Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət edib.
Nəzərə alaq ki, G20-yə dünyanın ən böyük iqtisadiyyatına sahib olan dövlətlər daxildir. Bu mənada Prezident İlham Əliyevin G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini əks etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Dünyanın ən böyük iqtisadiyyatlarını bir araya gətirən G20 qlobal iqtisadiyyatın, maliyyə sabitliyinin, enerji təhlükəsizliyinin, iqlim dəyişikliklərinin və geosiyasi çağırışların müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. Belə bir tədbirə dəvət almaq təkcə diplomatik nəzakət deyil, həm də ölkəmizin beynəlxalq əhəmiyyətinin qəbul edilməsinin göstəricisidir.
Azərbaycan Avropanın əsas tərəfdaşına necə çevrilir?
Son illər Azərbaycan balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdərək həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş imici formalaşdırmağı bacarıb. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyinə verilən töhfələr, yaşıl enerji layihələri və çoxtərəfli diplomatiyada fəallıq ölkənin strateji çəkisini artıran əsas amillər sırasındadır.
Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallaşdığı dövrdə Azərbaycanın təbii qaz ixracının genişlənməsi və alternativ enerji layihələrinə yatırdığı sərmayələr ölkəmizə marağı artırıb. Bu reallıq göstərir ki, Azərbaycan artıq yalnız regional dövlət deyil, qlobal iqtisadi və enerji təhlükəsizliyi zəncirinin mühüm halqalarından biri kimi qiymətləndirilir.
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu
Bu gün Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir. Bu istiqamətdə ən mühüm layihə 3 500 kilometrlik Cənub Qaz Dəhlizidir. Bu dəhliz Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Xəzər qazını Avropa bazarına çatdırır. Layihə 2020-ci ilin sonundan tam istismara verilib və Avropa İttifaqı tərəfindən enerji mənbələrinin şaxələndirilməsində əsas marşrutlardan biri hesab olunur.
Avropa Komissiyasının məlumatına görə, 2021–2024-cü illərdə Azərbaycanın Avropa İttifaqına qaz tədarükü 40 faizdən çox artıb. Hazırda Azərbaycan qazı Avropada getdikcə daha geniş coğrafiyanı əhatə edir və yeni bazarlara çıxışı davam edir.
2022-ci ilin 18 iyul tarixində Bakı şəhərində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər 2027-ci ilədək Avropaya qaz ixracının illik həcmini təxminən 20 milyard kubmetrə çatdırmaq məqsədi istiqamətində əməkdaşlığı genişləndirməyi nəzərdə tuturlar.
2024-cü ildə Azərbaycanın ümumi təbii qaz ixracı 25 milyard kubmetrdən çox olub və bunun təxminən yarısı Avropa bazarına yönəldilib. Ötən ilsə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4 faiz çoxdur.
Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edərək 2024-cü ildəki səviyyə ilə eyni qalıb. Bu göstərici Azərbaycanın Avropa üçün alternativ və etibarlı enerji mənbələrindən birinə çevrildiyini göstərir.
Azərbaycan həm də ən sərfəli tranzit ölkəsidir.
Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik Qərblə Şərq arasındakı daşımlara çox böyük zərbə vurub. Bu münaqişələr nəqliyyat dəhlizlərini iflic edib. Belə ağır vəziyyətdə isə Azərbaycan öz imkanlarını təqdim edir. Ölkəmiz təkcə öz yüklərini və karbohidrogen ehtiyatlarını yox, həm də Mərkəzi Asiya dövlətlərinin yüklərini karbohidrogen ehtiyatlarını ən qısa zamanda və təhlükəsiz şəkildə Avropaya çatdıra bilir.
Eyni zamanda, Avropa dövlətlərinin Şərqə uzanan əlini ən yaxşı şəkildə Azərbaycan tutur. Ona görə də dövlətimizin ümumdaxili məhsulunun həcmi bir çox ölkələrlə müqayisədə kiçik olsa da, tranzit imkanları və yaradılmış unikal nəqliyyat dəhlizləri Azərbaycanı ön plana çıxarır. Beləcə ölkəmiz beynəlxalq aləmdə vacib aktora çevrilir. Məhz bu səbəbdən Azərbaycan Prezidenti G20 Liderlər Sammitinə xüsusi dəvət olunub.
İkitərəfli görüşlər üçün yeni imkanlar
G20 Sammiti çərçivəsində keçirilən görüşlər dövlət başçıları üçün ikitərəfli münasibətlərin inkişafı baxımından da mühüm platformadır. Belə görüşlər yeni investisiya layihələrinin müzakirəsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və siyasi dialoqun dərinləşməsinə şərait yaradır. Bu baxımdan Prezident İlham Əliyevin sammitdə iştirakı Azərbaycanın iqtisadi maraqlarının beynəlxalq səviyyədə təşviqi üçün əlavə imkanlar açır.
Nəzərə alaq ki, Azərbaycanın son illərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər də ölkənin artan nüfuzunu nümayiş etdirir. Müxtəlif qlobal platformaların Bakıda keçirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi və çoxtərəfli diplomatiyada fəallıq Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasına təsir göstərən amillərdən hesab edilir.
Qlobal miqyasda Azərbaycanın artan nüfuzu
Müasir dövrdə dövlətlərin nüfuzu təkcə hərbi və iqtisadi göstəricilərlə deyil, onların beynəlxalq qərarların müzakirəsində iştirak imkanları ilə də ölçülür. G20 kimi nüfuzlu platformada təmsil olunmaq ölkənin sözünün eşidildiyini, təşəbbüslərinin diqqətlə izlənildiyini və əməkdaşlıq üçün etibarlı tərəfdaş hesab edildiyini göstərən mühüm siyasi mesajdır.
Bir sözlə, Prezident İlham Əliyevin G20 Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinin, xarici siyasət kursunun uğurlu nəticələrinin və ölkənin qlobal proseslərdə artan rolunun göstəricisidir.
Bu cür platformalarda iştirak Azərbaycanın milli maraqlarının müdafiəsinə, yeni iqtisadi və siyasi tərəfdaşlıqların qurulmasına, həmçinin ölkənin beynəlxalq mövqeyinin daha da güclənməsinə xidmət edən mühüm amillərdən biridir.
Qeyd edək ki, G20 Liderlər Sammitinin bu il 14–15 dekabr tarixlərində Mayamidə keçirilməsi planlaşdırılır.
Surxay Atakişiyev, Bizim.Media