Böyük Britaniyada sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra quş dəstəsi ilə toqquşub.
Bizim.Media xəbər verir ki, hadisə aprelin 27-də Jet2 aviaşirkətinin Yorkşirdən Yunanıstanın Krit adasına uçan reysində baş verib.
“Mirror” nəşrinin məlumatına görə, təyyarə hündürlük yığmağa başladığı vaxt sərnişinlər güclü partlayış səsi eşidiblər. Bundan sonra salonda “yanmış lələk qoxusu” hiss olunub.
Hadisədən sonra ekipaj uçuşu davam etdirməmək qərarına gəlib. Təyyarə marşrut üzrə yaxın aeroportlardan birinə — Mançester hava limanına yönləndirilib və orada təhlükəsiz eniş edib.
Sərnişinlərdən birinin sözlərinə görə, eniş zamanı təcili yardım briqadaları təyyarəni uçuş-enmə zolağının sonunda qarşılayıblar.
“Onlar mühərriki və şassini yoxladılar. Daha sonra biz təyyarəni tərk etdik və başqa A320-yə mindik. Günortaya yaxın yenidən havada idik”, - deyə sərnişin bildirib.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.
Bizim.Media