Şanlıurfanın Harran rayonunun MHP-dən olan bələdiyyə sədri Mahmut Özyavuzun özünə 63 otaqlı malikanə tikdirdiyi iddia edilir. O, həmçinin öz qohumları tərəfindən partiyasının mərkəzi qərargahına şikayət olunub.
Bizim.Media xəbər verir ki, 91 səhifəlik sənəd toplusunda bələdiyyəyə məxsus şirkətlər vasitəsilə həyata keçirilən əməliyyatların dövlətə təxminən 3 milyard türk lirəsi məbləğində ziyan vurduğu deyilir.
Harranın keçmiş bələdiyyə sədri (AK Partiyadan olan) Mehmet Özyavuzun övladları 2019-cu ildən bəri vəzifədə olan hazırkı sədr Mahmut Özyavuzla bağlı iddiaları əks etdirən 91 səhifəlik sənəd toplusunu MHP rəhbərliyinə təqdim ediblər.
Şikayətdə bildirilir ki, bələdiyyə şirkətləri vasitəsilə həyata keçirilən torpaq satışları və şəhərsalma (zonalaşdırma) prosedurları nəticəsində dövlətə təxminən 3 milyard lirə ziyan dəyib.
Sənəd toplusunda həmçinin qeyd edilir ki, 2025-ci ildə bələdiyyə şirkətlərindən birinin nizamnamə kapitalı 250 min lirədən 1 milyard lirəyə qaldırılıb və iyulun 8-də Özyavuz şirkət üzərindəki səlahiyyətlərini sürücüsü Mahmut İşığa ötürüb.
Şanlıurfanın Harran rayonunun bələdiyyə sədri Mahmut Özyavuzla bağlı ciddi iddialar ortaya çıxıb. Özünə 63 otaqlı malikanə tikdirdiyi iddiaları ilə yanaşı, Özyavuz bələdiyyə şirkətlərindəki fəaliyyətlərlə əlaqədar qohumları tərəfindən MHP mərkəzi qərargahına şikayət edilib.
"Sözcü" qəzetinin məlumatına görə, Özyavuz tərəfindən 2013-cü ildə təsis edilmiş bir şirkət (adında və idarəetməsində edilən müxtəlif dəyişikliklərdən sonra) başqa bir qurumla birləşərək "Harran Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi A.Ş." (Harran Çevre Şehircilik ve İklim Değişikliği A.Ş.) adını alıb.
İddiaya görə, şirkət son beş il ərzində 89 kommersiya obyekti və 23 yaşayış sahəsi əldə edib. Şirkətin qeydiyyat ünvanında isə hazırda Xalq Təhsili Mərkəzinin yerləşdiyi yazılıb.
İş materiallarında qeyd edilib ki, xəzinəyə məxsus 4724 kvadratmetrlik torpaq sahəsi 2021-ci ildən bu günə qədər dəfələrlə əldən-ələ keçib. Bu prosesdə TOKİ (Mənzil İnkişafı İdarəsi), bələdiyyə, bir fiziki şəxs və bələdiyyə şirkəti iştirak edib.
Bildirilir ki, sözügedən əmlak sonda yenidən bələdiyyəyə satılıb. Həmçinin, alqı-satqı sənədlərində adı keçən S.I. adlı şəxsin Suvarma Birliyində fəhlə kimi çalışdığı vurğulanır. Şikayətçilər Mahmut Özyavuz barəsində araşdırma aparılmasını və Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) məsələni araşdırmasını tələb ediblər.
İddialara cavab verən bələdiyyə sədri Mahmut Özyavuz bildirib ki, bu şikayətlərin kökündə ailədaxili mübahisə dayanır. "2019-cu ildə bələdiyyə sədri seçiləndə məlum oldu ki, əmimoğlu bələdiyyədə heç bir əsas olmadan daimi vəzifəyə təyin edilib", - deyə Özyavuz bildirib. - "Onu işdən çıxardığım üçün məni istəmirlər və davamlı olaraq şikayət edirlər".
İşdən çıxarma qərarının məhkəmə tərəfindən qüvvədə saxlanıldığını qeyd edən bələdiyyə sədri bunları deyib:
"Hesablama Palatası da xəbərdarlıq etmişdi. Mən əmək müqavilələrinə xitam verdim, məsələ məhkəməyə gedib çıxdı və mənim haqlı olduğum müəyyən edildi. Orada uğursuzluğa düçar olduqdan sonra indi başqa üsullara əl atırlar. Süni intellekt vasitəsilə dosyeler hazırlatdırır və siyasi partiyama müraciət edərək şikayətlərini bildirirlər. Həmin torpaq sahələri və əmlaklar bələdiyyə şirkətinə məxsusdur. Bu gün mən buradayam, amma sabah başqası olacaq...".
Özyavuz bələdiyyə şirkətlərinə məxsus daşınmaz əmlaklarla bağlı əməliyyatlarda qanun pozuntularının olması barədə iddiaları rədd edib.


Bizim.Media