İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, İsrail qoşunları Cəbəl əş-Şeyx (Hermon dağı) bölgəsində və Suriya ərazisindəki bufer zonada təhdidlər davam etdiyi müddətcə qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin "7-ci kanal"ı məlumat yayıb.
Bölgəyə səfəri zamanı Kats bu mövqelərin strateji əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, İsrail hərbçiləri buradan təxminən 35 km məsafədə yerləşən Dəməşqi, həmçinin Livanın Bəqaa vadisini və "Hizbullah" hərəkatının qalalarını müşahidə edə bilirlər.
Nazirin sözlərinə görə, bu mövqelər həm də Qolan təpələri və Qalileyadakı yaşayış məntəqələrini qorumağa imkan verir.
Kats, həmçinin birbaşa Suriya Prezidenti Əhməd Əş-Şaaraya müraciət edib.
"Suriya prezidentinə mesaj aydındır: siz səhər Dəməşqdəki sarayınızda oyananda, Hermon dağına baxıb İsrail ordusunu görəndə bilin ki, biz öz icmalarımızı və sərhədimizi qorumaq üçün buradayıq. Təhdidlər mövcud olduğu müddətcə, İsrail ordusu təhlükəsizliyimizi təmin etmək üçün burada qalacaq", — deyə o bildirib.
Bizim.Media