Xəbər verdiyimiz kimi, bu gün “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu bu gün öz işinə başlayıb. Forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndələri, ekspertləri və rəsmi şəxslər iştirak edir.
Artıq dördüncü dəfə keçirilən Forum beynəlxalq ekspertlərin, jurnalistlərin qlobal məsələlərin müzakirə etdiyi unikal bir platformaya çevrilib. Məhz bu səbəbdən hər forumda iştirakçıların sayı artır.
Qlobal trendləri qabaqlayan mövzu
IV Şuşa Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyil. Bu forum həqiqətin müdafiəsinə, obyektiv jurnalistikanın təşviqinə və media vasitəsilə etimadın bərpasına çağırışdır. Təsadüfi deyil ki, tədbirin əsas mövzusu "Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" kimi müəyyənləşdirilib. Çünki müasir dünyada sülh təkcə siyasi razılaşmalarla deyil, həm də doğru informasiya və qarşılıqlı etimadla möhkəmlənə bilər.
İnformasiya müharibələrinin sərhəd tanımadığı bir zamanda media yalnız hadisələri işıqlandıran vasitə ola bilməz. O, həm də həqiqəti müdafiə etməli, cəmiyyətləri manipulyasiyalardan qorumalı, yalanın qarşısında peşəkarlıq və vicdan nümayiş etdirməlidir.
Təəssüf ki, son illərdə saxta xəbərlər, rəqəmsal manipulyasiyalar və məqsədli informasiya kampaniyaları beynəlxalq münasibətlərə ciddi təsir göstərir. Belə şəraitdə jurnalistikanın əsas missiyası sensasiya yaratmaq deyil, həqiqəti araşdırmaq və onu cəmiyyətə dürüst şəkildə çatdırmaqdır.
Forumu əlamətdar edən faktorlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və forum iştirakçıları ilə açıq dialoqudur.
Ənənəvi olaraq hər forumda çıxış edən Prezident İlham Əliyev təkcə jurnalistlərin suallarını cavablandırmır, həm də regional və beynəlxalq əhəmiyyətli məsələlərə öz mövqeyini açıqlayır.
Və bu dəfə də belə oldu...
Azərbaycan lideri budəfəki Forumda regional, eyi zamanda beynəlxalq aləm üçün aktual məsələlərə toxunub və ölkəmizin həmin problemlərə yanaşmasını ortaya qoyub.
Avropa Komissiyası və AŞPA-nın qərəzli yanaşması
Azərbaycan lideri ilk növbədə Qərbin ikili standartlarını sərt tənqid edib. Bildirib ki, Avropanın bəzi rəsmiləri və qurumları Azərbaycana qarşı qərəzli mövqedən çıxış ediblər. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir:
“Avropa Şurasının Parlament Assablemsiyasına vaxtı ilə başqa bir mənzərə vardı. Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Vaxtilə mən 2001-ci ildə Azərbaycan Parlamentində üzv olduqda nümayəndə heyətinə rəhbər idim. İki il orada çalışdım. Orada il ərzində 4 sessiya keçirildi. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək seperatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər".
Bununla da Prezident İlham Əliyev təkcə AŞPA-nın ikili siyasətini ifşa etmədi. həm də AŞPA kimi qurumların bəzi qlobal güclərin əlində siyasi dəyənək olduğunu açıq şəkildə ortaya qoydu.
Dövlətimizin başçısı Avropa Komissiyasında mövcud olmuş anti-Azərbaycan qrupundan da söz açıb:
“İndi biz deyə bilərik ki, bəzi korrupsiyaya uğramış şəxslər, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş nümayəndəsi cənab Okampo öz fikrini də bildirmişdir. O, müəyyən maliyyə mənbəyindən yararlandı və bir erməni oliqarxı Ermənistanla bağlı olan məsələlərdə ona dəstək vermişdir.
“Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi və ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib. O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı”.
Avropa ilə enerji tərəfdaşlığı
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi paya malikdir. Belə ki, ölkəmizdən 16 ölkəyə boru kəmərləri ilə qaz nəql edilir ki, həmin ölkələrin çoxu Avropa İttifaqının üzvləridir.
Dövlətimizin başçısı qaz nəqlinin şaxələndirilməsi istiqamətində işlər aparıldığını da diqqətə çatdırıb:
“Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqları aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı bizə müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir və 10 il bundan əvvəl ilə müqayisə etsək, rolumuz daha vacibdir”.
Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə
Sirr deyil ki, son dövrlərdə ABŞ-Azərbaycan münasibətləri son 35 ilin ən yüksək səviyyəsinə yüksəlib. Bu barədə danışan ölkə başçısı bildirib ki, Prezident Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var:
“Təəssüf ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyasının o vaxtkı Minsk qrupunun həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin dondurulmasından ibarət idi. Azərbaycanın əraziləri azad edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi ki, bunu onların özləri də qəbul etmişdilər. Məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana, müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə etmək idi”.
Bundan əlavə, Prezident bir daha vurğulayıb ki, "907-ci düzəliş" tamamilə aradan qaldırlmalı və ləğv edilməlidir:
"Əfsuslar olsun ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, hələ ki qüvvədə qalır. ABŞ Konqresi bunu nə qədər tez ləğv edərsə, bu həm hamı üçün, həm də Azərbaycan üçün faydalı olacaq, çünki belə olan halda ayrı-seçkilik aradan qalxacaq və Konqres öz məsuliyyətini və bacarığını nümayiş etdirəcək”.
ABŞ-İran və Rusiya-Ukrayna müharibəsinə geosiyasi yanaşma
Bununla paralel Azərbaycan Prezidenti regionda və beynəlxalq aləmdə davam edən münaqişələrdən narahatlığını da dilə gətirib. Xüsusilə 4 ildən artıq davam edən Ukrayna-Rusiya münaqişəsi barədə danışan ölkə başçısı bəyan edib ki, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyün dəstəkləyib və dəstəkləyəcək. İlham Əliyev vurğulayıb, bu müharibənin dərhal dayandırılması çoxdan dərk edilməli idi:
"Artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dərhal dayandırılmalıdır. Təbii ki, bu, Azərbaycanın və mənim humanist mövqeyimdir".
Prezident İlham Əliyev çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ – red.) danışıb və qonşu ölkələrə səslənib:
“Mən buradan qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox böyük bir təhlükədir”.
Prezident İlham Əliyev, həmçinin Pakistandan olan dostlarımızın vasitəçiliyi nəticəsində bu qarşıdurmaya son qoyulacağına ümidvarlığını ifadə edib.
Türkiyə ilə qardaşlıq mesajı
Dövlətimizin başçısı Türkiyə ilə Azərbaycanın münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha xatırladıb:
“Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir. Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük”.
Azərbaycan-Rusiya normallaşması
Bu gün Azərbaycanın əsas hədəfi regionda davamlı sülhün bərqərar olması və rifahın təmin edilməsidir. Bunun üçün bütün qonşu dövlətlərlə iqtisadi əməkdaşlığın dərinləşməsi istiqamətində işlər aparılır.
Ölkəmizin başçısı bildirib ki, Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb.
“Biz Rusiya ilə münasibətlərə böyük dəyər veririk. Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Putinin ölkələrimiz arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsinə dair bəyanatlarını da görmüşük. Münasibətlər həm ənənəvi əməkdaşlıq sahələrini, həm də gələcəkdə yarana biləcək yeni istiqamətləri əhatə edir. Burada nəqliyyat məsələləri xüsusi əhəmiyyət kəsb edir. Ticarət və humanitar əməkdaşlıq da vacib istiqamətlərdəndir”.
Prezidentdən Zəngəzur dəhlizi mesajı
Təbii ki, regional inkişaf üçün Zəngəzur dəhlizinin gələcəyi də ölkə başçısının çıxışında xüsusi diqqət ayırdığı məslələrdən biri idi:
“Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək. Onlar çox səmərəli şəkildə işlədilər, həmçinin Ermənistana da izah etdilər ki, bu sülh Ermənistana da lazımdır”.
Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin bərpası istiqamətində hazırda ciddi işlər görülür.
Azərbaycanın beynəlxalq arenada güclənən mövqeyi
Forumda çıxışı zaman Prezident İlham Əliyevin bir bəyanat isə hər birimizdə qürur və fəxarət hisləri oyatdı.
O, bəyan etdi ki, Azərbaycan artıq orta səviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni orta səviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür:
“Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir”.
Bu bəyanat hər birimizdə qürur və fəxarət hissi yaratmaqla yanaşı məsuliyyətimizi də artırır. Bu gün hər birimiz, xüsusilə gənclər Azərbaycanın daha da inkişaf etməsinə, qüdrətlənməsinə və ölkə başçısının bu istiqamətdə apardığı uğurlu siyasətə öz töhfələrini verməsi vacibdir.
Fransanın müstəmləkəçilik siyasətinin ifşası
Azərbaycan hər zaman sülhün və rifahın tərəfdarı olub. İstər regionda, istərsə də beynəlxalq aləmdə davam edən münaqişələrin, ədalətsizliklərin qeyd-şərtsiz dayandırılması istiqamətində rolunu əsirgəməyib. Eyni zamanda, bəzi dövlətlərin müstəmləkəçilik siyasətindən narahatlığını dilə gətirib.
Dövlətimizin başçısı çıxışında beynəlxalq aləmdə müstəmləkəçiliyə qarşı mübarizədən də danışıb:
“Bakı Təşəbbüs Qrupu kolonial müstəmləkəçilik, qeyri-bərabərlik siyasətindən danışarkən artıq Azərbaycan hökuməti Fransanın daxili işlərinə müdaxilədə ittiham edilir. Hesab edirik ki, insan hüquqları universal məsələdir. Bakı Təşəbbüs Qrupu qeyri-hökumət təşkilatıdır və bəlkə də bu gün ən səmərəli QHT-lərdən biridir ki, bu məsələni qlobal gündəliyə salıb".
Prezidentdən gənclərə tarixi mesaj
İlham Əliyev çıxışını məhz dövlətimizin gələcəyi olan gənclərə tarixi tövsiyə verməklə yekunlaşdırıb. Prezident bəyan edib ki, milli kimlik, milli ləyaqət hər şeydən üstün olmalıdır:
"Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən, sınmayasan, heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diqtəsi ilə oturub durmayasan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvə-nəticələrinə bunu aşılayasan. Ona görə də bizim gələcək inkişafımız gənc nəsillə bağlı olacaq. Onlar da bizim kimi vətənə bağlı, mətin, iradəli, güclü olmalıdır ki, Azərbaycan da daim yüksəklərdə olsun".
Şuşadan dünyaya səslənən çağırış
Ümumiyyətlə, Azərbaycan Liderinin Şuşadan səsləndirdiyi fikirlər təkcə Azərbaycana aid deyil. Bu fikirlər regional və beynəlxalq münasibətlərə yeni yanaşma formuludur.
Həmçinin bu bəyanatlar həqiqətin təhrif olunmasına etiraz edən, peşəkar jurnalistikanın nüfuzunu qorumağa çalışan bütün media nümayəndələrinə ünvanlanan çağırışdır. Çünki dünyanın gələcəyi yalnız iqtisadi və hərbi güclə deyil, informasiya məkanında dürüstlük, məsuliyyət və etimadın qorunması ilə də müəyyən olunacaq.
IV Şuşa Qlobal Media Forumu bir daha sübut edir ki, həqiqətin ünvanı dəyişmir. O, harada səslənməsindən asılı olmayaraq öz yolunu tapır. Bu gün isə həmin həqiqətin səsi Qarabağın incisi Şuşadan dünyaya yayılır və beynəlxalq ictimaiyyəti daha məsuliyyətli, daha obyektiv və daha vicdanlı media naminə birgə fəaliyyətə səsləyir.
Bizim.Media-nın analitik qrupu