Naxçıvan Azərbaycan dövlətçilik tarixində siyasi iradənin, milli yaddaşın və dövlətçilik əzminin mühüm simvollarından biridir. Naxçıvan həm də Turançılıq ideyalarının yayılmasında, Türk birliyinin reallaşmasında mühüm bir körpüdür.
Qlobal güclər son 100 ildə Naxçıvanı Azərbaycandan almaq, bununla da Türk dövlətlərini birləşdirəcək bağı qopartmaq istəyiblər. Bunun üçün müxtəlif təxribatlar təşkil olunub, qırğın xofu yaradılıb. Bütün cəhdlər boşa çıxanda isə Ermənistan tərəfindən işğal olunan Qarabağ ərazisini Naxçıvanla dəyişdirmək ideyası irəli sürülüb.
Təbii ki, Azərbaycan xalqının və onun müdrik liderlərinin qətiyyəti hesabına Naxçıvan Azərbaycanın bir hissəsi kimi qorunub, inkişaf edib. Və bu gün Naxçıvan təkcə Azərbaycan və Türk dünyasının bir parçası yox, həm də qlobal güclərin maraq dairəsində olan Orta Dəhlizin mühüm bir halqasıdır.
Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan necə inkişaf etdi?
Naxçıvanın inkişafından danışanda ilkin olaraq Ulu öndər Heydər Əliyevin bu sahədəki tarixi xidmətləri göz önünə gəlir. Hələ sovetlər dönəmində Naxçıvanın inkişafı dahi öndər üçün prioritet olub.
O, 1970-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olub. Ümummilli Liderin təşəbbüsü və diqqəti sayəsində kompleks tədbirlər həyata keçirilib və nəticədə, həmin dövr ərzində muxtar respublikanın sənaye potensialı təxminən üç dəfə yüksəlib.
Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında istehsal olunan sənaye məhsullarının ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb.
Dahi liderin Naxçıvana qayıdışı
SSRİ-nin dağılması prosesi başlayanda Moskvada siyasi izolyasiya şəraitində yaşayan Heydər Əliyev bütün təzyiq və təxribatlardan çəkinməyərək 1990-cı ilin 22 iyulunda Naxçıvana qayıtdı.
Bu gün çoxları üçün Ulu Öndərin Bakıya yox, Naxçıvana qayıdışı sual olaraq qalır.
Əslində bu sualın çox sadə cavabı var. Çünki Vətən sərhədlərdən başlayır. SSRİ-nin dağılma prosesində Azərbaycan sərhədlərinin kiçilmə təhlükəsi var idi. Bu təhlükə ən çox da Naxçıvan üçün real görünürdü.
Məhz Vətəni növbəti dəfə parçalanmadan, yaralanmadan qorumaq üçün dahi öndər Naxçıvana getdi.
Yada salaq ki, Ermənistan ötən əsrin 80-ci illərinin sonlarında Naxçıvana qarşı böyük təxribat planı hazırlamışdı. Məqsəd xarici qüvvələrin dəstəyi ilə Naxçıvanı ələ keçirtmək idi.
Amma Heydər Əliyev dühası, Heydər Əliyev qətiyyəti Ermənistanın və qlobal güclərin planını pozdu və Naxçıvan Azərbaycanın bir parçası və Türk dünyasının birlik körpüsü kimi ayaqda qaldı.
Yada salaq ki, dahi öndərin Naxçıvana gəlişindən sonra ilk işi Türkiyə ilə sərhədləri açmaq oldu. Bu təkcə iqtisadi blokada şəraitində yaşayan Naxçıvanı xilas etmək deyildi. Həm də Naxçıvanın Türk birliyi üçün nə qədər önəmli bir mayak olduğunu hər kəsə göstərmək idi.
Ümumilikdə isə öz gəlişi ilə Heydər Əliyev Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı.
Burada Muxtar Respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi.
Ulu Öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirdi.
Naxçıvanda siyasi sabitlik əldə Heydər Əliyev muxtar respublikanın iqtisadi dirçəlişi üçün böyük işlərə başladı.
1993-2003-cü illərdə Naxçıvanın inkişafı üçün reallaşdırılan layihələr
Xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Muxtar Respublikanın dirçəlişinə xüsusi diqqət ayırdı.
Nəticədə 1993-2003-cü illərdə muxtar respublikada sənaye məhsulu 3,4 dəfə artdı. Ümumi daxili məhsulunun həcmi 6,8 dəfə, əhalinin gəlirləri isə 10,5 dəfə artdı.
Ulu Öndər Azərbaycanda ikinci hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəklədi. Burada aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etdi.
Təkcə bunu demək kifayətdir ki, müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 69 dəfə, sənaye məhsulunun həcmi 117 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 15 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 141 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 348 dəfə, nəqliyyat sektorunda yük daşınması 27 dəfə, pərakəndə əmtəə dövriyyəsi 49 dəfə, əhali gəlirləri isə 61 dəfə artıb.
İlham Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısı
Bu gün təkcə Türk dünyasının yox, həm də “Şərqin qapısı” hesab edilən Naxçıvan Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə inkişaf edir, qüdrətlənir.
Naxçıvanın geosiyasi və geoiqtisadi statusunu yüksək qiymətləndirən Azərbaycan lideri Muxtar Respublikaya xüsusi diqqət ayırır. Təsadüfi deyil ki, hakimiyyətdə olduğu dövrdə İlham Əliyev 17 dəfə Naxçıvana səfər edib. Bu səfərlərin hər biri yeni, strateji infrastruktur obyektlərinin açılışları ilə yadda qalıb.
Prezident İlham Əliyev Naxçıvanın müdafiəsi ilə paralel, muxtar respublikanın Azərbaycanın ümumi iqtisadi və geosiyasi inkişaf sisteminə daha sıx inteqrasiyasına xüsusi diqqət yetirir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Naxçıvanın təhlükəsizliyi və inkişafı xüsusi məzmun kəsb edib. Dövlət başçısının Naxçıvanda infrastruktur, energetika, sosial xidmətlər və iqtisadiyyat üzrə qəbul etdiyi qərarlar məhz bölgəyə sistemli yanaşmanın göstəricisidir.
2023-2027-ci illəri əhatə edən Dövlət Proqramı isə yeni mərhələnin əsas çərçivəsini müəyyənləşdirib. Burada söhbət artıq ayrı-ayrı strateji obyektlərin tikintisindən deyil, Naxçıvan iqtisadiyyatının struktur baxımından yenilənməsindən gedir.
Görülən işlərin real nəticələri
Qeyd edək ki, 2023-cü illə müqayisədə 2025-ci ildə ÜDM real ifadədə 7,6 faiz, sənaye istehsalı 4,6 faiz, nəqliyyat və anbar təsərrüfatı isə 25,7 faiz artıb. Əsas kapitala investisiyaların 2,5 dəfə yüksəlməsi iqtisadi genişlənmənin arxasında ciddi investisiya fəallığının dayandığını göstərir.
2023-cü ildən 2026-cı ilin ortalarınadək 359 istehsal və xidmət sahəsinin yaradılması, 342 sahibkarlıq layihəsinə 27,2 milyon manat güzəştli kreditin verilməsi də yerli iqtisadi bazanın genişləndirildiyini göstərir.
Ölkə başçısının 2026-cı il avqustun 11-də son səfəri Naxçıvanın sosial-iqtisadi və mədəni həyatında yeni səhifə açdı. Səfər çərçivəsində Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafının Baş Planı nəzərdən keçirilib, sənaye parkının və sosial mənzil kompleksinin təməli qoyulub, DOST Mərkəzi açılıb, dəmir yolu infrastrukturu və yeni elektrik avtobusları ilə bağlı layihələrə baxılıb. Eyni zamanda Naxçıvanda hərbi potensialın gücləndirilməsi ilə bağlı tədbirlər keçirilib.
Burada əsas məqam ondan ibarətdir ki, Naxçıvana yanaşma artıq yalnız regional inkişaf siyasəti çərçivəsində deyil, daha geniş geoiqtisadi strategiyanın tərkib hissəsi kimi formalaşır.
Naxçıvanın Türkiyə ilə birbaşa əlaqəsi, Zəngəzur istiqamətində yaranan yeni nəqliyyat perspektivləri və Şərq-Qərb bağlantılarında Azərbaycanın mövqeyinin güclənməsi Muxtar Respublikanın strateji əhəmiyyətini artırır və artırmağa davam edəcək.
Bizim.Media-nın analitik qrupu