Türkiyənin Diyarbəkir və Balıkəsir vilayətlərində meşə yanğınları baş verib, yanğınsöndürmə işləri davam etdirilir.
Bizim.Media xəbər verir ki, səhər saatlarında Diyarbəkirdə, kənd təsərrüfatı sahəsi olan Geçit məhəlləsi yaxınlığındakı Mırgan yaylasında, palıd ağaclarının olduğu ərazidə naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə Meşə Təsərrüfatı Müdirliyi, yanğınsöndürmə və jandarma qrupları cəlb olunub.
Yanğına 15 meşə təsərrüfatı əməkdaşı, xüsusi texnikalar və bələdiyyə yanğınsöndürmə briqadaları ilə müdaxilə edilir.
Jandarma və yerli sakinlərin dəstəyi ilə yanğını nəzarət altına almaq üçün işlər davam edir.
Balıkəsirdə, Kepsut rayonunun Karaağaç məhəlləsi yaxınlığındakı ərazidə başlayan yanğın daha sonra meşəlik sahəyə keçib.
Məlumat daxil olduqdan sonra əraziyə Balıkəsir Böyükşəhər Bələdiyyəsi Yanğınsöndürmə İdarəsi və Balıkəsir Meşə Regional Müdirliyinin qrupları göndərilib.
Yanğına həm havadan, həm də qurudan müdaxilə edilir və işlər hazırda davam etdirilir.
Bizim.Media