Müharibədən qayıdan insanın yaraları heç də həmişə fiziki olaraq görünmür. Bəzən ən ağır yaralar yaddaşlarda, ürəklərdə daşınır. Bu da nəticədə onların gündəlik davranışında, cəmiyyətlə münasibətində və gələcəyə baxışında özünü göstərir. Fiziki əngəlliklə yanaşı, müharibə təcrübəsinin yaratdığı psixoloji yükün aradan qalxması daha uzun və fərdi yanaşma tələb edir. Digər tərəfdən ailəsinin maddi gəlirini əvvəlki kimi təmin edə bilmədiklərinə görə özlərini çarəsiz hiss edə bilirlər.
Qərbin təcrübəsində necədir?
Müharibə iştirakçıları üçün ən maraqlı yanaşmalardan biri ABŞ-dədir: Creative Forces (Yaradıcı Güclər) adlı proqram ABŞ Milli İncəsənət Fondu, Müdafiə Nazirliyi və Veteranlar İşləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Proqrama əsasən veteran fiziki-psixoloji reabilitasiyanı bitirən kimi müxtəliv rəssamlıq, heykəltəraşlıq, teatr və digər incəsənət istiqamətlərinə cəlb edilirlər. Əsas məqsəd sadəcə vaxt keçirmək deyil, yaradıcılıq vasitəsilə psixoloji vəziyyətin yaxşılaşdırılması və sosial həyata qayıdışa dəstək olmaqdır. Həmçinin travmatik təcrübənin onun bütün həyatını müəyyən edən yeganə hadisəyə çevrilməsinin qarşısını almağa, insana yeni maraq, yeni sosial çevrə yaratmağa çalışırlar.
Yaranı sağaltmaq kifayət deyil, yeni başlanğıc üçün peşə və gəlir lazımdır
Bu yanaşmanın daha bir maraqlı tərəfi isə yaradıcılığın sonradan biznesə çevrilməsidir. Məsələn, rəsmə maraq göstərən veteran sadəcə başını qatmır, onun əsərləri sərgilənir, satılır və gəlir mənbəyinə çevrilir. Nəzərə alsaq ki, toplum belə həssas kateqoriyadan olan soydaşlarına qarşı daha diqqətli olur, yəni sərgiyə qatılıb mütləq maddi dəstək göstərməklə bir növ, öz vətəndaş borcundan da çıxır, deməli həm dövlət qurumlarının həm də veteranın faydalana biləcəyi işə çevrilir.
Bəs Azərbaycanda müharibə iştirakçıların yeni həyata adaptasiyası mecə aparılır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın bildirildi ki, müharibə veteranları ilə bağlı icra olunan sosial dəstək tədbirləri bir-birini tamamlayan tədbirlər olmaqla onların həm sosial təminatla əhatə olunmalarına, həm reabilitasiyasına, həm də sosial rifah halına, gəlir imkanlarının artırılmasına istiqamətlənib:
“Həm şəhid ailələri, həm də müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək paketi icra olunur. İndiyədək təqribən 132 min unikal şəxsi əhatə edən və onlara 435 min xidmətin göstərildiyi bu paket çərçivəsində müharibə iştirakçıları aylıq təqaüdlə, müharibədə yaralanmış müharibə iştirakçıları, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər birdəfəlik sığorta ödənişləri ilə təmin edilirlər. Habelə aylıq sosial ödənişlərlə də təmin olunurlar. Bu ödənişlər son 6 ildə orta hesabla 3 dəfə artırılıb. Onlar da mənzillə və avtomobillə təminat proqramları ilə əhatə olunurlar.
İndiyədək 16 mindən çox şəhid ailəsi və müharibə ilə əlaqədar əliliyi olan şəxs mənzillə, 7700 nəfər müharibə ilə əlaqədar əliliyi olan şəxs avtomobilə təmin edilib”.
Həmçinin əlavə olundu ki, postmüharibə dövründə qeyd olunan paket üzrə 11 min nəfərə 108 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2500 şəxs 101 min reabilitasiya vasitəsi, həmçinin 500-dən çox hərbçi 624 yüksək texnologiyalı protezlə təmin olunub. Nazirliyin reabilitasiya mərkəzlərində qazilərin reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunur. Artıq onlardan bir hissəsi reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.
Sonrakı mərhələdə isə müharibə veteranları aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına növbədənkənar cəlb edilirlər. Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 30,5 min nəfərin məşğulluğuna dəstək göstərilib, onlardan 13,5 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər qurulub ki, bu da onların sosial rifah halının, gəlir imkanlarının artmasına dəstəkdir.
Məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələri üzvləri və müharibə iştirakçılarından 1600 şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub və kursları bitirənlərin işlə təminatı həyata keçirilib”.
Şəfiqə Şəfa, Bizim.Media