Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun məhkəmə prosesində şahidlər ifadə verib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verənlərdən biri də ixtisasca həkim olan İdris Ələkbərov olub.
O, təqsirləndirilən şəxsi ilk dəfə istintaqda gördüyünü bildirib.
Şahidin sözlərinə görə, nazirliyin kadrlar şöbəsinin əməkdaşı olan qonşusu Yeganə Eyvazova ona iş təklif edib.
"Mən də onun təklifini qəbul etdim. İşə getməsəm də, adıma əməkhaqqı yazılırdı. Sonuncu əməkhaqqını özüm nağdlaşdıraraq Yeganə xanımın mənə göndərdiyi kart hesabına göndərmişəm. Həmin hadisədən 1 həftə sonra bu məsələnin üstü açılıb", - şahid bildirib.
İclasda şahid qismində ifadə verən Azərbaycan Tibb Universitetinin müəllimi Rövşən Əhmədov deyib ki, əvvəl Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinda çalışıb:
"Mehdi Əmrahovu 2013-cü ildən tanıyıram. 2022-ci ildən eyni idarədə çalışmışıq. Nazirliyin İnventarizasiya və Silinmə Komissiyasında adımın olmasından xəbərim yox idi. Pul çıxarma ilə bağlı sənədin birində adımın, digərində imzamın olduğunu bildirdilər. Lakin mən sözügedən sənədlərə imza çəkməmişəm".
Təqsirləndirilən Mehdi Əmrahov şahidin ifadəsinə müasibət bildirib.
Müttəhim qeyd edib ki, Rövşən Əhmədovu İnventarizasiya və Silinmə Komissiyasına qəbul etməyi komissiyanın üzvləri təklif edib, o da buna razılaşıb.
İclasda həmçinin ziyanın dəqiq hesablanması üçün ekspertiza keçirilməsi təklif edilib.
Səhiyyə Nazirliyinin hüquqi nümayəndəsi qərarı məhkəməyə buraxdığını, dövlət ittihamçısı isə ekspertizaya ehtiyac olmadığını söyləyib.
Mehdi Əmrahovun vəkili də ekspertizanın keçirilməsini xahiş edib.
Məhkəmə heyəti ziyanın dəqiq hesablanması üçün mühasibatlıq ekspertizasının keçirilməsini qərara alıblar.
Növbəti iclas noyabrın 2-nə təyin olunub.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı cinayət işi açılıb.
M.Əmrahova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq dövründə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, məhkəmənin ilk prosesində həbs edilib.
Onu da qeyd edək ki, cinayət işi üzrə zərərçəkən qismində Səhiyyə Nazirliyi tanınıb. (Report.az)
Bizim.Media