Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus, təkərinin partlaması nəticəsində idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
Bizim.Media HaberGlobal-a istinadla xəbər verir ki, hadisə zamanı aralarında qadınların da olduğu 22 nəfər xəsarət alıb.
Qəza Suruç rayonunun Yuxarıbostançı məhəlləsində baş verib. Müslüm Özbərkin (44) idarə etdiyi mikroavtobus qəfil təkəri partladığı üçün yoldan çıxıb.
Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürən və polis qrupları cəlb olunub.
Qəzada yaralanan və əksəriyyəti qadın olan 22 işçi təcili yardım maşınları ilə Suruç, Birəcik və Şanlıurfa xəstəxanalarına çatdırılıb. Müalicə altına alınan yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.
Faktla bağlı araşdırma başladılıb.
Bizim.Media