İranlı xizəkçi və 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının yeganə iranlı qadın iştirakçısı Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
Türkiyədə keçirilən beynəlxalq dağ xizək yarışlarında beş Asiya medalı və bir neçə beynəlxalq qızıl medal qazanan Əhmədi yanvarın 28-də verdiyi açıqlamada Almaniyadan sığınacaq istədiyini bildirib.
O, mühacirət səbəbini İranda qadınlara qarşı təzyiqlər, ayri-seçkilik və məcburi hicab qaydaları ilə bağlı olduğunu deyib.
Qeyd edək ki, bundan öncə də, xüsusilə son illər ərzində müxtəlif idman növlərində medallar qazanan İran milli komandasının üzvləri xarici ölkələrə sığınıblar.
İranlı idmançıların başqa ölkələrə sığınması hökumətin idman sahəsinə və çempionlara lazımınca diqqət ayırmaması ilə əlaqədar olsa da, son vaxtlar bu, daha çox ölkədə etirazçılara qarşı repressiyaların artmasından qaynaqlanıb.
Bizim.Media