“İsveçrə Federal Xarici İşlər Departamenti (FXİD) “Dağlıq Qarabağda sülh forumu. Erməni əhalisinin geri qayıtmasına icazə verilməsi” təşəbbüsü ilə bağlı Qarabağ ermənilərinin heç bir nümayəndəsi ilə əlaqə saxlamayıb”.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu barədə İsveçrə Milli Şurasının ermənipərəst deputatı Erix Vontobelin sorğusuna cavab olaraq İsveçrə FXİD-dən bildirilib.
Cavabda qeyd olunub ki, məsələyə aidiyyəti olan dövlətlər, xüsusilə də Azərbaycan sözügedən təşəbbüsü qəbul etməyib:
“Bu səbəbdən sözügedən təşəbbüs çərçivəsində forum baş tutmayıb. Üstəlik, İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis bu il avqustun 4-də Bakıya səfəri çərçivəsində ölkəsinin bu məsələ ilə bağlı mövqeyini bir daha təsdiqləyib”.
Xatırladaq ki, 2024-cü il oktyabrın 15-də İsveçrə Milli Şurasının Xarici siyasət komitəsinin deputatları - Erix Vontobel, Moser Tiana Angelina və Valder Nikolas Qarabağ erməniləri ilə bağlı İsveçrə Federal Şurasına təşəbbüs irəli sürüblər.
Sözügedən təşəbbüsdə Federal Şuraya ən geci bir il ərzində “Qarabağda sülhə dair” beynəlxalq forum təşkil etmək təklifi irəli sürülüb.
Lakin Federal Xarici İşlər Departamentinin cavabından da göründüyü kimi Azərbaycanın qətiyyəti sayəsində sözügedən təşəbbüs qəbul olunmayıb. Azərbaycanın bu qətiyyəti qarşısında Ermənistan da artıq bu fikirdən daşınıb. Beləcə, İsveçrə parlamentinin ermənipərəst deputatlarının təxribat cəhdi iflasa uğrayıb.
Bizim.Media