Bu gün Şuşanın işğalının 22-ci ildönümdür və Moderator.az bu münasibətlə həmin dövrdə Ali Sovetin sədri və prezident səlahiyyətlərinin icraçısı olan Yaqub Məmmədovdan geniş müsahibə götürüb, onu təqdim edirik:
-Yaqub müəllim, Şuşanın işğalının ildönümlərində Şəhidlər Xiyabanına gedirsinizmi?
-Gedirəm, özü də ya tək, ya da övladlarımla gedirəm.
-Şuşanın işğalında günahınızın olmadığı istintaqda sübuta yetirilsə də mənəvi məsuliyyətinizin olduğunu etiraf edirsiniz hər halda.
-Təbii ki, Şuşanın işğalı bütün həyatım boyu məni ən çox narahat edən bir məsələ olub. Şuşanın işğalı mənə bu günədək ən çox əzab verən bir hadisədir. Aradan keçən 22 il ərzində az qala hər gün bu əzabı yaşamışam ki, Şuşa məhz mənim rəhbərlik etdiyim dövrdə işğal olunub. Özü də bu hadisə niyə mənə çox pis təsir edir? Çünki mən o dövrdə bütün imkanlarımdan istifadə edərək Şuşanın və digər ərazilərimizin qorunması üçün heç nəyi əsirgəməmişəm, var gücümlə bu işğalın qarşısını almağa çalışmışam, heç bir tərəddüd və səhlənkarlıq, məsuliyyətsizlikdən söhbət gedə bilməz. Hətta həmin dövrdə nizami ordu olmayıb və büdcədə kifayət qədər vəsait olmasa da müxtəlif yollara əl ataraq ərazilərimizi qorumaq üçün sialh-sursat almışam. Özü də təkcə Şuşanın müdafiəsini təşkil etmək üçün yox, bütün ərazilərimizin müdafiəsini təşkil etmək bir nömrəli vəzifəm olub. Amma nə nizami ordu var idi, nə vahid komandanlıq, nə kifayət edəcək silah-sursat. Rəhim Qazıyevi də ona görə təyin etmişdim ki, pərakəndə şəkildə dağılmış silahlı birləşmələri bir yerə toplasın. Amma buna nail ola bilmədik, çünki vəziyyət elə idi ki, kimin kim olduğu bilinmirdi və cəbhənin bütün istiqamətlərində qanlı döyüşlər getdiyindən əlisilahlı adamları tərksilah etmək, yaxud onları vahid komandanlığa cəlb etmək mümkünsüz bir şey idi. Bundan başqa münaqişəni siyasi yolla həll etmək və heç olmasa vaxt udmaq, nizami silahlı qüvvələrimizi yaratmaq üçün bizə vasitəçilik təklif edən İranın bu addımını qəbul elədim. Özü də bu danışıqlar məndən qabaq başlamışdı. Mənə də müraciət olundu ki, siz bunu davam etdirmək istəyirsinizmi? Mən də başqa variant olmadığından təklifi qəbul etdim.Qeyd edim ki, həmin dövrdə İran da hədsiz dərəcədə canfəşanlıq edirdi. Hətta biz təklif edirdik ki, bu prosesdə Türkiyə və Rusiya da iştirak etsin, amma bu dövlətlər maraqlı olmadıqlarını göstərirdilər. Hətta Tehran danışıqlarında Rusiyanın xarici işlər naziri Kozırev də iştirak etməliydi, görüşə qatılmağa razılıq da vermişdi. Ancaq görüş günü bəlli oldu ki, o Tehrana gəlməkdən imtina edib. Bəlli idi ki, Rusiya prosesin İranın vasitəçiliyi ilə həllini tapmasında maraqlı deyil.
-Görünür, həmin görüşdən öncə Moskva Şuşanın işğal olunacağını bilirmiş...
-Təbii ki, analiz etdikdə Moskvanın bunu planlaşdırdığını bilmək çətin deyil. Hətta Levon Ter-Petrosyanla Tehranda ikilikdə söhbət edəndə açıq şəkildə bildirdi ki, o Qarabağın Azərbaycanın tərkibində qalmasının tərəfdarıdır, yetər ki, ordakı əhaliyə diqqət artırılsın. Onu da etiraf etdi ki, Dağlıq Qarabağda olan separatçılar və onların havadarları bunu istəmirlər və hər vəchlə müqavimət göstərirlər. Moskvanın adını çəkməkdən imtina etsə də etiraf etdi ki, bu qüvvələr kənardan idarə olunurlar.
-Sənəd imzalanandan sonra xəbər gəldi ki, Şuşaya hücum ediblər, yoxsa görüş başlayanda artıq hücum barədə xəbəriniz vardı?
-Sənəd imzalandı, biz hava limanına gələndə xəbər verdilər ki, ermənilər Şuşaya hücum edib. Dərhal Rəfsəncaniyə xəbər göndərdim ki, mənə belə bir məlumat veriblər, bu nə deməkdir? O da bildirdi ki, bu axı necə ola bilər, danışıqlar indicə qurtarıb, biz məsələnin sülh yoluyla nizamlanması üçün sənəd imzalamışıq. Dedi ki, siz narahat olmayın, indi qayıdıram öz iqamətgahıma, Ter- Petrosyanla əlaqə saxlayaraq məsələni aydınlaşdırıb sizə məlumat verəcəm, ondan təcili tədbir görülməsini tələb edəcəm. Mən qayıdıb Bakıya çatanda hava limanında da dedilər ki, Şuşaya hücum olub, amma güclü döyüşlər getsə də şəhər təslim olmayıb. Gəldim Prezident Aparatına və təkrar Rəfsəncani ilə danışdım. Rəfsəncani dedi ki, Petrosyanla danışmışam, o da deyir ki, mənim bundan xəbərim yoxdur. Mən Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb məlumat istəmişəm. Mənə deyiblər ki, işğaldan söhbət gedə bilməz, ancaq ağır döyüşlər gedir.
-Rəhim Qazıyev dedi bunu?
-Yox, Rəhimi tapmadım, dedilər cəbhə bölgəsinə gedib, əlaqə qurmaq da o vaxt indiki kimi asan deyildi, rabitə çox çətin idi.
-Bəs bu məlumatı kimdən aldınız?
-Baş Qərargah rəisi Şahin Musayevdən. O bildirdi ki, bu məlumatlar tam yalandır və əhali arasında təşviş yaratmaq üçün bu cür məlumatlar yayılır. Bildirdi ki, ağır döyüşlər getsə də Şuşa müdafiə olunur və işğala imkan verilməyəcək. Mənə isə başqa kanallarla məlumat verildi ki, Şuşa işğal olunub və ordu şəhəri qoyub çıxıb. Mən daha dəqiq məlumat almaq üçün çətinliklə də olsa Şuşanın polis, ya da MTN-in rayon şöbəsinin Quliyev soyadlı rəisi ilə danışdım. Ondan vəziyyətin nə yerdə olduğunu soruşdum. Cavab verdi ki, kolxoz bazarı deyilən yerdə və benzinkalonkanın yaxınlığında döyüşlər gedir. O da dedi ki, Şuşada ağır texnika-zad qalmayıb, hamısını çıxarıb aparıblar. Nizami Bəhmənovun rayonda olub-olmadığını soruşdum, dedi ki, harasa getmişdi neçə gün idi ki, amma indi qayıdıb gəlib. Ona tapşırdım ki, onu təcili tapın və mənimlə əlaqə saxlasın. Nizamini tapdılar və o da mənə dedi ki, ağır döyüşlər gedir, ermənilər Şuşanın bir hissəsini ələ keçiriblər, amma şəhər tam işğal olunmayıb. Dedi ki, Xocalı hadisəsindən sonra mülki əhali də panikaya düşüb qaçır, texnikanı da çıxarıb Laçın istiqamətinə aparıblar. Həm də mənə dedi ki, burda bankda 15 milyon pul var, onu neynəyim? Dedim həmin pulu təcili çıxarın, keçirin başqa rayonların bankına, mən Milli Banka bu barədə göstəriş verərəm. Soruşdu ki, kilsədə çoxlu silah-sursat var, onu neynəyək? Dedim ki, çıxarmaq mümkün deyilsə, erməninin əlinə keçməmsi üçün yararsız hala salın. Nizami Bəhmənov da mayın 8-i axşamadək mənə deyib ki, Şuşa hələ də əlimizdədir, biz hal-hazırda Şuşadayıq. Gecə saat 2-də Afiyəddin Cəlilov mənə zəng edib ki, Yaqub müəllim, nə qədər ağır olsa da mənə gələn məlumatı deməliyəm, Şuşa işğal olunub. Təcili olaraq Müdafiə Şurasının iclasını çağırmışam, Rəhim Qazıyev gəlib çıxmayıb, yenə də Şahin Musayev çıxış edib deyib ki, Şuşanın işğal olunmasıyla bağlı informasiyalar yalandır, bunu qəsdən yayıb çaxnaşma yaratmaq istəyirlər.
-Baş Qərargah rəisinin dünyadan xəbəri yoxmuş demək...
-Bəli, nə qədər ağır olsa da bu belə idi.
-Bəs Rəhim Qazıyev harda idi?
-Gecə birtəhər Rəhim Qazıyevi tapmışam, o da mənə deyib ki, yalan deyirlər, Şuşa bizim əlimizdədir. Dedi ki, mən bu dəqiqə Yevlaxa gedirəm və ordan da Ağdama gedəcəm, sizə də dəqiq məlumat verəcəm. O bunu deyəndə gecə saat 4 olardı. Dedim onda gəl Yevlaxa, bir yerdə gedək Ağdama. Ona açıqca dedim ki, artıq sənə də inanmıram, çünki hərə bir söz deyir. O dedi ki, siz Bakıda olun, bəlkə dövlət başçısı kimi bir fövqəladə tədbir görmək lazım oldu və xarici dövlət başçılarına müraciət etmək zərurəti yarandı. Bildirdi ki, təyyarə ilə gedirəm və bir saatdan sonra sizə əlavə məlumat verəcəm. Mən saat 5-də özüm təyyarəylə Yevlaxa getdim. Mənə Şahin Musayev deyirdi ki, bizim vertolyotları, təyyarələri qaldırmışıq, gedib erməni mövqelərini bombardman edirlər. Getdim gördüm ki, vertolyotlar da orda, təyyarələr də, heç birini qaldırmayıblar havaya. Mən dərhal çağırıb məlumat aldım ki, axı mənə ayrı şey deyib Baş Qərargah rəsi. Dedilər Yaqub müəllim, heç bir tapşırıq almamışıq. Rəhimi soruşdum. Dedilər burda idi, ancaq Ağdama getdi. Getdim Ağdama, dedilər Rəhim Qazıyev bura gəlməyib. Araşdırdım, məlum oldu ki, Rəhim Qazıyev gedib Gəncəyə. Zəng elədim Gəncəyə. Dedim Rəhim Qazıyevə deyin mən gəlirəm Gəncəyə, mən gələnə qədər heç yerə getməsin, məni gözləsin. Gəlib Ağdamda müşavirə keçirdim, bütün batalyon komandirlərini topladım ora. Müşavirə başa çatandan sonra gəlib mənə dedilər ki, bir nəfər sizinlə görüşmək istəyir, Şuşanı ən son tərk edənlərdən biri olub, onu qəbul elə.Onu qəbul edib dinlədim. Dedi ki, hətta may ayının 4-dən etibarən ağır texnikanı və canlı qüvvənin əksər hissəsini Şuşadan çıxarıb aparmışdılar. Dedi ki, ermənilər çox güclü qüvvə ilə hücuma keçmişdilər, amma Şuşanı yenə də qorumaq mümkün idi, sadəcə bilin ki, şəhər xəyanət nəticəsində işğal edildi.
-Kimin adı daha çox çəkilirdi?
-O vaxt Rəhim Qazıyevin adını çəkən yox idi. Hamı Elburus Orucovun adını çəkirdi ki, komandir o idi, texnikanı və canlı qüvvəni məhz o çıxarıb Şuşanı köməksiz qoyub. Orucov da istintaqda dedi ki, batalyonların heç biri mənə tabe olmurdular, hərə öz bildiyin edirdi.
-Maraqlıdır, Şuşanın işğalından sonra Rəhim Qazıyev da haqsız yerə xalq düşməni elan edilir, Yaqub Məmmədova da olmazın şər-böhtanın yağdırırlar, amma Elburus Orucov general rütbəsində hələ də xidmət edir...
-Elburus Orucov sonralar hətta müdafiə nazirinin müavini də oldu və Gürcüstanda hərbi attaşe idi, deyəsən indi də Özbəkistanda hərbi attaşedir. Bu hələ harasıdır? Sonradan Nizami Bəhmənov da, Şuşanın hərbi komendantı Vahid Bayramov da vəzifə aldılar.
-Hər şeyi, rəsmiyyəti-filanı bir kənara qoyaq, Rəfsəncaniyə demədiniz ki, bu nə deməkdir, belə də şərəfsizlik olarmı? Əslində ermənilər Şuşanı işğal etməklə həm də İranın beynəlxalq nüfuzuna əbədi sarsılmaz zərbə vurmuş oldular və bu ölkənin etibarını beş qəpiklik etdilər...
-Aramızda çox kəskin söhbət oldu və o da çox bərk hirslənmişdi və dedi ki, bütün dünyanı ayağa qaldıracam. Ermənilər niyə belə bir kobud səhv etdilər, bunun hesabını soracağıq. Mən sonra Buşa, Yeltsinə və Dəmirələ də zəng edib etirazımı bildirdim, ermənilərə qarşı sərt tədbirlər görülməsini tələb etdim.
-Nə cavab verdilər?
-Rusiya dedi ki, biz bu işə qarışmırıq. Süleyman Dəmirəl də dedi ki, biz ancaq siyasi dəstək verə bilərik. Buş da dedi ki, biz tədbir görəcəyik.
-İran hökuməti heç olmasa bəyanat verib bunu işğal adlandırdımı?
-Tehran bəyanat da verdi və Petrosyanı da qınadı. Amma Petrosyan da and-aman etmişdi ki, onun bu hücum planından xəbəri olmayıb.
-Yaqub müəllim, 8 may faciəsi, yəni Şuşanın işğalı baş verməsəydi, 14-15 may hadisələri yenədəmi baş verəcəkdi?
-Bu suala birmənalı cavab verə bilmərəm. Amma doğrudan da Şuşanın işğalı yeni situasiya yaratdı və kəmfürsətlərə əlavə bəhanə verdi.
-Təbii ki, siz istəməsəydiniz sessiyanın keçirilməsinə mane ola bilərdiniz...
-Tam səmimi deyirəm, mən qəti şəkildə həmin sessiyanın keçirilməsinin əleyhinə olmuşam. Amma onu da etiraf edim ki, elə bir vəziyyət yaranmışdı ki, mənim bəylərə gücüm çatmırdı və bir yandan da o piketçilər Milli Şuranın fəaliyyətini iflic etmişdi. Milli Şura da sessiya çağrılmasıyla bağlı qərar vermişdi. Yəni bu mənim yox, Milli Şuranın qərarı idi. Hacı Əbdülün piketçiləri imkan vermirdilər işləməyə, onlar da deyirdilər ki, sessiya çağırılsın və bu məsələ birdəfəlik həll olunsun.
-Hansı məntiqlə Milli Şura sessiya çağırıb Ayaz Mütəllibova yenidən prezident kürsüsünə çağırırdılar?
-O vaxt mən milli təhlükəsizlik naziri İlhüseyn Hüseynovu çağırıb dedim ki, bu sessiyanı çağırmaq istəyənlərin əsas məqsədi nədir? Cavab verdi ki, onda olan məlumata görə Ayaz Mütəllibovu yenidən hakimiyyətə qaytarmaq istəyirlər. Mən İlhüseyn müəllimə dedim ki, siz ağsaqqal adamsınız, Mütəllibovla da münasibətiniz yaxşıdır, gedin onu başa salın ki, bu fikrindən daşınsın, ölkə ağır vəziyyətdədir, gərginliyi daha da artırmasın, vəziyyət nəzarətdən çıxa bilər. Söz verdi ki, gedib danışacaq. İlhüseyn Hüseynov bunu öz kitabında da yazıb. Səhərisi gün gəlib dedi ki, Yaqub müəllim, gedib onunla danışdım, o əl çəkənə oxşamır, elə deyir ki, bütün xalq, eyni zamanda deputatların çoxu qayıtmağımı istəyir. Ayaz Mütəllibov deyir Xocalı deputat istintaq komissiyasına ifadə vermişəm və heç bir günahım olmadan məni qanunsuz olaraq prezidentlikdən kənarlaşdırıblar. Dedim siz onu başa salmadınız ki, bu mümkün olan məsələ deyil və bəylər onu işləməyə qoymayacaqlar? Dedi yaxşı olar ki, onu özünüz dəvət edib ətraflı başa salasınız. Ona görə də may ayının 12-də, sessiyadan 2 gün öncə Ayaz Mütəllibova zəng edib Prezident Aparatına dəvət elədim...
Ardı var...