Baku TV-nin qaynar xəttinə Suraxanı rayonunun Hövsan qəsəbəsində, "Beton zavod" deyilən ərazidə yerləşən qəbiristanlığın vəziyyəti ilə bağlı müraciət daxil olub.
Bizim.Media xəbər verir ki, vətəndaşlar qəbiristanlıqda uzun müddətdir təmizlik işlərinin aparılmadığını, qəbirlərin ətrafını alaq otlarının basdığını bildirirlər.
Çəkiliş zamanı ərazidə bir sıra qəbirlərin ətrafında hündür və quru otların olduğu, bəzi yerlərdə isə alaq otlarının qəbir daşlarına qədər yayıldığı müşahidə olunub.
Şikayətçilərin sözlərinə görə, ərazidəki işçilər qəbirlərin yanındakı otları təmizləmək üçün onları yandırıblar.
İddia olunur ki, nəticədə yaranan alov bəzi qəbirlərə ciddi zərər vurub. Vətəndaşlar həmçinin qeyd ediblər ki, qəbiristanlıqdakı bulaqdan təxminən iki ildir su gəlmir. Onlar bildirirlər ki, suyun olmaması qəbirlərin ətrafının təmizlənməsini də çətinləşdirir.
Qəbiristanlıqla bağlı səsləndirilən digər iddia isə oğurluq hallarıdır. Şikayətçilər bəzi qəbirlərin üzərindən güldan və digər əşyaların götürüldüyünü bildirirlər.
Bizim.Media