BAXCP sədr müavini Bünyamin Qəmbərli ilə şair-publisist
Heydər Oğuzun ənənəvi debatının bugünkü mövzusu Cənubi Azərbaycan məsələsidir. Moderator.az həmsöhbətlərin görüşlərini təqdim edir:
-Son zamanlar İranda milli azadlıqların
verilməsinə hazırlıq istiqamətində müəyyən çalışmaların ortaya çıxdığını
görürük. İran prezidenti Həsən Ruhaninin konstitusiyanın 15-ci maddəsinə uyğun
olaraq, milli məktəb və mətbu orqanların açılacağını bildirməsi də bunun ən
bariz örnəyidir. Bu hadisələri necə qiymətləndirirsiniz?
Bünyamin
Qəmbərli: - Sizin sualınızdan belə anladım ki,
siz İranda milli azlıqlara dırnaqarası olsa da müəyyən hüquqların, sizin
deyiminizlə, azadlıqların veriləcəyinə inanırsız. Öncədən deyim ki, milli
azlıqlara azadlığın verilməsindən yox, olsa-olsa müəyyən hüquqların verilməsindən
söhbət gedə bilər ki, mən bunun olacağına qətiyyən inanmıram. Mənim düşündüyümə
görə, bu bir neçə səbəbdən mümkün deyil. Birinci ona görə mümkün deyil ki, türklərin
məhvi məqsədi ilə böyük güclərin dəstəyi ilə yaradılan İranın quruluş təməlini
təşkil edən fars şovinizmi buna imkan verməz, verə bilməz. Çünki bu fars
şovinizminin təməl və fəaliyyət prinsiplərini çürüdər. İkinci ona görə mümkün
deyil ki, İranın azsaylı xalqlar üzərində manqurtlaşdırma, asimliyasiya siyasəti
üçün yüzlərlə sistem tarixçi, dilçi, etnoqraf, sosioloq və s. alimlərinə on illərlə
xərclədiyi vəsait və bu alimlərin yoxdan var etdiyi, yaxud təhrif edərək ortaya
çıxardığı çalışmaları əhəmiyyətini itirər. Üçüncüsü, bu, İranın imperiya siyasətinə
ziddir. Əgər İran hakimiyyəti azsaylı xalqlara hüquqlar verərsə bu İranın yaxın
gələcəkdə parçalanması, ya da federallaşması ilə nəticələnər ki, bunu da İranın
siyasi rəhbərliyi çox yaxşı bilir. İran fars şovinizminin əsarəti altındakı
milli azlıqlara hüquqlar verməsi bir yana dursun, hətta dünya birliyinin
tamhüquqlu üzvü olan bir çox millətin belə hüquqlarını məhdudlaşdırmağa, öz
iradəsi və idarəetməsi altına almağa çalışır. İndi gələk Həsən Ruhaninin sözlərinə.
Yenə bir neçə məsələni qeyd etməyə məcburam. Birinci, İranda siyasi hakimiyyət
prezidentin yox, ali dini rəhbərin səlahiyyətindədir. İkinci, İranda ali dini rəhbərin istəmədiyi,
yaxud rejimə zərər verə biləcək hər hansı qərar, qanun, hərəkət ya da islahat
mümkün deyil. Bunun nə demək olduğunu anlamaq üçün hələ İslam inqilabının
möhkəmlənmədiyi dövrdə 1980-ci ildə Xomeyninin razılaşmadığı üçün cəmi bir il
hakimiyyətdə qala bilən İranın ilk prezidenti Bənisədri yada salmaq yetərlidi.
Üçüncü də, İranın bütün prezidentlərinin seçki qabağı bu variantdan istifadə
edərək milli azlıqları aldatması bir ənənə halını alıb. Həsən Ruhani də 2013-cü
ildə seçkiqabağı bu variantdan istifadə edərək milli azlıqlara söz vermişdi.
Amma aradan keçən bu üç il ərzində göründüyü kimi nəinki heç bir iş görməmiş,
əksinə milli haqlarını tələb edən yüzlərlə Azərbaycan türkü həbsə atılmış,
onlarla soydaşımız edam edilmişdir. İndi Həsən Ruhaninin son vaxtlar elədiyi bu
aldadıcı manevirinə inanmaq İranın Azərbaycana dost olmasına, yaxud
Azərbaycanla birlikdə Ermənistana qarşı mübarizə aparmasına inanmaq qədər böyük
sadəlöhvlükdür. Siz baxın ki, bütün günü ara vermədən dindən, işlamdan,
şiəlikdən danışan İran dövləti, İran hakimiyyəti müsəlman - şiə Azərbaycan
türklərinin qanına susamış, dininə, məscidlərinə təcavüz etmiş, torpaqlarını
işğal etmiş Ermənistanı hər baxımdan bəsləyir, bağımsız Azərbaycan dövlətinin
aradan qalxması, məğlub olması üçün Ermənistana açıq-açığına hər cür yardım
edir, Ermənistanı özünün strateji müttəfiqi sayır. Bir daha bildirirəm ki, bizə
qarşı bu cür düşmən mövqedə olan bir rejimin güneydəki soydaşlarımızın
haqlarını tanıyacağına inanmıram. Bu sadəcə İranda president seçkilərinin
yaxınlaşması ilə bağlı Həsən Ruhaninin yeni bir manevridi.
Heydər Oğuz: - Açığı, mən bu məsələdə Bünyamin bəydən
bir qədər fərqli düşünürəm. O fikirlə razıyam ki, İranın indi yürütdüyü siyasət
Azərbaycan türklüyünün əsarəti, məhvi üzərində qurulub. 1925-ci ildə qurulmuş
Pəhləvi hakimiyyəti dövründə əsası qoyulan bu siyasət zaman-zaman beynəlxalq
güc mərkəzləri tərəfindən dəstəklənmiş və dünya nizamının balansını dəyişdirə
biləcək Türk Birliyinin qarşısı alınmışdır. Bununla belə, tarixin axarını
dəyişdirmək hansısa güc mərkəzlərindən
asılı deyil. Zaman irəlilədikcə ortaya çıxan bir çox proseslər dünyanın yenidən
nizamlanmasında mühüm rol oynayır və hesab edirəm ki, artıq o tarixi keçid
mərhələlərindən biri yaxınlaşır. Bu mərhələ türk milli kimliyinin ortaya
çıxması, türk siyasi iradəsinin
formalaşması dövrüdür. Bünyamin bəyin təbirincə desək, artıq fars şovinizmi və
onun beynəlxalq havadarları istəsələr belə, bu oyanışın qarşısını ala
bilməzlər. Kommunikasiya əlaqələrinin inkişafı, virtual xəbərləşmə imkanlarının
genişlənməsi, İran ətrafında meydana gələn türk dövlətləri və mədəni əlaqələrin
təsiredici qüdrətinin artması rəsmi Tehranı da müəyyən addımlar atmaq
məcburiyyətində qoyur. Əks halda İran əhalisi üzərində xaricdən, özəlliklə
Türkiyə və Şimali Azərbaycandan yayınlanan proqramlar daha ciddi təsir gücünə
malik olar, ictimai şüurun dəyişilməsində müstəsna rol oynayar. İstənilən
dövlətin çöküşü məhz yeni ictimai təfəkkürün formalaşmasından başlayır. İran da
özünü çöküşdən qorumaq istəyirsə, bu cür islahatlara getməli, digər xalqlara və
etnik qruplara milli haqlar verməlidir. Əks halda İranın da aqibəti İraqdan,
Suriyadan fərqlənməz. Digər tərəfdən bu cür milli haqların verilməsi İranın
mövcud rejiminin prinsiplərinə də yad deyil. Həsən Ruhaninin Konstitusiyanın
15-ci maddəsinə əsaslanaraq, milli məktəblər və mətbu orqanlar açmağı
planlaşdırması xəbəri də Tehranın hələ Xomeyni dövründən milli azadlıqları
rəsmən tanımasını göstərir. İslam inqilabından sonra baş verən İraqla müharibə,
ardınca quruculuq fəaliyyətləri və tez-tez İranın əleyhinə dəyişilən beynəlxalq
vəziyyətlər bu addımın atılmasının qarşısını almışdır. Təbii ki, İranda hakim
olan fars şovinizmi də bu fürsətdən yetərincə faydalanmışdır. Amma bu
faydalanmalar dünyadan təcrid olunmuş halda mümkün idi. Hazırda isə İran
yenidən dünya ilə inteqrasiya prosesini gücləndirir. İstər-istəməz öz
daxilindəki vəziyyəti də buna uyğunlaşdırmalıdır. Əks halda sıxılmış qaz
effekti ilə partlayışa məruz qala bilər. Hesab edirəm ki, Azərbaycan və Türkiyə
Tehranın atdığı bu addımı düzgün qiymətləndirməli, prosesə bacardıqları qədər
konstruktiv dəstək verməlidir.
-Cənubi Azərbaycan
məsələsi bizim siyasətimizin də ən önəmli maddələrindən biri olub. Hətta
zaman-zaman bu məsələnin müzakirəsi iki dövlət arasında münasibətləri də
gərginləşdirib. Sizin Cənub məsələsinə baxışınızı öyrənmək maraqlı olardı.
Bünyamin Qəmbərli: - Mən qəti şəkildə bu
fuikirdəyəm ki, Güney Azərbaycan məsələsi dünya düzənini çox ciddi şəkildə
dəyişdirəcək bir məsələdi. Belə ki, Güney Azərbaycanın bağımsızlıq əldə etməsi
yaxud da Azərbaycanın bütövləşməsi sadəcə İranın parçalanması, yaxud da bölgədə
yeni bir hər baxımdan böyük potensiala malik Azərbaycan dövlətinin formalaşması
demək deyil. Güney Azərbaycan məsələsi güc dəngələrini ciddi şəkildə dəyişəcək,
Türk birliyinin də, İslam birliyinin də, Qafqazın da, Rusiyanın da vəziyyətinə,
Amerikanın və Avropanın bölgədəki mövqeyinə, münasibətlərinə çox ciddi təsir
edəcək bir məsələdir. Güney Azərbaycan məsələsi bu qədər önəmli olduğuna
görədir ki bütün güclər, bütün tərəflər buna çox həssas yanaşır.
Düşmənlərimizin mövqeyi başa düşülən olsa da dostlarımızın, xüsusi ilə
Türkiyənin Güney Azərbaycan məsələsindəki mövqeyi heç cür qəbul edilən deyil. Çox
acıdır ki, Fələstin üçün İsraillə və dünyanı idarə edən böyük güclərlə,
Suriyada perspektivsiz maraqları üçün Rusiya və digər böyük güclərlə düşmənə
çevrilən Türkiyə Güney Azərbaycan məsələsində susmağa, İranın Azərbaycan
türklərinə qarşı assimliyasiya siyasətinə kor və kar olmağ üstünlük verir,
Azərbaycan türklərinin bağımsızlıq savaşına qorxaqcasına laqeydlik, yaxud da
qısqanclıq göstərir. Güney Azərbaycan məsələsi ilə bağlı Azərbaycan hakimiyyətinin
siyasətinə, ya da mövqeyinə gəlincə deyə bilərəm ki mən bu gün belə bir
siyasətin olduğunu görmürəm. Azərbaycan hakimiyyətinin mövqeyi sanki yad bir
ulusa yad bir dövlətin yanaşmasıdır. Siz baxın ki, İran bir cəsus dindarına
münasibətə görə Azərbaycan hakimiyyətinə hər cür basqı elədiyi halda,
Azərbaycan hakimiyyəti bir çox məsələdə, o cümlədən İranın Ermənistana dəstəyi
məsələsində 40 milyona yaxın soydaşımızın gücündən yararlana bilmir. Yaxud da
Güney Azərbaycandakı soydaşlarımızın hüquq və azadlıqları məsələsinə, onların
apardığı bağımsızlıq savaşına Azərbaycan hakimiyyətinin heç bir münasibət
bildirməməsi, eyni zamanda bütün bunlara
münasibət bildirən ictimai və siyasi təşkilatlara, ayrı-ayrı şəxslərə qarşı
mövqeyi hakimiyyətin Güney Azərbaycanla bağlı siyasətinin yoxluğundan xəbər
verir. Mən düşünürəm ki, Azərbaycan hakimiyyəti Güney Azərbaycanla bağlı doğru
dürüst siyasət yeritsə bu bölgədəki bir çox proseslərin gedişinə ciddi təsir edər,
bir çox məsələdə, o cümlədən Qarabağ məsələsində hakimiyyətin əlini
gücləndirər.
Heydər Oğuz: - Məncə, bizdə Cənubi
Azərbaycan məsələsinin ortaya qoyuluş forması doğru deyil. Tarix boyu indiki
İran ərazisinin yalnız bir hissəsi deyil, bütövü bizə aid olub. Biz əsrlər boyu
o torpaqlarda yaşayan farslarla, kürdlərlə, digər xalqlarla eyni taleyi
bölüşdürüb, eyni mədəniyyət bulağından su içmişik. Aramızdakı bu bağlar bizi
bir-birimizə möhkəm tellərlə bağlayıb. Bu gün fars şovinizminin yaratdığı
situasiyadan fərqli olaraq, türk şahlarının iradəsi və idarəsi altında yaşayan
İranda hər bir etnik qrupun öz təməl haqları var idi. Təsadüfi deyil ki, farsca
bu şahlar və xaqanlara, elbəyilərə yad dil olmasına baxmayaraq, onlar tərəfindən
qorunub, zəngin ədəbiyyat formalaşdırılıb. Başqa xalqlara, millətlərə özünün
bir parçası kimi baxan türk böyüklüyünün ən bariz nümunəsidir bu. Nə yazıq ki,
ötən əsrin 25-ci ilindən sonra babalarımızın bu xeyirxahlığı bizim öz əleyhimizə
çevrildi. Fars şovinizminə əsaslanan Pəhləvi rejimi İranın bu çoxrəngli mozaika
içərisində vahidliyini monotonlaşdırma siyasəti apardı və bu da əslində
minillik tarixi ənənələrə zidd idi. Odur ki, Pəhləvi rejimi mövcud olduğu
müddət ərzində həmişə aşağıların təpkisiylə qarşılandı və sonunda məhvə uğradı.
Hesab edirəm ki, İran yenidən öz ənənəvi xarakterinə qayıdacaq və yalnız bizim
deyil, həm də bütün Türk dünyası arasındakı körpü olacaq. Açığı, mən İranın
parçalanmasının, Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsini də bu
corafiyanın tarixi ənənəsinə zidd hesab edirəm. Elə bu ziddiyyətdən dolayıdır
ki, İranın parçalanması fikri bir çox cavabsız suallarla doludur. Məsələn,
Tehranda və bizim fars ərazisi hesab etdiyimiz yerlərdə milyonlarla Azərbaycan
türkü yaşayır. Parçalandıqdan sonra onların taleyi necə olacaq? Yaxud qarışıq
ailələr məsələsini necə həll edəcəyik? Onlar hansı dövlətin vətəndaşları
olmalıdır? Bir də problemin bütövlük içərisində bərabərhüquqlu tərzdə, hər
kəsin bir-birinə hörmət və mehriban
şəkildə yaşamaq alternativi olduğu halda, İran xalqı niyə bütövlüyü yox,
parçalanmağı seçməlidir? Zənnimcə, İrandakı bütün problemlərin kökündə
demokratik, dünyəvi dövlətçilik üsul-idarəsinin yoxluğu dayanır. Bəlkə də bu
fikir hazırda ölkəmizdəki türkçülük ideyasının daşıyıcıları üçün qəbuledilməz
kimi görünəcək. Amma Məmməd Əmin Rəsulzadənin 1915-ci ildə qələmə aldığı bir
məqaləsində də qeyd edilirdi ki, Cənubi Azərbaycan türklərinin bizdən fərqli
tərəfi bizim siyasi, onların mədəni hüquqlarının olmamasındadır. Yəni onların
bu hüququ təmin olunarsa, İranın əsl sahiblərinə çevrilərlər. Sözsüz ki, Cənub qardaşlarımızın həmin
problemlərinin öz həllini tapmasında bizim də üzərimizə çox böyük məsuliyyətlər
düşür. Başlıca məsuliyyətimiz öz ölkəmizdə İran vətəndaşları üçün örnək ala
biləcəkləri dövlət modeli qurmaqdır. Biz Cənubi Azərbaycan xalqına
arzuladığımız dövlətçilik modelini ilk növbədə özümüzdə qurmalıyıq ki, cənublu
qardaşlarımız da bənzər bir dövlətin vətəndaşları olmağa can atsınlar. Nə yazıq
ki, Azərbaycan siyasi sistemi nəinki İran xalqına örnək təşkil edəcək
xarakterdə deyil, əksinə bu gedişlə İran bizim üçün model dövlətə çevrilə bilər.
Məncə, ölkəmizin siyasi iradəsi bu haqda ciddi düşünməlidir.