Nəqliyyat dəhlizi təkcə iqtisadi əlaqələrin genişlənməsi demək deyil. Bu həm də geosiyasi gücdür.
Təsadüfi deyil ki, əvəllər neft-qaz ehtiyatları uğrunda mübarizə gedirdisə, hazırda bütün dövlətlər əlverişli və təhlükəsiz nəqliyyat dəhlizlərinə fokuslanıb.
Bu mənada Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizləri qlobal iqtisadiyyatın bütün iştirakçıları tərəfindən ciddi şəkildə müzakirə olunur. Çünki hər iki dəhlizin həm təhlükəsizlik, həm də qısa olmasına görə alternativlərindən xeyli öndə dayanır.
Zərurətdən doğan strateji layihə - Zəngəzur dəhlizi
Bu məqamı nəzərə alan Azərbaycan qlobal iqtisadiyyat iştirakçılarına daha bir nəqliyyat dəhlizini - Zəngəzuru təklif etdi.
Bu dəhlizin dirçəldilməsi ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ilk dəfə 44 günlük müharibənin yekun sənədi olan 10 noyabr bəyannəməsi razılaşdırılan zaman irəli sürüldü. Lakin bəzi xarici dairələr son 5 ildə bu ideyanın həyata keçməsinə əsaslı şəkildə əngəl oldu.
Nəhayət 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinin iştirakı ilə imzaladığı Birgə Bəyannamə bu məsələdə mühüm dönüş nöqtəsi oldu. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz əlaqənin təmin edilməsi və TRIPP – “Trump Route for International Peace and Prosperity” layihəsinin hazırlanması öz əksini tapdı.
Avropanı Asiya ilə birləşdirən körpü
Zəngəzur dəhlizi artıq yalnız Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat xətti deyil. Layihə Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallığın formalaşmasının əsas elementlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd edib ki, bu yolun əhəmiyyəti təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq:
“Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə, ya başlayıb, ya da ki, başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər.
Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır”.
Zəngəzur dəhlizinin inşası işləri nə yerdədir?
Zəngəzur layihəsinin Azərbaycan hissəsində işlər artıq praktiki mərhələdədir. Horadiz–Ağbənd avtomobil yolu və dəmir yolu layihələri Azərbaycanın ərazisində dəhlizin əsas bağlantısını formalaşdırır. Həmin infrastrukturun bu il tamamlanması gözlənilir.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 22 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın və 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub. Hazırkı vəziyyətdə dəmir yolunun inşasında ümumi işlər 95, tikinti işləri isə 45 faiz yekunlaşıb.
Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduqları 123,6 kilometrlik Horadiz – Ağbənd avtomobil yolu yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilir. Magistralın ümumi uzunluğu 149,9 kilometrdir. Əsas yolun uzunluğu isə 123,6 kilometrə çatır. Yolun texniki dərəcəsi 1B-dir, bu isə yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır. Yolun eni 14-21 metr arasında dəyişir, torpaq yatağının eni 21,5-29,5 metrdir. Demək olar ki, magistralın inşası yekunlaşdırılıb. Hazırda son tamamlanma işləri aparılır.
Zəngəzur dəhlizin Naxçıvandan keçən hissəsində də işlər sürətlə aparılır.
2025-ci ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Hazırda Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır.
Xəttin ox üzrə uzunluğu 194 kilometr, yan yollarla birlikdə isə 264 kilometrdir. Dəmir yolu boyunca ümumilikdə 814 mühəndis qurğusunun, o cümlədən 10 stansiyanın, 3 platformanın, 29 körpü, 11 yolötürücünün və müxtəlif keçidlərin inşası və yenidən qurulması nəzərdə tutulur.
Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
Naxçıvanda yenidən qurulan dəmir yolu şəbəkəsi Ordubad tərəfdən, Horadiz–Ağbənd dəmir yolu xətti isə Azərbaycanın əsas hissəsindən Zəngəzur dəhlizinə qoşulacaq. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin formalaşması nəzərdə tutulur. Eyni zamanda, bu marşrut Türkiyə ilə birbaşa dəmir yolu bağlantısını yaradacaq.
Zəngəzur dəhlizinin qlobal əhəmiyyəti
Yeni bağlantı Orta Dəhlizin imkanlarını genişləndirməklə Avropa və Asiya arasında yükdaşımaların inkişafına, Türkiyə və Avropa bazarlarına çıxışın gücləndirilməsinə töhfə verməklə Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulan layihə 5 ilə tamamlanacaq. Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək.
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Təbii ki, Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir. Bu layihələr daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur.
Ermənistan da artıq hərəkətə keçir
Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 45 kilometrlik hissəsinin inşası üçün Ermənistan höküməti tərəfindən hüquqi, institusional və texniki mexanizmlər formalaşdırılır.
Nəzərə alaq ki, dəhlizin Ermənistan ərazisindən keçən hissəsi Amerika şirkətlərinin patronaşlığı ilə həyata keçirilir.
Belə ki, 2026-cı ilin may-iyun aylarında ABŞ və Ermənistan TRIPP üzrə çərçivə sazişini rəsmiləşdirib. Sənəddə Ermənistanın suverenliyi və yurisdiksiyası vurğulanmaqla yanaşı, marşrutun yaradılması üçün ABŞ-la strateji əməkdaşlıq mexanizmləri nəzərdə tutulur.
Ermənistan hökuməti isə 2026-cı ilin iyulunda sazişin ratifikasiyası prosesini başlayıb. Bu yaxınlarda isə ABŞ bu layihənin maliyyələşməsinə 400 milyon dollar ayırıb.
Azərbaycanın strateji qazancı
Azərbaycan üçün layihənin üç aspektdən xüsusi əhəmiyyət kəsb edir:
- Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru bağlantısı yaranır.
- Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişmə nöqtəsində mövqeyini daha da möhkəmləndirir. Rəsmi Azərbaycan mənbələri də Zəngəzur bağlantısını hər iki əsas nəqliyyat istiqamətinin yeni seqmenti kimi qiymətləndirir.
- Bakı regional logistika mərkəzi statusunu gücləndirir. Azərbaycan artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt logistika imkanları vasitəsilə Orta Dəhlizin əsas halqalarından biridir. Zəngəzur bağlantısının əlavə olunması bu sistemin coğrafiyasını genişləndirəcək.
Zəngəzur Orta Dəhlizin əsas halqasına çevrilə bilər
Ən real perspektiv Zəngəzur xəttinin ayrıca bir yol deyil, daha böyük regional logistika sisteminin hissəsinə çevrilməsidir.
Çin və Mərkəzi Asiyadan gələn yüklər Xəzər üzərindən Azərbaycana daxil olaraq Bakıdan qərbə – Gürcüstan və Türkiyəyə, cənub-qərb istiqamətində isə Zəngəzur üzərindən Naxçıvan və Türkiyəyə yönələ bilər. Bu isə Azərbaycanı alternativ marşrutların bir-biri ilə kəsişdiyi mühüm logistika mərkəzinə çevirə bilər.
Surxay Atakişiyev, Bizim.Media