədrini bilməyənin nə dini olur, nə də imanı.

Ona görə də Türkiyədə aparılan anti-Azərbaycan kampaniyası İslam təəssübkeşliyindən çox uzaqdır. Bu kampaniya sırf siyasi məqsədlərə xidmət edir.

Azərbaycanın İslama qayğısı

Qeyd edək ki, Türkiyədən fərqli olaraq Azərbaycanın dövlət atributlarında İslam dəyərləri yetərincə yer alıb. Üçrəngli bayrağımızın bir rəngi məhz İslamın simvoludur.

Azərbaycan heç bir müsəlman ölkəsi ilə soyuq münasibətdə deyil. Bütün müsəlman dövlətləri ilə Azərbaycanı güclü iqtisadi-siyasi və mədəni tellər bağlayır.

Azərbaycan İslam dövlətlərinin təmsil olunduqları bütün təşkilatlara üzvdür. 2027-ci ildə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünün keçirilməsinin nəzərdə tutulması da ölkəmizə göstərilən beynəlxalq etimadın ifadəsidir.

Azərbaycanın Fələstin məsələsində mövqeyi isə ardıcıl, aydın və prinsipialdır.

Fələstinin Qarabağ münaqişəsində Azərbaycanın deyil, Ermənistanın tərəfində mövqe tutmasına baxmayaraq, ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləyib, Fələstinə davamlı olaraq maliyyə və humanitar yardımlar göstərib. Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olublar. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunur.

Bu faktın özü də onu sübut edir ki. Azərbaycan bir çox İslam dövlətlərindən daha çox Fələstinin təssübünü çəkir. Yeri gəldikcə onun hüquqları üçün mübarizə aparır. Amma Azərbacan bu siyasəti yürüdərkən görüntü üçün qardaşını ayaqlar altına atmır. Əksinə bütün Türk dünyası ilə birgə İslamın rifahına və güclənməsinə xidmət edir.

Nurçuluq təhlükəsi: Qardaşlıq pərdəsi altında ideoloji nüfuz cəhdi

Türkiyədən Azərbaycana qarşı ideoloji təhdid və hücumlar yalnız bugünkü qarayaxma kampaniyası ilə məhdudlaşmır. Əvvəlki illərdə ölkəmizdə müxtəlif sahələrə, xüsusilə təhsil sisteminə nüfuz etməyə çalışan nurçu şəbəkələr də ciddi narahatlıq doğururdu. Həmin şəbəkələrin ölkəmizə ayaq açmasında Türkiyənin dövlət səviyyəsində göstərdiyi dəstək və yardımlar mühüm rol oynamışdı. Bu təhlükə hələ də tam aradan qalxmayıb.

Nurçuluq məsələsinə sadəcə dini cərəyan müstəvisindən yanaşmaq düzgün deyil. Bu cür qapalı ideoloji şəbəkələrin təhsil, gənclik və ictimai həyat üzərindən təsir imkanları qazanması gələcəkdə paralel sədaqət mərkəzlərinin formalaşmasına şərait yarada bilər. Nurçuların yenidən Azərbaycan cəmiyyətinin düşüncəsinə və gələcək nəslin dünyagörüşünə nüfuz etmək imkanı yaranarsa, bu, artıq təkcə dini deyil, milli təhlükəsizlik məsələsinə çevriləcək.

Bu gün Türkiyədən Azərbaycana yönələn ideoloji təzyiqlər fonunda Ankaranın yenidən oxşar təcrübəyə baş vurmaq ehtimalı böyükdür.

Belə olan halda Azərbaycanda milli maraqların, dünyəvi dövlətçilik prinsiplərinin və cəmiyyətin ideoloji təhlükəsizliyini qorunması həyati əhəmiyyət kəsb edir.

“Bir millət, iki dövlət” sloqanını yanlış anlayanda...

Bəli, Azərbaycan və Türkiyə bir millətdir, amma hərəmizin öz dövləti var. Üstəlik, müstəqil siyasət yürüdən Azərbaycan sürətlə inkişaf edir, regional güc kimi beynəlxalq nüfuzununu günbəgün artırır. Müstəqilliyimiz, bugünkü inkişaf yolumuz bizə böyük qurbanlar, minlərlə şəhidin qanı bahasına başa gəlib. Biz bu qədər qurbanları bir imperiyanın əsarətindən qurtulub, başqa birinin təsiri altına düşmək üçün verməmişik.

Azərbaycan dostluğa, qardaşlığa sadiqdir. Lakin bu, Türkiyəyə ölkəmizlə diqtə, təzyiq dilində danışmaq haqqı vermir. Azərbaycan öz müstəqilliyini, ideoloji təhlükəsizliyini qoruyur, qorumağa da davam edəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niderlandın xarici işlər naziri Azərbaycana SƏFƏR EDƏCƏK

Niderlandın xarici işlər naziri Azərbaycana SƏFƏR EDƏCƏK

Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara HÖKM OXUNDU

Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara HÖKM OXUNDU

Tramp daha 4 il ABŞ prezidenti olmaq istədiyini AÇIQLADI

Tramp daha 4 il ABŞ prezidenti olmaq istədiyini AÇIQLADI

Parlamentin növbəti iclasında 12 məsələ müzakirə ediləcək - SİYAHI

Parlamentin növbəti iclasında 12 məsələ müzakirə ediləcək - SİYAHI

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

Dənizə düşən qadın 20 saatdan sonra sağ tapıldı – VİDEO

Dənizə düşən qadın 20 saatdan sonra sağ tapıldı – VİDEO

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür etdi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür etdi

Qardaşlıq adı altında DİQTƏ: Anti-Azərbaycan kampaniyası və nurçuluğun İDEOLOJİ TƏHDİDLƏRİ

Qardaşlıq adı altında DİQTƏ: Anti-Azərbaycan kampaniyası və nurçuluğun İDEOLOJİ TƏHDİDLƏRİ

Şavkat Mirziyoyev də Azərbaycana gəlir

Şavkat Mirziyoyev də Azərbaycana gəlir

Tərlan Quliyev vəfat etdi

Tərlan Quliyev vəfat etdi

Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşdə nəyi müzakirə etdi? – FOTO

Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşdə nəyi müzakirə etdi? – FOTO

İsrail 22 antik eksponatı Yunanıstana qaytardı

İsrail 22 antik eksponatı Yunanıstana qaytardı

Gürcüstandan Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Gürcüstandan Azərbaycana külli miqdarda dərman gətirmək istədilər

Qırğızıstan Prezidenti sabah Azərbaycana gələcək

Qırğızıstan Prezidenti sabah Azərbaycana gələcək

Azərbaycanda təhsil alan tələbə xaricdəki universitetə köçürülə bilərmi? - RƏSMİ

Azərbaycanda təhsil alan tələbə xaricdəki universitetə köçürülə bilərmi? - RƏSMİ

Avtomobil kərpic divarı dağıdaraq mağazanın içinə girdi – VİDEO

Avtomobil kərpic divarı dağıdaraq mağazanın içinə girdi – VİDEO

Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Bugünkü gəmi hücumunda bir azərbaycanlı yaralanıb - XİN

Bugünkü gəmi hücumunda bir azərbaycanlı yaralanıb - XİN

Anatoli Kaşpirovskinin nəşi Rusiyadan Ukraynaya gətirilərək dəfn olundu

Anatoli Kaşpirovskinin nəşi Rusiyadan Ukraynaya gətirilərək dəfn olundu

Milli Məclisdən Türkiyəyə BƏYANAT

Milli Məclisdən Türkiyəyə BƏYANAT

QMİ sədri: “Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir”

QMİ sədri: “Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir”

"Formula-1" 33 ildən sonra Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalandı

"Formula-1" 33 ildən sonra Afrikaya qayıdır: Ruanda ilə 10 illik müqavilə imzalandı

Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

Rusiyada "Orta Asiya – Mərkəz" qaz kəmərində patlayış oldu - FOTO

End of content

No more pages to load

RADİO