Adil Əliyev: “ABŞ ermənipərəst mövqeyini davam etdirsə, Fransa kimi vasitəçi statusunu itirəcək”

“Azərbaycan müxtəlif dövlətlərlə əlaqələrini bərabərhüquqlu tərəfdaşlıq əsasında formalaşdırır. Önəmli olan daxili işlərə qarışmamaq və ikili standartlardan uzaq olmaqdır. Təəssüf ki, Amerika Birləşmiş Ştatları bu prinsipi yenə pozmaqla məşğuldur.

Amerikalı rəsmilər bir tərəfdən Azərbaycanla strateji əməkdaşlığın əhəmiyyətindən danışır, digər tərəfdən son günlər ermənipərəst konqresmenlərlə səs-səsə verərək Azərbaycan əleyhinə açıqlamalar yayırlar. Konqresdə Qarabağla bağlı dinləmələrdə səslənən absurd fikirlər buna sübutdur.

Birincisi, sizə kim ixtiyar verib ki, Azərbaycanın tərkib hissəsi ilə bağlı dinləmələr keçirirsiniz?

İkincisi, bu nə dinləmələrdir ki, ancaq bir tərəfin mövqeyi dinlənilir və əsassız şəkildə dəstəklənir?

Dinləmələrdə bir konqresmen və bir ABŞ rəsmisi demədi ki, Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamaları vacibdir, məsələlərin həlli yolu bundan keçir. ABŞ-da yaşayan kimsə və ya hansısa etnik qrup bəyan etsə ki, onlar yerli qanunlarla yaşamaq istəmirlər, orada yaşamağa davam edə bilərlərmi?

Bizim də tələbimizi eynidir:

Azərbaycan ərazisində yaşayan hər kəs Azərbaycan qanunları ilə yaşamalı və Azərbaycan pasportuna malik olmalıdır. Vəssalam! Amerika Birləşmiş Ştatlarının rəsmiləri və konqresmenləri 30 ildə Azərbaycan torpaqlarının işğalı ilə bağlı dinləmələr bir yana, bircə kəlmə də demədilər, Xocalı soyqırımına, şəhər, kənd və qəsəbələrimizin, məscidlərin dağıdılmasına seyrçi qaldılar. İndi də tutublar ki, “Azərbaycan Qarabağda qayda-qanun yaratmamalıdır”.

Maraqlıdır, amerikalı konqresmenlər və rəsmilər eyni sözləri Ukrayna, Moldova və Gürcüstan üçün niyə demirlər? Halbuki Azərbaycanın tərəfdaşı olan bu ölkələrdə də separatçı bölgələr mövcuddur və Vaşinqton bu ölkələrin ərazi bütövlüklərini birmənalı şəkildə dəstəkləyir və bu ölkələrdə separatizmi birmənalı şəkildə pisləyir.

ABŞ Konqresində Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestr bölgələri ilə bağlı dinləmələr keçirmək heç kimin ağlına gəlməz. Ancaq bizə gəldikdə, Qarabağla bağlı “dinləmələr” keçirməyi özlərinə borc bilirlər.

Qarabağ separatizminin bu ölkələrdəki separatizmdən nə fərqi var?”.

Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev səsləndirib.

O, qeyd edib ki, separatizm ümumi bəladır və bu bəlaya münasibət eyni olmalıdır. Buna baxmayaraq, Vaşinqton erməni separatizminə sevgisini gizlədə bilmir və bu, ikili standartların bariz nümunəsidir. Necə olur ki, başda Ukrayna olmaqla, ABŞ Rusiya ilə bütün məsələlərdə əks-fikirdədir, ancaq Qarabağ məsələsində sanki Rusiyanın erməni separatizmini daha çox dəstəkləməsini və bəsləməsini istəyir.

Vaşinqtonda onu da unudurlar ki, onların dəstək göstərdiyi Ukrayna Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığa üstünlük verir. Ukrayna və Azərbaycan bir-birilərinin ərazi bütövlüklərini dəstəkləyir.
Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir, mülki məqsədlər üçün bu ölkəyə yanacağını əsirgəmir, valideynlərini itirmiş ukraynalı uşaqlar mütəmadi olaraq ölkəmizdə dincəlir və psixoloji reabilitasiyadan keçirlər.

Ermənistan Ukrayna üçün bunların heç birini etmədiyi halda Vaşinqton yenə rəsmi İrəvana və Qarabağ separatçılarına simpatiyasını gizlətmir. ABŞ Konqresi Ermənistanla birgə dəfələrlə Qarabağ separatçılarına da maliyyə dəstəyi ayırıb.

Erməni separatçıların təmsilçiləri əvvəlki illərdə ABŞ-da müxtəlif tədbirlərə dəvət olunub, okeanın o tayında “Qarabağa yardım” kampaniyaları təşkil ediblər, separatçıların “bayrağı” Vaşinqton və Los-Anceles şəhərlərində dalğalanıb.

“ABŞ özünü dünyada demokratiyanın beşiyi kimi qələmə verir. Ancaq yaxın tarixdə ABŞ silahlı qüvvələrinin İraqa, Suriyaya və Liviyaya müdaxilələrinin demokratiya ilə yaxından-uzaqdan əlaqəsi olmayıb. Bu bölgələrdə yüz minlərlə insan həlak olub, ölkələr viran qalıb, demokratiya əvəzinə, anarxiya və terror tüğyan edib.
ABŞ Əfqanıstanda guya “Taliban”la savaşırdı, lakin sonda ölkəni və paytaxt Kabili həmin “Taliban”a təhvil verib tələsik bu ölkəni tərk etdi. Belə misalların sayı çoxdur. ABŞ bir çox qitədə, o cümlədən Cənubi Amerika, Afrika və Avrasiyada öz dar maraqları uğrunda mübarizə aparır.

ABŞ keçmiş sovet məkanında da maraqlarını təmin etmək uğrunda “döyüşür”, Soros kimi fırıldaqçıları “qeyri-hökumət təşkilatlarına dəstək” adı altında yeni inqilablara təşviq edirdi.

Bu oyunlar Azərbaycanda baş tutmadı, çünki Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev kənar müdaxilələrə imkan vermədilər, ölkəmiz bölgədə sabitlik adasına çevrildi. Ancaq sakitləşmək olmaz.

LGBT, “NO WAR”çılar, kimi qeyri-milli qüvvələr yenidən meydana çıxarmağa çalışırlar, USAID təşkilatı da əl atından həmin qruplara maliyyə ayırmaqla məşğuldur”, - deyə A.Əliyev qeyd edib.

Vurğulanıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbə qazandıqdan sonra Ermənistana barış əli uzatdı, ərazi bütövlüklərinin qarşılıqlı tanınması ilə sülh sazişinin imzalanmasını təklif etdi.

Ermənistan sülhdən boyun qaçırır. Vaşinqton bölgədə həqiqi sülh və əməkdaşlıq istəyirsə, Ermənistana sülh sazişi ilə bağlı təsirini artırmalıdır. Ancaq ABŞ-dakı dairələr bunun əvəzinə Azərbaycanı hədələmək yolunu tutublar.

ABŞ Dövlət katibi Antoni Blinken Ağdam-Xankəndi yolu ilə Laçın yolunun paralel açılmasını əvvəlcə dəstəklədi, ancaq sonra nə baş verdisə, ancaq Laçın yolunun açılması “vacibliyi”ni səsləndirməyə başladılar.

İndi ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Bononu bölgəyə göndəriblər. Ancaq Dövlət Departamentində onun rəhbəri Yuri Kim Konqresdə Azərbaycanı hədələyən çıxış edibsə, Lui Bononun səfərindən də müsbət nəticə gözləməyə dəyməz.
“Bu siyasətlə ABŞ-ın Fransadan fərqi qalmayacaq. Fransa İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra ermənipərəst mövqeyi ilə vasitəçi statusunu itirib. ABŞ da eyni yolu getməyə davam edəcəksə, Vaşinqton da vasitəçi statusunu itirmək təhlükəsi ilə üzləşəcək.

Bu isə onun Cənubi Qafqazdakı maraqlarının zəifləməsinə yol açacaq. Çünki Cənubi Qafqazın açar dövləti Azərbaycandır və əgər hansısa böyük güc Azərbaycan əleyhinə siyasət yürüdürsə, daxili işlərimizə qarışırsa, həmin dövlətin regionumuzda möhkəmlənmək şansı yoxdur”, - deyə Milli Məclis sədrinin müavini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

End of content

No more pages to load

RADİO