Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin Gün.Az-a müsahibəsi:
- Musa müəllim, son günlərin heç şübhəsiz, ən səsli-küylü hadisələrindən biri hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsidir. Sizin buna münasibətinizi bilmək istərdik.
- Biz həm cəmiyyət, həm də müəyyən siyasi və hüquqi müstəvidə fəaliyyət göstərən insanlar olaraq birmənalı qəbul etməliyik ki, Azərbaycan demokratik-hüquqi dövlətdir. Yəni, bu demokratik bir dövlətdir, hüquqi bir dövlətdir və hər bir məsələ hüquq çərçivəsində həyata keçirilir. Biz buna nəyə görə xüsusi reaksiya verməliyik?
Leyla Yunus, yaxud başqa bir vətəndaş həbs olundu, biz bunlara hüquq müstəvisində baxmağı öyrənməliyik. Yəni, hər kəsin öz siyasi marağından çıxış edərək bu məsələyə qiymət verməyi doğru deyil.
“Əgər Leyla Yunus bu dövlət üçün, bu hökumət üçün doğrudan da təhlükəli bir adam olsaydı, yaxud, hökumətin onunla bir qərəzi olsaydı, 25 il gözləməyə ehtiyac yox idi ki”
Leyla Yunus 1988-ci ildən Azərbaycanın ictimai-siyasi mühitində olan bir adamdır. Özü də həm özəl xarakteri, həm özəl, belə demək mümkünsə, özünəməxsus fəaliyyəti ilə seçilən bir insandır və yumşaq desək, bütövlükdə də cəmiyyətin böyük əksəriyyətinin də simpatiyasını qazanmayan bir insan olub. Ancaq onun dövlətlə, dövlətin də onunla bağlı bir problemi olmayıb.
Əgər Leyla Yunus bu dövlət üçün, bu hökumət üçün doğrudan da təhlükəli bir adam olsaydı, yaxud, hökumətin onunla bir qərəzi olsaydı, 25 il gözləməyə ehtiyac yox idi ki? Bu mənada hüquq-mühafizə orqanlarının, görünür, əllərində müəyyən əsaslar var və bu əsaslar ortaya çıxmamış bizim hərəmizin öz təxəyyülümüzü işə salıb məsələyə qiymət verməyimiz doğru deyil.
“...öz-özümüzdən xoflanmağımız, özümüzə inanmamağımız əslində haradasa Azərbaycanın inkişafını istəməyən, ona müəyyən mənada badalaq vurmaq istəyən qüvvələrə də “qarğa məndə qoz var” deməyimizdir”
Bundan başqa, Azərbaycanda gündə onlarla insan müxtəlif cinayətdə ittiham olunaraq həbs edilir, yaxud da ki, onlara müəyyən müddətdə saxlanılmaq üçün məhkəmə qərarı verilir. Bunların hamısına fikir söyləyə bilmərik ki?!
Leyla Yunusu da xüsusi özəlləşdirməyə, xüsusiləşdirməyə ehtiyac yoxdur ki, məhz Leyla Yunus toxunulmaz bir adamdır, yaxud, Azərbaycanın siyasi imicinə Leyla Yunus haqqında müəyyən bir qərarın qəbul olunması müsbət, yaxud mənfi təsir göstərsin. Biz demokratik bir dövlətik, istənilən halda hüquqi addımlar atılmalıdır və hüquqi addımlar da atılır. Buna görə bizim siyasi tərəfdən bu məsələyə qiymət verməyimiz, bu məsələdə belə demək mümkünsə, öz-özümüzdən xoflanmağımız, özümüzə inanmamağımız əslində haradasa Azərbaycanın inkişafını istəməyən, ona müəyyən mənada badalaq vurmaq istəyən qüvvələrə də “qarğa məndə qoz var” deməyimizdir.
“Azərbaycan hökumətinin Leyla Yunusla heç bir problemi yoxdur”
Bu mənada mən bizim bəzi müxalifət liderlərinin də yazılarına, açıqlamalarına baxıram. Onlar da tam əsassız, tam qeyri-obyektiv və belə deyərdim ki, Azərbaycan hüquq-mühafizə orqanlarına qarşı qərəzli mövqedə dayanırlar.
Yenə deyirəm, Azərbaycan hökumətinin Leyla Yunusla heç bir problemi yoxdur. Onun haqqında ola bilsin ki, hüquq-mühafizə orqanlarında müəyyən məlumatlar var və indi o məlumatlar da araşdırılır. Bundan qabaq da, deyək ki, müxtəlif insanlar, radikallıq edən bəzi insanlar həbsdə olublar.
Onlar haqqında da araşdırma aparılıb, sonra həqiqət ortaya çıxıb və yadınızdadırsa, bəzi müxalifətdə olan gəncləri bunlar yoldan çıxartdılar, tökdülər küçələrə müəyyən aksiyalarla, müəyyən qanunları pozdular.
“Onlar hamısı müxalifətin yadından çıxdı...”
Bu insanlar haqqında müəyyən tədbirlər görüləndən sonra onlar hamısı müxalifətin yadından çıxdı. Və o insanların çoxusu da səhvlərini etiraf etdilər, başa düşdülər.
Bəziləri hətta, cənab Prezidentə əfv ərizəsi də yazdı və əfv olundu. İndi onlar oldu müxalifətin gözündə düşmən. Yəni, bu mənada o insanların taleyi ilə də siyasi maraqlarına görə oynamaq doğru deyil.
Hər şeyi buraxmalıyıq hüquq-mühafizə orqanlarının öhdəsinə. Onlar öz qərarını çıxaracaqlar. Bax yenə deyirəm, o qərardan, məhkəmə qərarından kimsə narazı qalacaq, yuxarı məhkəmələrə müraciət edəcək.
Avropa İnsan Haqları Məhkəməsinə qədər Azərbaycan vətəndaşının getmək, öz haqqını tələb etmək hüququ var və bu yolda Azərbaycan hökuməti, Azərbaycan milləti bu təminatı onlara verir. Bu mənada xüsusi Leyla Yunusun saxlanılması ilə bağlı hesab edirəm ki, nə mətbuatın, nə müxtəlif siyasi partiyaların, nə də bəzi beynəlxalq qurumların ajiotaj yaratmağına ehtiyac var.
“O, siyasi fiqur deyil, axı?”
- Leyla Yunusun həbsini siyasi motivli həbs hesab edənlər də var...
- Axı Leyla Yunus hansı müxalifət partiyasının üzvüdür? Yaxud müxalifət lideridir ki, biz bunu siyasi bir aksiya hesab edək? O, siyasi fiqur deyil, axı? Onun nə dəxli var ki? Lap bir də ki, hətta, bir siyasi fiqur olsun.
Onun haqqında müəyyən cinayət materialı varsa, bu araşdırılmalıdır, axı. Bunun nə dəxli var ki? Leyla Yunus bir tərəfdən heç bir siyasi partiyada təmsil olunmur, siyasi iddiaları yoxdur və belə deyək, hakimiyyətlə də Leyla Yunus arasında siyasi rəqabət gedən bir şey yoxdur. Amma bir şəxsdir, bir vətəndaşdır.
Bir də özünün qeydiyyatdan keçməmiş qeyri-hökumət təşkilatını yaradıb, müxtəlif ölkələrdən qrantlar alıb. O qrantların da vergi hesabatları olmalıdır. O qrantların doğruluğu yoxlanılmalıdır.
“Onun fəaliyyətinin hökumətə hansı təhlükə yaratmağından söhbət gedir ki?
Yəni, ortalıqda araşdırılmalı olan müəyyən belə məsələlər var. Amma bunun siyasətə nə dəxli var ki? Yaxud da, onun fəaliyyətinin hökumətə hansı təhlükə yaratmağından söhbət gedir ki?
“Hansı siyasi müxalifətdən və ya müxalifət ovundan söhbət gedə bilər, axı?”
- Müxalifət dairələrində və müxalif mətbuatda belə rəylər də var ki, bu həbsin davamı gələ bilər, gələcək, yəni, siyasi müxalifət “ovu” davam edə bilər, edəcək...
- Axı, hansı siyasi müxalifət? Siyasi müxalifətdə olanlar, daha doğrusu, 11 müxalifət partiyası Azərbaycan parlamentində təmsil olunur. Hansı siyasi müxalifətdən və ya müxalifət ovundan söhbət gedə bilər, axı? İndi tutaq ki, bir nəfər, ya iki nəfər hansısa müəyyən radikalyönümlü partiyalar müəyyən qeyri-qanuni aksiyalar keçirirsə, həmin aksiyalar Azərbaycanın qanunlarına uyğun olaraq yasaqlanırsa, yaxud, həmin yerdə aksiya keçirməyi qadağan olunduğu, onun qanunazidd olduğu onlara bildirilirsə, müəyyən müddətə o insanlar polis tərəfindən saxlanılırsa, bu müxalifət ovu deyil, axı?! Müxalifət ovu odur ki, müxalifət partiyaları bağlana, onların heç birinin fəaliyyət göstərməsinə icazə verilməz, qəzetləri bağlanar, internet saytları bağlanar və onların ikisinin bir yerə toplaşmağına icazə verilməyə... Bu olar müxalifət ovu. Burda müxalifət ovundan söhbət getmir ki?
“Müxalifət deyiləndə əgər tək İsa Qəmbərlə Əli Kərimli nəzərdə tutulursa, mən bu fikirlə razı deyiləm”
- Yeri gəlmişkən, indiki reallıqda iqtidar-müxalifət münasibətlərinin mövcud durumunu necə qiymətləndirirsiniz? Qeyd edək ki, radikal adlandırılanlar mövcud durumdan çox narazıdırlar...
- Müxalifət deyiləndə əgər İsa Qəmbərlə Əli Kərimli nəzərdə tutulursa, mən bu fikirlə razı deyiləm. Azərbaycanın müxalifətini parlamentdə təmsil olunan partiyalar təmsil edir və həmin partiyalar da fəaliyyətlərini azad surətdə, sərbəst surətdə göstərirlər, öz bəyanatlarını verirlər razı qalmadıqları hallarda.
Bu yaxınlarda millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın xarici işlər nazirini çox sərt şəkildə tənqid etdi və onun haqqında Azərbaycanın ən bacarıqsız naziri fikrini söylədi, onun istefa məsələsini qoydu.
Yaxud da, Fazil Mustafa Azərbaycanın müəyyən məsələləri - təhsillə, səhiyyə ilə bağlı olduqca sərt fikirlər ortaya qoydu. Gör Azərbaycan iqtidarı onlara bir söz dedi? İqtidar da tam normal yanaşır bu məsələlərə. Yəni, bu müxalif fikirdir, müxalif partiyasının fikridir.
“Əslində sağlam tənqidi münasibət bəsləyən, qərəzli fikirlər söyləməyən, işin, vəziyyətin yaxşılaşmasına görə təkliflər verən, tənqidləri üzə söyləyən müxalifət bizə lazımdır”
Bu fikirlər də bizim, belə deyək də, Yeni Azərbaycan Partiyası tərəfindən diqqət mərkəzinə alınıb. Əgər orda obyektiv bir fikir, narahatlıq doğura biləcək faktorlar varsa, onları da aradan qaldırmağa çalışır. Əslində sağlam tənqidi münasibət bəsləyən, qərəzli fikirlər söyləməyən, işin, vəziyyətin yaxşılaşmasına görə təkliflər verən, tənqidləri üzə söyləyən müxalifət bizə lazımdır və biz müxalifətin belə tənqidi fikirlərindən hər zaman yararlanırıq. O ki qaldı həmişə deyəsən ki, qatıq qaradır, siz də qara deyin qatığa, bu, olmayacaq, millət qara deyə bilməyəcək.
Gün.Az